Ötən həftə Azərbaycan iqtisadiyyatında baş verən bir sıra mühüm tendensiyalar və göstəricilərlə yadda qaldı. Dövlət büdcəsi daxilolmaları, enerji bazarlarındakı dəyişmələr, xarici ticarət əlaqələri və iqtisadi artımla bağlı proqnozlar ölkənin iqtisadi gündəmini formalaşdırdı.
Həftənin birinci üç günü neft-qaz sənayesində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının müzakirəsi ilə diqqət mərkəzində yer alıb. "Bakı-Ekspo" Mərkəzi növbəti dəfə dünyanın enerji sənayesinin diqqət mərkəzinə çevrilərək qapılarını ziyarətçilərin üzünə açıb. İyunun 1-dən fəaliyyətə başlayan 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas") və 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi ("Caspian Power") keçmişin uğurlarını, bu günün gücünü və sabahın potensialını eyni platformada birləşdirən mühüm beynəlxalq tədbir kimi diqqət çəkib. Üç gün ərzində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri, aparıcı şirkətləri və sahə mütəxəssislərini bir araya gətirən bu mötəbər platformada enerji sektorunun ümdə məsələləri müzakirə olunub, yeni əməkdaşlıqların əsası qoyulub.
* * *
Enerji sektoru ilə yanaşı, rəqəmsallaşma və informasiya təhlükəsizliyi istiqamətində də mühüm müzakirələr aparılıb. Fakt: Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib. Forumda kibertəhlükəsizliyin gücləndirilməsi, süni intellektin tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və insan kapitalının inkişafı kimi məsələlər ön plana çıxıb. Müzakirələr göstərib ki, rəqəmsal təhlükəsizlik iqtisadiyyatın dayanıqlı inkişafının əsas şərtlərindən biri kimi əhəmiyyətini artırmaqdadır.
Tədbidə dövlət qurumları, özəl sektor və akademik dairələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürülüb. Rəqəmsal transformasiya prosesinin sürətlənməsi fonunda kritik informasiya infrastrukturunun qorunması və innovativ texnologiyaların təhlükəsiz tətbiqi məsələləri xüsusi diqqət mərkəzində olub. Bu istiqamətdə aparılan müzakirələr Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
* * *
Rəqəmsal transformasiya ilə yanaşı, nəqliyyat və logistika sahəsində də regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İyunun 3-də "TransLogistica Caspian" beynəlxalq sərgisi çərçivəsində 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu "Radisson Hotel Baku"da keçirilib.Beynəlxalq forumda logistika zəncirlərinin rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqi və tranzit marşrutlarının inkişaf perspektivləri müzakirə olunub.
Tədbirdə Orta dəhlizin əhəmiyyəti, regionun tranzit potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas mövzular sırasında yer alıb. Yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən müzakirələr Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağı kimi mövqeyinin daha çox gücləndirilməsinə xidmət edən təşəbbüsləri ön plana çıxarıb.
* * *
Ötən həftə neftdənkənar sahənin də müxtəlif istiqamətlərində fəallıq müşahidə olunub. Bu mənada iyunun 4-də Bakıda keçirilən "Azerbaijan Jewelry Show" sərgisinin adını çəkə bilərik. Beynəlxalq zərgərlik sərgisi qiymətli metallar və daşlar bazarında əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və yerli istehsalçıların məhsullarının tanıdılması baxımından diqqət çəkib.
Tədbirdə müxtəlif ölkələrdən şirkətlər iştirak edərək zərgərlik məmulatları, qiymətli daşlar və sənaye avadanlıqlarını nümayiş etdiriblər. Sərgi həm yerli zərgərlik sənətinin təbliği, həm də bu sahədə ixrac potensialının artırılması və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma kimi qiymətləndirilib.
* * *
Biznes və ticarət əlaqələrinin genişləndirilməsi ilə yanaşı, ötən həftə regional maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində də mühüm tədbirlər keçirilib. Bakı "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi Banklarının Şurası"nın növbəti toplantısına evsahibliyi edib.
Görüşdə maliyyə sabitliyinin möhkəmləndirilməsi, mərkəzi banklar arasında əməkdaşlığın genişləndirilməsi və daha inteqrasiya olunmuş maliyyə ekosisteminin formalaşdırılması məsələləri müzakirə edilib. İştirakçılar regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və innovativ maliyyə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıblar.
* * *
Həftəsonu Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Günü maraqlı və gərəkli müzakirələr, eləcə də bir sıra təklif və təşəbbüslərlə yadda qalıb. Tədbirdə qlobal iqlim dəyişiklikləri, bərpaolunan enerji keçidi və ekoloji bərpa məsələləri əsas müzakirə mövzusu olub. Azərbaycan tərəfi "yaşıl enerji" siyasəti və işğaldan azad edilmiş ərazilərdə aparılan ekoloji bərpa işlərini diqqətə çatdırıb.
BMT rəsmiləri isə iqlim böhranının dərinləşdiyini, emissiyaların azaldılmasının və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Ümumilikdə tədbir dünya ölkələrinin ekoloji problemlərə qarşı birgə fəaliyyətinə çağırış kimi yadda qalıb.
* * *
Arxada qoyduğumuz 7 günün diqqətçəkən iqtisadi və regional xəbərlərindən biri də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının ixracı olub. Məlumata görə, Azərbaycandan Ermənistana 42 vaqondan ibarət, ümumilikdə 2475 ton dizel yanacağı göndərilib. Bundan əvvəl də ölkədən Ermənistana müxtəlif neft məhsullarının ixracı həyata keçirilib.
Paralel olaraq Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə buğda, arpa və gübrə daşınması da davam edib. Ümumilikdə minlərlə ton taxıl və digər məhsullar ölkə ərazisindən keçməklə Ermənistana çatdırılıb.
Rəsmi rəqəmlər göstərir ki, həm ixrac, həm də tranzit daşımalar son dövrdə artmaqda davam edir və regionda nəqliyyat əlaqələrinin genişləndiyini nümayiş etdirir.
Züleyxa ƏLİYEVA,
"Azərbycan"