28 Sentyabr 2022 01:26
1053
SİYASƏT
A- A+

İnformasiya savaşının qalibi

 

XX əsrin ikinci yarısından başlayaraq informasiya müharibəsi dövlətlər arasındakı siyasi və hərbi çəkişmələrin əsas vasitələrindən birinə çevrilib.  Bu müharibədə bir güc kimi özünü göstərən informasiya həm silah, həm də məqsəddir.  Azərbaycan uzun illər obyektiv səbəblərdən informasiya mübarizəsində geri qalmışdı. Elə bu səbəbdən də ermənilər onilliklər ərzində öz saxta iddialarını beynəlxalq ictimaiyyətə sırıyıblar.

 

Ermənilər dünyanı öz yalanlarına əvvəlki kimi inandıra bilmirlər

 

Artıq dövr dəyişib və informasiyanın bir silah kimi özünün daha qabarıq göstərdiyi bir zamanda Azərbaycan dövləti bu vasitədən daha effektiv şəkildə yararlanmaqdadır.  Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında getdi. Və hərb meydanında Ermənistanı darmadağın edən respublikamız informasiya cəbhəsində də qalib oldu. 
O da faktdır ki, respublikamızın informasiya savaşındakı uğurları hələ Vətən müharibəsindən öncə başlamışdı. Artıq həllini tapmış Qarabağ probleminin tarixi və hüquqi aspektlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə Prezident İlham Əliyevin hələ illər əvvəl başlatdığı məqsədyönlü işlər, hücum diplomatiyası, o cümlədən Heydər Əliyev Fondunun layihələri informasiya savaşında mövqelərimizi möhkəmləndirmiş, saxta erməni iddialarının qarşısına sipər çəkmişdi. Dünyanın bir sıra ölkələrində və ABŞ-ın bəzi ərazilərində Xocalı soyqırımının rəsmi tanınması da informasiya mübarizəsindəki üstünlüyümüzün nəticəsidir.
2016-cı ilin Aprel döyüşləri, eləcə də Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat zamanı da heç bir dövlət və təşkilat işğalçını müdafiə edən fikir səsləndirmədi. Eləcə də həmin hadisələr zamanı dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin hay-həşirlərini də eşitmək istəyən olmadı. Çünki Azərbaycanın informasiya savaşındakı zərbələrinin nəticəsi idi ki, artıq erməni yalanları ayaq tutub yerimirdi.

 

İlham Əliyev informasiya cəbhəsində zəfərimizi təmin etdi

 

Vətən müharibəsində Azərbaycan ilk gündən informasiya savaşında üstünlüyü və təşəbbüsü ələ aldı. İnformasiya savaşında Ermənistan özünün işğalçı siyasətinin məzmununa uyğun olaraq bütün iyrəncliklərdən istifadə etməyə cəhd göstərsə də, niyyətinə çata bilmədi və məğlub oldu.
Azərbaycanın informasiya mübarizəsinin önündə gedən isə Prezident İlham Əliyev idi. İnformasiya mübarizəsində qalibiyyətimizi təmin edən əsas amil dövlət başçısının xarici ölkə KİV-inə verdiyi müsahibələr oldu. Prezident İlham Əliyevin müsahibə verdiyi xarici KİV arasında Rusiyanın "Rossiya-1, "Pervıy", RBK televiziya kanalları, Ria Novosti, TASS və İnterfaks agentlikləri, Türkiyənin "TRT Haber", CNN-Türk, "Haber Global", "Haber Türk", NTV, "A Haber"  telekanalları,  Fransanın "Sky News", "France 24" televiziyaları, "Figaro" qəzeti,  Almaniyanın ARD televiziyası, Yaponiyanın "Nikkei" qəzeti, ABŞ-ın "Fox News" televiziyası, İtaliyanın Rai-1 televiziyası və "La Repubblica" qəzeti, İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan "Əl-Cəzirə", "Əl-Ərəbiyə",  "Euronews",  "CNN International", "BBC News" televiziya kanalları kimi tanınmış media orqanları vardı. 
Dünyada çoxmilyonlu auditoriyaları olan bu KİV-də yayımlanan müsahibələr dövlətimizin döyüş meydanında hərbi uğurlarına paralel informasiya müharibəsində də üstünlüyünu təmin etdi. Prezident İlham Əliyevin verdiyi müsahibələrdə hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Bu müsahibələr informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin bir daha ifşa olunması ilə nəticələndi.  Ali Baş Komandan konstruktiv, prinsipial mövqe sərgiləyərək, ciddi arqumentlərlə dünya ictimaiyyətinə çatdırdı ki, təxribatlar məhz işğalçı Ermənistan tərəfindən törədilib. Bu müsahibələrlə dünya bir daha agah oldu ki, Azərbaycan öz torpaqlarında ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə aparır və bu mübarizə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbinin icrasına yönəlib. Prezident İlham Əliyev bu müsahibələrin əhəmiyyəti barədə deyib: "Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur".

 

İnformasiya təxribatlarının qarşısı qətiyyətlə alınır

 

Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü də odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Bununla da həm Ermənistanın, həm dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı. 
Xatırladaq ki, Vətən müharibəsində eyni vaxtda Ermənistanın baş naziri N.Paşinyan da xarici KİV-ə müsahibələr verirdi. Lakin Paşinyan hər dəfə danışdıqca özünü və ölkəsini ifşa edirdi. Paşinyanın başqa yolu da yox idi. Çünki Ermənistanın bütün cəbhələrdə məğlubiyyəti qaçılmaz idi.
Vətən müharibəsindən sonra yenə də hərbi təxribatlarını davam etdirən ermənilər informasiya mübarizəsinə cəhd göstərirlər. Lakin reallıq odur ki, Ermənistanın, dünyanın müxtəlif nöqtələrində yaşayan diaspor və lobbisinin informasiya məkanında respublikamıza qarşı təxribatlarının qarşısı qətiyyətlə alınır. Azərbaycan beynəlxalq informasiya müstəvisində öz həqiqətlərini uğurla dünyaya çatdırır, milli maraqlarını qətiyyətlə təmin etməklə erməni yalanlarına böyük zərbə vurur. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video