22 Yanvar 2023 00:32
332
Səhiyyə
A- A+

İnfluenza mövsümi xarakter daşıyır

 

Lakin yoluxduruculuğunun yüksək olması bu virusun sürətlə yayılmasına səbəb olur

 

Əksər Avropa ölkəsində sürətlə yayılan,  mövsümi qrip virusu kimi tanınan influenza ölkəmizdə də son həftələrdə artıb. Hətta ötən ilin noyabrından etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda influenza epidemiyası elan edib.  COVID-19 virusu ilə yanaşı, qripə yoluxmanın da nəzərəçarpacaq dərəcədə artması insanların narahatlığına səbəb olub.
Üç ilə yaxındır davam edən pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulması nəticəsində mövsümi qriplərin  yayılması barədə səhiyyə naziri Teymur Musayev bildirib ki, ölkəmizdə vəziyyət nəzarət altındadır: "Hazırlıq məqsədilə ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və ilkin səhiyyə xidmətləri göstərən bütün müəssisələrə, TƏBİB-in nəzdindəki ailə sağlamlıq mərkəzlərinə, şəhər, rayon polikilinikalarına paylanılıb. Həmin vaksinlərin saxlanma qaydaları monitorinq və nəzarət altındadır. Fürsətdən istifadə edərək yaşlı əhalini və ciddi xroniki xəstəliyi olanları qrip əleyhinə vaksinasiyaya qoşulmağa çağırıram". Nazir əlavə edib: "Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil. COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi".

 

Əhalinin qripə qarşı immuniteti zəifləyib

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib ki, Avropada, o cümlədən Azərbaycanda son bir ay ərzində qrip və digər tənəffüs yolu viruslarının yayılmasında artım müşahidə olunur. Məlumatda bildirilib ki, həm ilkin tibbi yardım xidməti, həm də xəstəxana səviyyələrində xəstələrin sayı artıb: "COVID-19 və mövsümi qripin birgə sirkulyasiyası ilə həssas insanların, o cümlədən yaşlıların, immuniteti zəif olan şəxslərin, hamilə qadınların və yeni doğulmuş körpələrin sağlamlığı daha böyük risk altına düşüb. Biz infeksiyaların qarşısını almaq, həssas insanları qorumaq və səhiyyə sistemimizi çoxsaylı təhlükələrdən mühafizə etmək üçün səylərimizə davam etməliyik". 
Koronavirusa görə sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə əhali arasında "koronavirus davranışı", yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxılması, gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşmışdı. Elə buna görə də qrip və bu tip kəskin respirator virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı. Lakin bu, təəssüf ki, öz növbəsində onlara qarşı əvvəllər əldə edilmiş immunitetin müəyyən qədər zəifləməsinə səbəb olub, əksər ölkələrdə COVID-19-la bağlı məhdudiyyətlərin aradan qaldırılması və qoruyucu vasitələrdən istifadənin məcburi olmaması qrip kimi xəstəliklərin kütləvi yayılmasına gətirib çıxarıb.

 

Bu xəstəliyə əsasən payız və qış aylarında rast gəlinir

 

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova deyir ki, son həftələr artan influenza mövsümi xarakter daşıyır, əsasən payız-qış aylarında rast gəlinir: "Lakin hazırda bu xəstəliyin kəskin artmasının səbəbi yalnız fəsli xarakter daşımır. Onun yoluxduruculuğunun yüksək olması, bu yoluxduruculuq fonunda xəstələrin özünü təcrid etməməsi yayılma sürətini artırır".
A.Kərimova bildirir ki, xəstələr yüksək hərarətdən, baş-boğaz və əzələ-oynaq ağrılarından, yorğunluq, burun tıxanıqlığı və öskürək kimi simptomlardan şikayətlənirlər: "Qrip infeksiyası xüsusi riskli qrupa daxil olan şəxslər, yaşlılar, uşaqlar, hamilələr və xroniki xəstəliklərdən, xüsusən ürək və ağciyər çatışmazlığından əziyyət çəkənlər üçün daha təhlükəlidir. Klinik olaraq ağır keçirmək proqnozu olan xəstələr virusun əlamətlərini hiss etdikləri ilk 48 saat ərzində həkimə müraciət etməlidirlər. Ümumilikdə isə qrip virusu 7-8 gündən artıq, temperaturu 39-40 dərəcələrdə davam edən və orqanizmi hərarətsalıcı dərmanlara tabe olmayan hər kəs həkimlərlə əlaqə saxlamalıdır. Müayinə nəticəsində ambulator və ya stasionar müalicəyə uyğun addımlar atılmalıdır".

 

Koronavirusa və qripə eyni anda yoluxmaq mümkündür

 

İnsanları narahat edən digər bir məqam isə influenza ilə COVID-19-a eyni zamanda yoluxmanın mümkün olub-olmamasıdır. Həkim-infeksionist deyir ki, eyni anda həm koronavirusa, həm də qripə yoluxmaq mümkündür: "Bu viruslar fərqli reseptorlara birləşdiklərindən nəzəri olaraq hər ikisinə yoluxma halı mümkündür. Lakin bu, dünya praktikasında çox nadir hallarda özünü göstərib. Bunu, sadəcə, testlə öyrənmək mümkündür".
"Ümumilikdə respirator virus xəstəliklərini COVID-19-dan kəskin ayırmaq mümkün deyil. Buna görə də xəstəxanaya yerləşdirilənlərdən test götürülür. Ambulator müalicə alanlar isə qeydiyyatda olduqları sahə üzrə poliklinikaya yönləndirilirlər. Qrip virusuna yoluxanların əksəriyyəti COVID-19 testi versələr də, nəticələrin əksəriyyətinin neqativ çıxdığının şahidi oluruq", - deyə o bildirib.
A.Kərimova deyir ki, qrip ağır infeksion xəstəlikdir: "Onun ağırlığı və təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Sətəlcəm, bronxit, sinuzit, otit mediası və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur. İnfluenza və digər kəskin respirator virus infeksiyalarının əsas profilaktik metodu vaksinasiyadır. Vaksin orqanizmin immunitetini artıraraq sağlamlığın qorunmasına kömək edir. İnsanlar yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edərək ödənişsiz olaraq peyvənd vurdura bilərlər. Əhali arasında geniş vüsət almasa da, vaksinlərdən istifadə edənlər də az deyil".
Həkim-infeksionist deyir ki, balanslaşdırılmamış və yetərsiz qidalanma da immuniteti zəiflədərək orqanizmi müdafiəsizləşdirir: "Kəskin respirator infeksiyaya yoluxma zamanı maye və mineral balansını təmin etmək vacibdir. Temperaturun qalxdığı dövrlərdə maye qəbulu artırılmalı və bədən yetərli enerji ilə təmin olunmalıdır. Mövsümi meyvə və tərəvəzlərin gündəlik qida rasionuna əlavəsi mütləqdir. Həmçinin xəstələrlə ünsiyyətdə olan yaxınlarının qapalı məkanlarda tibbi maska taxmaları tövsiyə edilir".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video