25 Noyabr 2022 02:44
150
Mədəniyyət
A- A+

İlk azərbaycanlı qadın teatr rəssamı

 

Uşaqlıq xatirələrində bir ev vardı. 1912-ci ilin oktyabrında Bakıda dünyaya gələn Bədurə o doğma, hərarətli ocaqda böyüyürdü. Atası Məlik Ağamalov dövlət qulluğunda işləyirdi. O, işdən vaxt tapanda ya rəsm çəkir, ya da övladlarını başına yığıb ədəbiyyatdan, incəsənətdən danışırdı.
Elə ki, yay gəlirdi, bütün ailə Novxanıdakı bağ evinə köçürdü. Həmin günlərdə balaca Bədurənin gözlərində dünya daha da gözəlləşirdi. 

 

Rəssamlıqda bəzi ilklər onun adı ilə bağlıdır

 

Yay tətili başa çatanda şəhərə qayıdırdılar. Məktəblərdə dərslər başlayırdı. Bədurə dərsləri ilə ciddi məşğul olsa da, yay boyunca gördüklərini kağıza köçürməyə vaxt tapırdı. Onun çəkdiyi rəsmlər müəlliminin, məktəb yoldaşlarının xoşuna gəlirdi. Rəssamlığa marağı gündən-günə artsa da, orta məktəbi bitirəndə sənədlərini Bakı Rəssamlıq Məktəbinə verməyə cəsarəti çatmadı. 1929-cu ildə Bakı Pedaqoji Texnikumuna daxil oldu. Ancaq rəssam olmaq arzusu onu başqa ünvana çəkirdi. Texnikumu bitirdikdən sonra orta məktəbdə fəaliyyətə başladı. Beş il müəllim işlədi. Həmin vaxtlarda, 1931-ci ildə Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə qəbul olundu. Böyük həvəslə həm oxuyur, həm də işləyirdi. 
Bədurə tələbəlik illərindən dünya incəsənət tarixinə maraq göstərirdi. Bu maraq onu Moskvada, Sankt-Peterburqda yerləşən qalereyalara, teatr və etnoqrafiya muzeylərinə apardı. Getdikcə rəssamlıq sənətinə daha da bağlanırdı. O vaxtlar artıq tanınmış aktyor olan Rza Əfqanlı ilə münasibəti isə sənətlə əlaqədar  yeni düşüncələr, yeni arzular gətirdi. Teatr rəssamı olmağa qərar verdi. Diplom işinin mövzusu da Vilyam Şekspirin "Otello" faciəsi oldu.
Bakı Rəssamlıq Məktəbini bitirdi. Sənət həyatını həmişəlik teatra bağladı. Bədurə Əfqanlının bu sahədə ilk müəllimi həyat yoldaşı Rza Əfqanlı oldu. 
Rəssamlıq sənətimizdə bir çox ilklər onun adı ilə bağlı oldu. Bədurə Əfqanlı Bakı Rəssamlıq Məktəbində təhsil alan ilk azərbaycanlı qadınlarımızdan biri idi. İlk azərbaycanlı qadın teatr rəssamı oldu. O, 1930-cu ildə Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatını verdi. Bundan sonra uzun illər birlikdə tamaşalar hazırladılar. Quruluşçu rəssam Bədurə Əfqanlı tamaşaları maraqlı geyim və dekorasiya eskizləri ilə zənginləşdirdi. Birgə hazırladıqları "Şeyx Sənan", "Aşıq Qərib", "1905-ci ildə", "Sevil" tamaşaları onlara daha çox uğur gətirdi. Onlar bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışdılar. Bakıya döndülər, yaradıcılıq işlərini burada davam etdirdilər. 
1938-ci ildə Bədurə Əfqanlı Azərbaycan Dövlət Dram Teatrına dəvət olundu. Teatrda rəssam assistenti  kimi işə başladı. Tezliklə tamaşalara müstəqil quruluşlar verdi. Sonralar Azərbaycan Dövlət Rus Dram Teatrının da bir sıra tamaşaları onun rəssamlığı ilə təqdim olundu. Bədurə Əfqanlı Milli Dram Teatrında "Aydın", "Solğun çiçəklər", "Aslan yatağı", "Qatır Məmməd", "Məhəbbət", "Bahar", "Köhnə dostlar", "İnsan", "İşıqlı yollar", "Bir evin sirri", "Rəqs müəllimi", "Namus", "Bahar suları", Opera və Balet Teatrında "Sevil", "Leyli və Məcnun",  Rus Dram Teatrında "Vaqif", "Aydın" və digər tamaşalara geyim eskizləri verdi. 
Moskvada 1959-cu ildə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə rejissor Adil İsgəndərovla birgə hazırladığı "Fərhad və Şirin" tamaşası Vaxtanqov teatrında uğurla nümayiş olundu.
Teatrlarla yanaşı, kinostudiyada da çalışırdı. Müxtəlif ekran əsərlərində geyim eskizlərinin müəllifi oldu. 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam kimi fəaliyyət göstərdi. "Koroğlu", "Leyli və Məcnun", "Böyük dayaq", "Dəli Kür", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd", "Məhəbbət dastanı" və digər kinofilmlərin geyim eskizlərini çəkdi. Qızı Xalidə xanım söhbətimizdə xatırlayır: "Anam Azərbaycanın ən məşhur kinofilmlər rəssamı kimi tanınıb. Həmişə də assistentsiz işləyirdi. O, Soltan Dadaşov, Adil İsgəndərov, Lətif Səfərov, Həsən Seyidbəyli kimi böyük sənətkarlarla işləmişdi".

 

Vətənindən ayrıla bilmədi

 

Qızı deyir ki, o, olduqca zəhmətsevər idi, yorulmadan çalışır, işləməkdən zövq alırdı. Yalnız istedadına güvənmir, bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyur, həmin dövrün tarixini, mədəniyyətini, geyim tərzini araşdırırdı: "Anam Azərbaycanın əksər bölgələrinin milli geyimlərinin, Rusiya, Şimali Qafqaz ölkələrinin rəqs ansambllarının kostyumlarının geyim eskizlərini çəkdi. Respublikamızın mahnı və rəqs ansambllarını milli geyimlərlə dünyada tanıtdı. İlk şəxsi sərgisi Moskvada - "Mosfilm"də uğur qazandı. Sonradan Böyük Teatra, "Mosfilm"ə işləməyə dəvət olunsa da, Vətənindən ayrıla bilmədi. Anamın son sərgisi isə dünyasını dəyişməmişdən 5 il qabaq Bakıda keçirildi. Onun əsərlərinin çoxu Azərbaycan Dövlət Teatr Muzeyində və Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır".
1949-cu ildə "Əməkdar incəsənət xadimi" adına layiq görüldü. 1974-cü ildə isə Bədurə Əfqanlı Xalq artisti fəxri adını aldı. "Şərəf nişanı" ordeni ilə də mükafatlandırıldı.

 

"Rəssamlar İttifaqının filialı" deyilən ev

 

Qızı onu mehriban, qayğıkeş insan kimi xatırlayır. Həmişə qonaq-qaralı olan evlərinə gələnlərin çoxu incəsənət adamları idi: "Bizim evimizə "Rəssamlar İttifaqının filialı" deyirdilər".
Həyat yoldaşı Rza Əfqanlı 1973-cü ildə dünyasını dəyişdi. Bədurə Əfqanlı uzun ömür sürdü. Doxsan illik ömrünün yetmiş ili teatra bağlı keçdi. Sevildi, şöhrət qazandı. Son illəri isə çox kədərli oldu. Xalidə xanım deyir ki, anamın axır günləri keçmişini həsrətlə anmaqla keçdi: "Onu maddi qazanc heç vaxt maraqlandırmamışdı. Azərbaycanın ilk professional qadın rəssamlarından biri, ilk qadın teatr rəssamımız təmirsiz, şəraitsiz evdə yaşayırdı. Taleyi anama daha bir amansız zərbəsini vurdu. Oğlunu itirdi. Səhhəti daha da pisləşdi, yorğan-döşəyə düşdü. Bir zamanlar şöhrəti dillərdə gəzən, heç bir aktyorun, rəqqasənin onun geyimi olmadan səhnəyə çıxmadığı rəssam "yaddan çıxdı". Ömrünün axırlarında prezident təqaüdü alırdı. 2002-ci il mayın 7-də dünyasını dəyişdi".
Qızı danışır ki, Bədurə Əfqanlının sənətlə bağlı arzuları ömrünün sonunadək bitməyib. Xəstə halıyla aylarla çalışıb milli geyimlərimizə həsr olunmuş albomu hazırlasa da, çap etdirə bilməyib. Qarabağ bölgəsinə aid 50 geyim eskizini tamamlamaq istəyirdi. Tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında böyük xidmətlər göstərən Bədurə Əfqanlının çəkdiyi eskizlər, bədii tərtibat verdiyi əsərlər teatr və kino rəssamları üçün bu gün də məktəbdir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video