28 Noyabr 2021 00:31
1136
İQTİSADİYYAT
A- A+

İlin əvvəlindən 51 mindən çox yeni iş yeri açılıb

 

Bu iş yerlərinin coğrafiyasında işğaldan azad olunmuş ərazilər də var

 

Dünyanın inkişaf etmiş ölkələri iki mühüm faktora xüsusi diqqət yetirir: iqtisadiyyatın inkişaf dinamikasını qoruyub saxlamaq və əhalinin məşğulluğunu təmin etmək. Bu amillər bir-biri ilə zəncirvari şəkildə bağlıdır, çünki dinamik inkişaf olmadan məşğulluq probleminin həlli mümkün deyil.

Ölkəmizdə də bu iki mühüm məsələyə xüsusi diqqət yetirilir və o səbəbdən iqtisadi və sosial islahatlar paralel həyata keçirilir. İcra olunan nəhəng layihələr, kiçik və orta sahibkarlığa verilən dəstək də bu məqsədə xidmət edir. Eləcə də qeyri neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər həm də məşğulluğun təminatına hesablanır. Bunun nəticəsidir ki, son dövrlər ən çox iş yerləri  məhz qeyri neft-qaz sektorunda yaradılır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artmışdır. Sənayenin qeyri neft-qaz müəssisələrinin çoxu isə özəl sektora məxsusdur. Deməli, məşğul əhalinin də çox hissəsi məhz bu sektorda cəmlənmişdir.

Bunu təsdiqləyən digər fakt: cari ilin 9 ayında ölkədə 51,1 min yeni iş yeri açılmışdır. Yaradılmış iş yerlərinin 89 faizi isə qeyri-dövlət sektoruna məxsus olmuşdur. Yeni iş yerlərinin 10 faizi yeni yaradılmış, 87,1 faizi mövcud, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,3 faizi digər tədbirlər üzrə açılmışdır. Statistik rəqəmlərdən də aydın görünür ki, yeni iş yerlərinin yaradılmasında qeyri-dövlət sektoru, yəni sahibkarlıq subyektləri üstünlük təşkil edir. Bu sektora güzəştli kreditlərin verilməsi, ümumiyyətlə, çoxsaylı güzəştlərin edilməsi sahibkarlara fəaliyyətlərini genişləndirməyə imkan yaradır.

Bu il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 299,8 min nəfər olmuş və onlardan 4 milyon 984,5 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 699,3 min nəfər olmuşdur. Onların 903,6 min nəfəri iqtisadiyyatın dövlət, 795,7 min nəfəri qeyri-dövlət sektorlarında çalışmışdır. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 31,7 min, qeyri neft-qaz sektorunda

1 milyon 667,6 min nəfər işləmişdir. Müəssisə və təşkilatlarda çalışanların 24 faizi isə məhsul istehsalı sahələrində işlə təmin olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunan 4 proqramın icrası da ölkədə məşğulluğun təmin edilməsində mühüm rol oynamışdır. Belə ki, həmin proqramlardan irəli gələn layihələrin yerinə yetirilməsi hesabına minlərlə yeni iş yeri açılmışdır. Bu, həmçinin regionlardan iş dalınca böyük şəhərlərə, o cümlədən Bakıya gələnlərin müəyyən dərəcədə qarşısını almışdır.

Bu yerdə Dövlət Statistika Komitəsinin iqtisadi rayonlar üzrə cari ilin 9 ayında yeni açılan iş yerlərinə nəzər salaq: 0,7 faiz Naxçıvan MR, 4,3 faiz Gəncə-Daçkəsən, 4,1 faiz Abşeron-Xızı, 2,7 faiz Lənkəran-Astara, 2,5 faiz Quba-Xaçmaz, 2,1 faiz Şəki-Zaqatala, 1,5 faiz Qazax-Tovuz, 1,3 faiz Şirvan-Salyan, 1,2 faiz Mərkəzi Aran, 1 faiz Mil-Muğan, 0,9 faiz Qarabağ, 0,7 faiz Dağlıq Şirvan və 0,3 faiz Şərqi Zəngəzur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kiçik və ailə təsərrüfatlarının yaradılmasına verilən dəstək də əhalinin məşğulluğunun təminatı üçün yeni imkanlar açmışdır. Öz təsərrüfatlarını yaratmaq istəyən ailələrə göstərilən maddi dəstək və onlara edilən güzəştlər ailələrə bizneslərini qurmağa kömək etməklə yanaşı, onların sahibkarlara çevrilməsinə də dəstək verir. Artıq bir çox ailələr dövlətin onlara yaratdığı şəraitdən səmərəli istifadə edərək kiçik və orta sahibkara çevriliblər. Bu isə o deməkdir ki, indi onlar digər işsizləri də işlə təmin edə bilirlər.

Məlum olduğu kimi, qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvlərini və qazilərimizi işlə təmin etmək üçün “Məşğulluq marafonu”na start verilmişdir. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi ilə keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin məşğulluğuna dəstək verməklə onların sosial rifahını daha da yaxşılaşdırmaqdır. Cari ilin iyun ayından, yəni marafona start verilən vaxtdan indiyədək 306-sı dövlət, 273-ü özəl olmaqla 579 işəgötürən 3472 vakansiya təqdim edib. Marafona start veriləndən bəri bu həssas kateqoriyadan olan 1103 nəfər işlə təmin olunub. Marafon isə davam edir.

 

Rüstəm KAMAL,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video