17 Yanvar 2023 00:56
1972
SİYASƏT
A- A+

İlham Əliyevin sosial islahatlarının IV mərhələsi

 

Azərbaycan sosial dövlət prinsiplərini tam bərqərar edib

 

Tarixinin ən qüdrətli Azərbaycanının dövlət siyasətinin əsas strateji vəzifələrindən biri sosial siyasətdir. Xalqın rifah halının yaxşılaşdırılması, yoxsulluğun azalması mütəşəkkil birliyin formalaşmasını şərtləndirən əsas faktordur.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi mütərəqqi qərarlar, sosial-dəstək paketləri iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursunun həyata keçirilməsi, sosial cəhətdən həssas əhali qruplarının da etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
Siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı Prezident İlham Əliyev bu fundamental məsələni belə dəyərləndirir: "Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır".

 

Son üç ilin sosialyönümlü zəfər büdcələri 

 

Vətən müharibəsindəki şanlı zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında Qarabağın və Şərqi Zəngəzurun bərpası, qalib ordumuzun daha da qüdrətlənməsi üçün bütün imkanların səfərbər edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi də prioritet olaraq qalır. 
Bunu əhalinin sosial müdafiəsinə göstərilən diqqətin son 3 ildə dövlət büdcəsində öz əksini tapması və dövlət başçısının mütəmadi olaraq bu istiqamətdə hazırladığı sosial-dəstək paketləri bir daha təsdiqləyir. 
Böyük qələbədən sonra əlbəttə ki, əsas diqqət Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuğuna yönəldi. Azərbaycan yalnız öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən torpaqlarımızda misli görünməmiş layihələr reallaşdırmağa başladı.  
Bununla paralel olaraq müharibədən çıxmış bir dövlət qlobal pandemiya ilə mübarizəsini davam etdirirdi. Bu səbəbdən də dövlət büdcəsində sosialyönümlü xərclərin artırılması prioritetliyini saxladı. 2021-ci,  2022-ci və 2023-cü illərin zəfər büdcələrində sosial xərclərin 38,8 faizdən 46 faizdək artırılması bunun əyani təsdiqidir. Təqdirəlayiq haldır ki, cari ilin büdcəsində bu məqsədlərə 15,2 milyard manat vəsait ayrılıb. Bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat çoxdur. 
Göründüyü kimi, zəfərdən sonra da hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. 2023-cü ilin büdcəsi də bu baxımdan istisna təşkil etmədi və bu ilin büdcəsinin də sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının daim yaxşılaşdırılmasıdır. 

 

Ötən beş ildə reallaşdırılan sosial islahat paketləri

 

Təqdirəlayiq haldır ki, hər il Prezidentin imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlü olur. Bunu son 5 ildə - 2018-2022-ci illərdə həyata keçirilən sosial islahatlar, imzalanan fərman və sərəncamlar, davamlı sosial paketlər, eləcə də dövlət başçısının 2023-cü il üçün müəyyənləşdirdiyi sosial dəstək paketi bir daha isbatlayır. 
Beş il öncə - 2018-ci ilin aprelində ölkəmizdə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti yenidən cənab İlham Əliyevə etimad mandatı verərək özünə lider seçdi. Cənab İlham Əliyevin Prezident seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, bütün sahələrdə, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaratdı.
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin ana xəttini təşkil etdi. Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin ön sırasında dayandı. Təsadüfi deyil ki, yenidən ölkənin Prezidenti seçildikdən sonra dövlət başçısının aprelin 19-da imzaladığı ilk fərman məhz şəhid ailələri və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması ilə əlaqədar oldu. Bu sənədlə, həmçinin 2019-cu ilin yanvarında imzalanan fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin vərəsələri 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.
Bu, dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğının bariz təcəssümü idi.
2019-cu il ərzində təqdim edilən iki sosial paket nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırıldı, minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata yüksəldi. 
Əməkhaqqı artımı ilə bağlı xüsusi şərtlərlə təyin olunmuş pensiyalar isə ciddi artırıldı. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz yüksəlib, həmçinin şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırıldı. Dövlət sektorunda işləyənlərin əməkhaqları 50 faizədək, məcburi köçkünlərin müavinətləri isə 50 faiz artdı. Tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə yüksəldi. 800 min insanın problemli kredit narahatlığına son qoyuldu. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfər, illik maliyyə yükü 3 milyard manatdan çox oldu.

 

Qlobal böhran fonunda təxirə salınmayan sosial layihələr

 

2020-ci ildə qlobal pandemiya ilə mübarizədə Azərbaycan da qabaqlayıcı tədbirlər görən ölkələrdən oldu. Dövlət həm qapanmalara getdi, həm də bəşəri bəla ilə mübarizə apardı. Prezident İlham Əliyevin pandemiya ilə mübarizə fonunda təxirə salmadan reallaşdırdığı layihələr Azərbaycanın dayanıqlı inkişafına o qədər də mənfi təsir göstərmədi. 
Bəşəriyyəti çətin sınaqla üz-üzə qoyan qlobal böhran bir çox dövlətlərin bu istiqamətdəki siyasətini acınacaqlı duruma saldı. İqtisadiyyatın tənəzzülü səbəbindən əksər ölkələrdə bir çox sosial layihələrin icrası təxirə salındı.
Lakin iqtisadiyyatında cəmi 2,8 faizlik azalma müşahidə olunan Azərbaycanda hər zaman uğurla reallaşdırılan və heç vaxt təxirə salınmayan sosial layihələrin həyata keçirilməsində maneə yaranmadı. Yəni dövlət qlobal böhran şəraitində də öz iqtisadi imkanlarından yararlanaraq sosial layihələri reallaşdırdı. Bu, böhran şəraitində etibarlı sosial müdafiənin təşkilidir. 
Mövcud reallığı ilk gündən düzgün dəyərləndirən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri əhalinin sosial rifahının qorunması idi. Təsadüfi deyil ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapdı.
Pandemiya ilə mübarizə dövründə xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atan dövlət başçısı bəyan etdi ki, qlobal böhrana baxmayaraq, ilin əvvəlində müəyyənləşdirilən bütün sosial layihələr icra olunacaq. Bu gün ölkəmizdə reallaşan sosial layihələrə nəzər yetirsək, həqiqətən də görərik ki, həm insanların sağlamlığının qorunması, həm də sosial rifah halının yaxşılaşdırılması məsələləri cənab Prezidentin gündəliyində birinci olaraq qalır.
Prezidentin ən böyük sosial-iqtisadi paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramlarına əsasən, karantin dövründə əhalinin sosial müdafiəsinin təminatı sahəsində mühüm addımlar atıldı. Məhz bu proqramlarda nəzərdə tutulan məşğulluq və sosial rifaha dəstək tədbirləri 5 milyon nəfəri əhatə etdi. 
Dövlət sektorunda çalışan 900 min nəfərin, özəl sekorda isə 760 min nəfərin iş yeri və əməkhaqları qorundu. Sahibkarlıq subyektlərinə böyük güzəştlər edildi. İşsiz vətəndaşlara hər ay ödənilən 190 manatlıq birdəfəlik müavinətlər, ümumilikdə, 333 milyon manat təşkil etdi. 85 min ailəyə, aylıq orta məbləği 225 manat olmaqla, ünvanlı sosial yardım verildi. Yəni iqtisadiyyatdakı tənəzzülə baxmayaraq, cənab İlham Əliyevin təxirə salmadan reallaşdırdığı sosial layihələr bir daha Azərbaycanın həm də sosial dövlət olduğunu təsdiqlədi.
Prezidentin 2021-ci ildə imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı bu sahədə islahatların uğurla davam etdirilməsinə real imkan yaratdı və islahatların növbəti mərhələsi reallaşdı. İllik əlavə 1,5 milyard manat vəsaiti nəzərdə tutan yeni islahatlar paketi 2,1 milyon insanı əhatə etdi. Həmin ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatdı. 
Cənab İlham Əliyevin sayca IV sosial islahatlar paketi isə 1,9 milyon insanın rifahının yaxşılaşmasına dəstək verəcək. Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlarla ölkəmizdə reallaşdırılan növbəti sosial islahatlar Azərbaycan dövlətinin sosial dövlət olduğunu və dünya üçün indiki böhranlı vəziyyətdə də öz vətəndaşlarının rifahına dəstək istiqamətində mühüm addımlar atdığını bir daha təsdiq edir.
Yeni sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıdı. Fərman və sərəncamlarla müavinət və təqaüdlərdə də artımlar oldu. Beləliklə, 2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılır. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılır. Prezidentin aylıq təqaüdü  müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə)  400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə)  330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. 
Eləcə də ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü 300 manata, bu kateqoriyadan olan digər şəxslər üçün isə 200 manata çatdırılıb. 
Eyni zamanda orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub. Göründüyü kimi, əlilliyi olan şəxslər üzrə həm müavinətlərin, həm təqaüdlərin artırılması təmin edilib.
Həmçinin uşağın anadan olmasına görə birdəfəlik müavinət 500, dəfn üçün birdəfəlik müavinət 500,  radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il birdəfəlik müavinətin 300 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdünün 330,  elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdünün elmlər doktorları üçün 500, fəlsəfə doktorları üçün 300, yaşa görə müavinət  220 manata çatdırılıb.
Eləcə də Prezidentin fərdi təqaüdünün 1500, ailə başçısını itirməyə görə müavinətin (hər ailə üzvü üçün) 120, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinətin 100, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinətin 105, "Xalq" fəxri adına görə təqaüdün 200, "Əməkdar" fəxri adına görə isə 150 manata çatdırıldı.
Ümumiyyətlə, son 5 ildə icra olunan 4 sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə, əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla 3 dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, yaşa görə müavinət 3 dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb.

 

Tələbələr üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırıldı

 

Həmçinin tələbə və doktorantların təqaüdlərinin də artırıldığı, bu artımın 150 min tələbə və doktorantı əhatə etdiyi təsdiqlənib. Yeni fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. 
Həmçinin dövlət başçısının yeni sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın  1-dən doktorantura pilləsi üzrə - elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 400  manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 240 manata çatdırılıb.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında  magistratura səviyyəsi üzrə akademik göstəriciləri  91-100 bal olan tələbələr üçün 195 manata, 71-100 bal olan tələbələr üçün 160 manata, 51-100 bal olan tələbələr üçün 110 manata çatdırılıb. Bakalavriat səviyyəsi üzrə akademik göstəricilərinə əsasən artım 175-100 manat arasında, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri üzrə 100-66 manat  arasında dəyişir. Bu artımlar peşə məktəblərinə də aiddir. 
Beləliklə, 2018-2022-ci illərdə 4 milyon insanı əhatə edən 3 islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat, hazırkı yeni sosial islahat paketi üçün isə illik əlavə olaraq daha 750 milyon manat əlavə vəsait ayrılıb. Əvvəlki sosial islahatlar kimi, yeni sosial islahatlar da əhatəliliyi ilə seçilir. Beləliklə, ən həssas əhali qruplarından olan insanlara yönələn sosial ödənişlərin, o cümlədən 810 min insanın müavinət və təqaüdlərinin növbəti dəfə artırılması Prezident qayğısının əyani təzahürüdür. 
2018-ci illə müqayisə etdikdə də sosial müavinət və təqaüdlər üçün ayrılan illik vəsait o zaman 300 milyon manat idisə, artıq həmin məbləğ 1,5 milyard manatı ötür ki, bu da həmin istiqamətə ayrılan vəsaitlərdə 5 dəfədən çox artım deməkdir.

 

Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfə genişləndirilib

 

Prezidentin sosial islahatları çərçivəsində prioritet məsələ, ilk növbədə, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının icrası olub. 
Həm cənab İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan şəxslərə diqqət və qayğısının nümunəsi başqa dövlətdə yoxdur. Bu gün Azərbaycan şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi sahəsində ən nümunəvi təcrübəyə malik ölkədir. Bu kateqoriyadan olan insanların sosial ödənişlərlə təminatı və bu ödənişlərin mütəmadi olaraq artırılması, şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə, eləcə də digər sosial müdafiə və aktiv məşğulluq proqramları ilə əhatə olunması və həmin proqramların ildən-ilə genişləndirilməsi, onlarla bağlı bir sıra güzəşt və imtiyazların tətbiqi də bunu göstərir. 
Əgər statistikaya nəzər yetirsək, görərik ki, təkcə postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, ümumilikdə ötən dövrdə isə 13300 mənzil və fərdi ev verilib. Mənzil proqramı 5 dəfə genişləndirilib.
Ötən illərə nəzər yetirsək, aydın şəkildə görərik ki, bu sosial proqramlar ildən-ilə daha da genişlənir. Məsələn, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572, 2021-ci ildə 3 min mənzil verilib. 
2022-ci ildə bu kateqoriyalardan olan vətəndaşlara 1500 mənzil və fərdi ev verilib.  1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərərçəkən şəxslər daxil olmaqla, 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub.
Göründüyü kimi, İlham Əliyevin sosial siyasətinin prioriteti şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Həmçinin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə bu vaxta qədər 6900 minik avtomobili təqdim edilib.

 

Prezident qayğısının əyani nümunəsi

 

Beləliklə, qlobal böhranın tüğyan etdiyi dönəmdə belə əhalisinin sosial rifahını yüksək saxlayan dövlət başçısının həqiqətən də dünyada ən islahatçı Prezident kimi tanınması əbəs deyil. Məhz bu çətin dönəmdə də cənab İlham Əliyev əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemlərini hər zamankı kimi diqqət mərkəzində saxladı. Bu kateqoriyadan olan vətəndaşların sosial rifahının, mənzil-məişət probleminin həlli istiqamətində çox mühüm addımlar atıldı.
Əlbəttə, bütün bunlar bir daha təsdiq edir ki, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti, qayğısı nəticəsində ölkəmizdə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir.
Son 20 ildə Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti göz önündədir. Cənab İlham Əliyev məhz pandemiya  ilə mübarizə dövründə də xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Böhran şəraitində əhalinin sosial rifah halının yüksəldilməsi - vətəndaşların əməkhaqları və pensiya təminatının yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, paytaxtda və bölgələrdə müasir sosial infrastrukturun yaradılması prioritet olaraq qalır. 
Bütün bunlar onu deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlıdır. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət başçısının xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atdığı bütün mütərəqqi addımı alqışlayır və hər zaman dəstəkləyir. Bütün bu addımlar vətəndaş hüquqlarının müdafiəsi, rifah halının yaxşılaşdırılmasının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Uzaqgörən qərarları ilə tarixinin ən qüdrətli Azərbaycanını böyük qürurla, fəxarətlə daha möhtəşəm gələcəyə aparır.  

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video