19 May 2022 01:41
1498
SİYASƏT
A- A+

İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

 

Gərginliklərin, toqquşmaların və hətta müharibələrin pik həddə  dirəndiyi müasir dünyada getdikcə güclənən və dərinləşən Azərbaycan-Türkiyə münasibətləri sözün həqiqi mənasında bütün dünyaya örnək ola biləcək ən uğurlu nümunələrdən biridir.

Bu gün faktiki olaraq onun şahidiyik ki, bir çox dövlətlərin münasibətlərində gərginlik maksimum səviyyəyə yüksəlmişdir. Əsrlər boyu çox yaxın, az qala bir dildə danışan, eyni dindən olan ölkələr belə, hazırda anlaşılmaz və məramları qaranlıq görünən qarşıdurmanın məngənəsində boğulurlar. Qlobal beynəlxalq güclər isə ölüm-dirim savaşına atılan dövlətləri barışdırmaq, danışıqlar  masasına dəvət etmək əvəzinə qütbləşmənin dərinləşməsində, ziddiyyətlərin qanlı döyüşlərə çevrilməsində maraqlı görünürlər. Faktiki olaraq reallıqlar Üçüncü Dünya müharibəsinin getdikcə daha çox nəzərəçarpan  konturlarının aydın görünməsindən xəbər verir.

Belə məqamda bir tərəfdə Qafqazda sülhün bərqərar olması, digər tərəfdən isə Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsi, "Bir millət, iki dövlət" ənənələrinə sadiqliyin qorunması daha çox diqqət çəkir. Faktiki olaraq Bakı Qafqazda beynəlxalq münasibətlərin yeni modelini ortaya qoyur. Bakı supergüclərin görüş məkanına çevrilir,  beynəlxalq əhəmiyyətli forumlara evsahibliyi edir. Azərbaycan  Prezidenti İlham Əliyevin güclü iradəsi ölkəmizdə maraqları toqquşan və münaqişələrin dərinləşməsində maraqlı olan tərəfləri zərərsizləşdirir.

Son əsrlərin acı reallıqlarından biri odur ki, Qafqaz əsrlər boyu dünyanın ən gərgin nöqtələrindən biri kimi qalmaqda davam edir. Azərbaycan isə bu regionda bütün fatehləri və super gücləri sərvətləri ilə cəzb edən nadir ölkədir. Ona görə də sonuncu Qarabağ müharibəsində  qlobal erməni lobbisi və onlara dəstək verən super güclər Rusiyanı israrla Qarabağ müharibəsinə cəlb etmək üçün əldən-ayaqdan gedirdilər. Lakin Azərbaycan Prezidenti misli görünməmiş siyasi çeviklik göstərdi. Həm Vətən savaşında sürətli qələbə çaldı, həm də regionda müharibənin körüklənməsinə imkan vermədi. Dövlət başçısının  dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi 30-dan yuxarı müsahibə erməni ideologiyasını darmadağın etdi, düşmən üzərində tam qələbə çalmağa, sülhə və stabilliyə nail olmağa imkan yaratdı. İlham Əliyev Qarabağ müharibəsində iştirak etməyə  sürüklənən və can atan tərəflərin nəinki qarşısını məharətlə ala bildi, hətta Qafqazda maraqları toqquşan qüvvələri  qarşılıqlı əməkdaşlığa cəlb etdi.

Müharibə qurtarsa da, Azərbaycan Prezidentinin sülh səyləri davam edir. Bu baxımdan İlham Əliyevin Türkiyə Prezidenti ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti bu tədbirdəki çıxışında yeni limanı qardaş ölkənin iqtisadi gücünün artması, sürətli inkişafının təzahürü kimi dəyərləndirdi: "Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar - bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır".

İlham Əliyev çıxışında daha vacib məqamlardan birinə toxunaraq qeyd etdi ki, biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də. İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi: "İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Biz 44 günlük müqəddəs savaşda qardaş Türkiyə ilə birlikdə müharibədə necə sarsılmaz qələbə çalmışdıqsa, elə bir güclə də Qarabağın bərpası işində birlikdə işğaldan azad olunmuş əraziləri bərpa edirik. Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki, keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşada Türkiyə ilə Azərbaycan arasında birgə bəyannamənin imzalanması əlaqələrimizi daha yüksək səviyyəyə qaldırdı: "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".

Azərbaycan tarixin ən mürəkkəb sınaqlarından uğurla keçir, Prezident İlham Əliyevin səbirli, müdrik və uzaqgörən diplomatiyası ən ağır təhlükələri zamanında sovuşdurmağa imkan verir. İlham Əliyevin böyüklüyü ondadır ki, o, əsrlər boyu maraqların toqquşduğu və müharibələrin səngimədiyi regionda bütün tərəfləri əməkdaşlığa və sülhə cəlb etməyi bacarır. Bu gün Azərbaycan Prezidentinin sayəsində erməni xalqına faşizmin qandallarından birdəfəlik qurtulmaq üçün tarixi şans verilib. Qalır rəsmi İrəvanın bu şansdan istifadə edib haqq-ədalət yoluna dönməyi.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video