29 Sentyabr 2022 00:58
1134
SİYASƏT
A- A+

İlham Əliyev yeni tarixin mükəmməl yol xəritəsini çəkir

 

Zəngəzur və Laçın dəhlizləri haqda bəyanatlar müasir reallıqlar, gələcəyə baxış kontekstində

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və "dəmir yumruğ"u ilə Qarabağda tarixi Zəfəri təsdiq edən 10 noyabr 2020-ci il sazişində regionun təhlükəsizliyi və inkişafı, habelə dünya ölkələri ilə inteqrasiyanın daha da genişləndirilməsi üçün zəruri və əhəmiyyətli olan Zəngəzur və Laçın dəhlizlərinə dair maddələrin yer alması beynəlxalq münasibətlərdə yeni bir dalğanın meydana çıxması ilə nəticələnmişdir. 
Avrasiya coğrafiyasında yeni İpək yolu marşrutunun yaradılması üçün xüsusi əhəmiyyətə malik olan Zəngəzur və Laçın dəhlizləri dünya birliyinin gündəmində mühüm yer tutmağa başlamışdır. 
Prezident İlham Əliyevin bəyanatlarında ölkəmizin heç də ərazi iddialarında olmayaraq, vaxtilə boşeviklərin köməyi və iştirakı ilə zorla Azərbaycandan qopardılaraq Ermənistana verilmiş tarixi Azərbaycan torpağı olan Zəngəzur bölgəsində yeni nəqliyyat qovşaqlarının yaradılması ideyası beynəlxalq birlik tərəfindən müdafiə olunmuşdur. Hazırda Zəngəzur dəhlizinin yaradılması üçün həm Naxçıvan Muxtar Respublikası tərəfdən, həm də Zəngilan-Ağbənd istiqamətində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən nəqliyyat-logistika layihələri bu dəhlizin mütləq yaradılacağını düşünməyə tam əsas verir. 
Həmçinin Azərbaycan liderinin işğaldan azad edilmiş Laçın bölgəsində yeni həyatın bərqərar olması və Laçın dəhlizinin açılması istiqamətlərində apardığı ardıcıl və məqsədyönlü iş də dünya ölkələrində böyük razılıqla qarşılanmış və dəstək almışdır. Dövlət rəhbərimizin işğaldan azad edildikdən sonra Laçın rayonuna ilk tarixi səfəri zamanı burada Azərbaycan Respublikasının dövlət bayrağının önündə səsləndirdiyi bəyanatlar Laçının dünəni, bu günü və sabahı ilə əlaqədar kompleks məsələlərin mükəmməl və hərtərəfli mənzərəsini canlandırmağa xidmət edir. 
Prezident İlham Əliyevin Laçın rayonuna səfəri müddətində Ermənistanın ölkəmizin müxtəlif dövrlərdə ərazilərimizi ələ keçirməsi, işğal edilmiş torpaqlarda tarixi-mədəni irsimizin dağıdılması, toponimlərimizin təhrif edilərək süni şəkildə dəyişdirilməsi haqqında dünya ictimaiyyətinin diqqətinə çatdırdığı bəyanatları arxiv sənədləri, xəritələr, elmi-ədəbi əsərlər, xalq yaddaşı nümunələri və müasir reallıqları təsdiq edir. Bunun müqabilində Ermənistan tərəfinin Qarabağda onlara məxsus hər hansı bir tarixi əsası olan heç bir abidə, toponim göstərməsi mümkün deyildir. Çünki Qarabağın və Zəngəzurun nəinki yerüstü maddi-mədəniyyət abidələri, hətta yeraltı arxeoloji materiallar da, xalq yaddaşını əks etdirən folklor və etnoqrafiya nümunələri də ən qədim zamanlardan bu günə qədər Azərbaycan xalqına məxsus milli sərvətdir. Regionun hər qarışında bu reallıqları təsdiq edən istənilən qədər danılmaz dəlil-sübutlar vardır. Heç də təsadüfi deyildir ki, hələ XVIII əsrdə Molla Pənah Vaqif və Molla Vəli Vidadi öz şeirlərində səs-səsə verərək "Küllü Qarabağın abı-həyatı, nərmə-nazik bayatıdır, bayatı" sözlərini el-aləmə yaymışdılar. Məlum olduğu kimi, çar Rusiyası dövründə bir çox hallarda ermənilərin də iştirakı ilə hazırlanmış xəritələrdə Ermənistan adlı dövlətdən heç bir iz də yoxdur. 
Prezident İlham Əliyevin Laçın rayonuna səfəri zamanı haqqında bəhs etdiyi XX əsrin əvvəlləri və əvvəlki dövrlərin həmin xəritələri dünyanın ən mötəbər kitabxanalarında, muzey fondlarında olmamış deyildir. Azərbaycan Respublikası qeyd edilən dövrlərdə hazırlanmış rəsmi xəritələri Ermənistan tərəfinə təqdim etməyə hazır olduğunu bildirmişdir. Ermənistan və onların xaricdəki havadarları həmin xəritələrə baxıb, Ermənistan adlı qondarma dövlətin nə vaxt peyda olduğunu, necə süni şəkildə yaradıldığını, sonralar hansı əraziləri zəbt edərək ələ keçirdiklərini bir daha əyani şəkildə görə bilərlər. Sovet hakimiyyəti illərində bir-birinin ardınca cızılmış xəritələri müqayisə etdikdə Ermənistanın bolşeviklərin köməyi və Anastas Mikoyanın barmağı ilə Azərbaycandan nə vaxt və nə qədər əlavə torpaq sahəsi qopartdıqlarını da əyani şəkildə görmək mümkündür. Çox da uzaq olmayan sovet hakimiyyətinə qədərki dövrün xəritələrində isə erməni mənşəli yer adları axtarmaq özünü və başqalarını aldatmaqdan başqa bir şey deyildir. Çünki tarix boyu mövcud reallıqda mövcud olmayan belə adların xəritəyə salınması heç kəsin xəyalına belə gələ bilməzdi. Məkrli qüvvələrdən başqa, dünya ictimaiyyətinə isə artıq "yazıq ermənilərin" süni uydurmaları yox, elmə, tarixə, arxivə, xəritəyə əsaslanan gerçəklik lazımdır. 
Prezident İlham Əliyevin bəyanatlarındakı hər müddəanın arxasında təkzibedilməz tarixi faktların və mötəbər sənədlərin dayanması ölkəmizdə və  dünyada böyük inam qazanır. Dövlət başçımızın yaxın və uzaq tariximiz haqqında, Zəngəzur bölgəsi və Laçın rayonu barəsində səsləndirdiyi fikirlər siyasi-ideoloji cəhətdən olduğu kimi, elmi-tarixi baxımdan da möhkəm əsası olan müddəalardır. Bütün bunlara görə sərhədlərin yenidən tanıdılması məsələsində Azərbaycanın təklif etdiyi rəsmi xəritələrə istinad etmək bu taleyüklü problemin həllində obyektiv reallığa istinad etmək, tarixi ədaləti bərpa etmək deməkdir. Bu gün Ermənistanın 1929-cu ildə və sonralar zəbt etdiyi əlavə torpaqları geri qaytarmaqla sərhədlərin tanınması ilə bağlı bütün mübahisəli məsələlərə birdəfəlik son qoymaq mümkündür. Ona görə də sərhədlərin yenidən tanıdılması prosesində Ermənistanın vaxtilə onlara tərəfdar çıxmış bolşevik hökumətinin təzyiqi ilə, zorla zəbt etdiyi əlavə ərazilərlə bağlı məsələlərin gündəmə gətirilməsi tarixi ədaləti bərpa etməklə yanaşı, regionda sülhün və sabitliyin mühüm rol oynaya bilən faktora çevrilə bilər.
Ən əhəmiyyətlisi isə ondan ibarətdir ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda yeni tarixin də tərəflərin hamısı üçün məqbul və sərfəli olan mükəmməl yol xəritəsini çəkir. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarından və tarixi ərazilərimizdən keçəcək Zəngəzur və Laçın dəhlizləri bütün tərəflər üçün faydalı olduğu kimi, gərgin daxili çəkişmələrin və uydurma xülyaların məngənəsində boğulmaqda olan Ermənistana açılmış yeni bir qapıdır. Təəssüf ki, süni millətçilik və əsassız ərazi iddiaları bu qədər aydın reallıqları görməkdə Ermənistanın gözlərini kor etmişdir. Azərbaycan dövlətinin irəli sürdüyü prinsiplər və atdığı addımlar Ermənistan üçün regionda ən real çıxış yollarından ibarətdir. Dünyanın yeni reallıqlarını əyani şəkildə təsəvvür etmək üçün mühüm əhəmiyyətə malik olan Prezident İlham Əliyevin Laçın bəyanatları Ermənistan üçün ən ədalətli özünüdərketmə mesajlarıdır. Çünki Azərbaycan Laçın dəhlizinə, Zəngəzur magistralının bərpasına Avropa-Asiya üfüqləri miqyasında və region dövlətlərinin ümumi maraqları masştabında baxır. Ermənistan isə nəinki Laçından uzağı görə bilmir, əslində, bədnam ermənilər Laçının da mahiyyətini və əhəmiyyətini düzgün başa düşmürlər. Çox təəssüf ki, Ermənistanda anlaya bilmirlər ki, Zəngəzur-Laçın dəhlizləri Qərbin də, Şərqin də marağında olan qlobal xarakterli aktual məsələdir. Zəngəzur-Laçın dəhlizləri XXI əsrin Böyük İpək yolunun əsas keçid nöqtələridir. 
Zəngəzur-Laçın dəhlizləri eyni zamanda XX əsrin əvvəllərində ermənilərin zorla zəbt etdikləri ərazilər hesabına Azərbaycandan ayrı salınmış Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bərpa edilməsi üçün də zəruri layihələrdir. Ermənistan isə Zəngəzur və Laçın dəhlizləri vasitəsilə Rusiya, Türkiyə, İran İslam Respublikası, Avropa və Orta Asiya Respublikaları ilə, hətta Çin Xalq Respublikası ilə geniş əlaqə yaratmaq imkanları əldə edə biləcəkdir. Zəngəzur və Laçın dəhlizlərinin açılması Azərbaycanın olduğu kimi, Ermənistanın da 44 günlük müharibədən sonra əldə edə biləcəyi ən mühüm nailiyyətlərdən biri olacaqdır. Bununla həm, ümumiyyətlə, regionun, xüsusən də Azərbaycanın və Ermənistanın iqtisadi inkişafında yeni mərhələ başlayacaqdır. Ən başlıcası isə Ermənistan məhz Zəngəzur və Laçın dəhlizləri vasitəsilə otuz illik blokadadan çıxa biləcəkdir. Bu, bəlkə də Ermənistanın siyasi oyunlardan yaxa qurtara bilməyən dövlət rəhbərləri üçün cəlbedici deyildir. Çünki onlara xalqın real mənəvi və iqtisadi inkişafından daha çox siyasi oyunlar sərfəlidir. Lakin Zəngəzur və Laçın dəhlizləri siyasi rəhbərlərinin uzun illər ərzində miskin günə saldığı bədbəxt erməni xalqına hamıdan çox hava və su qədər lazımdır.
Lakin hadisələr və proseslər göstərir ki, Ermənistanda Zəngəzur və Laçın dəhlizlərinin əhəmiyyəti haqqında gerçək düşünə bilən və qərar qəbul edənlər yox kimidir. Ona görə də dünya birliyi və region dövlətləri Avrasiya coğrafiyası üçün olduğu qədər də Ermənistandan ötrü də son dərəcədə əhəmiyyətli olan bu problemin də həll edilməsini haqlı olaraq Azərbaycan Respublikasından gözləyir. 44 günlük Qarabağ müharibəsində olduğu kimi, Zəngəzur-Laçın dəhlizləri məsələsində də dünya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "dəmir yumruğ"una, dəmirdən də möhkəm olan ədalətli məntiqinə və obyektiv mövqeyinə böyük ümidlə baxır. 
Azərbaycan xalqı isə ürəkdən inanır ki, ölkəmizin lideri İlham Əliyev xalqımıza Qarabağ tarixi Zəfərinin qürurunu yaşatdığı kimi, Vətən müharibəsindən sonrakı çətin, məsuliyyətli və mürəkkəb şəraitdə də qarşıya çıxan çətinlikləri böyük bacarıqla dəf etməklə irəliyə doğru inkişafımızı təmin edəcəkdir. Vətən-Qarabağ müharibəsinin ikinci ildönümünün - Anım gününün keçirilməsi zamanı Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında nümayiş etdirdiyi möhtəşəm birlik və yekdillik ölkəmizi qələbədən-qələbəyə aparan ən böyük qüvvədir. Bütün bunlara görə Azərbaycan xalqının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hansı marşrutla, hansı layihə ilə gerçəkləşməsindən asılı olmayaraq, Zəngəzur qatarının yola çıxaracağı günün çox da uzaqda olmadığını düşünməyə haqqı vardır.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video