25 Noyabr 2022 03:03
306
SİYASƏT
A- A+

İlham Əliyev Paşinyanı KTMT-dən təcrid edir

 

Təşkilatın üzvlərinin Ermənistana deyil, növbəti dəfə Azərbaycana dəstək ifadə etməsi İrəvanı öz masasında məğlub etdi

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin  dövlət başçılarının  İrəvanda keçirilən sonuncu toplantısında Azərbaycan-Ermənistan arasındakı sülh prosesi əsas müzakirə mövzusu olub. 
Rusiya Prezidenti Vladimir Putin tərəflər arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirərək qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsini imzalamağa imkan verəcək.
İclasın ən maraqlı məqamı isə sonda baş verib. Belə ki, Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib. Bu ölkənin baş naziri Nikol Paşinyan iddia edib ki, KTŞ-nin bəyannaməsi və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəsi yetərincə işlənməyib və bu səbəbdən də o, bu formada sənədləri imzalamağa hazır deyil. 

 

Paşinyanın əsassız iddiaları 

 

Dövlət başçılarının keçirdikləri bu toplantıdan öncə iclasa evsahibliyi edən Ermənistan hakimiyyətinin bu dəfə də KTMT-dən Azərbaycana qarşı istifadə etmək üçün uğursuz cəhdlər göstərməsi gözlənilən idi. Çünki hadisələrin gedişatı göstərirdi ki, İkinci Qarabağ müharibəsində biabırçı hərbi kapitulyasiyadan sonra qalib komandan 
İlham Əliyev qarşısında diz çöküb yalvaran və sonrakı müddətdə erməni xislətinə sadiq qalaraq sülh sazişini imzalamamaq üçün müxtəlif iddialar səsləndirən Paşinyan yenə də bir "oyun" çıxaracaq. 
Bunun səbəbi də açıq-aydın bəllidir. Bu təşkilat yarandıqdan sonra bir dəfə də  Ermənistanın xeyrinə olmaqla Azərbaycanın ziyanına heç bir qərar qəbul etməyib. Ən azı ona görə ki, KTMT-də təmsil olunan Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ermənistan isə hər zaman KTMT-ni çətin vəziyyətdə qoyan addımlar atıb. Hətta N.Paşinyan Azərbaycan əleyhinə çıxış edərkən belə layiqli cavabı verilib.
Məsələn, bu ilin oktyabrında rəsmi İrəvanın təşəbbüsü ilə Azərbaycan-Ermənistan arasındakı gərginliyi müzakirə etmək üçün KTMT-nin növbədənkənar sessiyasında Paşinyan iddialı çıxış etməklə yanaşı, Azərbaycana qarşı əsassız, qanunazidd təkliflər səsləndirib. Hətta Ermənistanın təşkilatı tərk edəcəyini söyləməklə yanaşı, üzv ölkələri hədələyib də. Amma onun bu iddiasına, hədəsinə  Belarus Prezidenti Aleksandr Lukaşenkonun sərt cavabı gecikməyib. Azərbaycanın dost dövlət olduğunu vurğulayan Belarus Prezidenti Paşinyanı kəskin tənqid edib: "Siz tələb etdiniz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: 
İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edin, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq".
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən təbirdə Prezident İlham Əliyev də bu məsələyə toxunaraq demişdi ki, Ermənistanın məqsədi təşkilata üzv ölkələri Azərbaycanla üz-üzə qoymaq idi. Bu  da əlbəttə ki, böyük təxribat və cinayət hesab olunur. Ancaq təşkilatın digər üzvləri təxribata getməyib və hətta bəziləri öz çıxışlarında Ermənistanı elə günə qoyublar ki, Paşinyan bu günə qədər də onu yaddan çıxara bilmir.

 

KTMT üzvlərindən Ermənistana rədd cavabı

 

Bu reallıqlar təsdiq edir ki, Paşinyan qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. KTMT üzvləri aydın şəkildə göstərdilər ki, öz mövqelərində qalırlar və bu mövqedən geri çəkilməyəcəklər.
Həqiqət isə budur ki, Paşinyan İrəvanda keçirilən toplantını Ermənistanın maraqlarının müdafiəsi, Azərbaycanın ittiham olunması və öz mövqeyindən geri çəkilməyə məcbur edilməsi ilə bağlı fürsət kimi qiymətləndirirdi. 
Amma həm Rusiyada oktyabrda, həm də İrəvanda keçirilən son toplantıda üzv ölkələrin dövlət başçıları ortaya qoyduğu mövqe ilə nümayiş etdirdilər ki, KTMT üzvləri Ermənistanın maraqları naminə yeni avantüraya qol qoymaq, yaxın münasibətlərə malik olduqları Azərbaycanla əlaqələri pozmaq niyyətində deyillər və bu fikirdən uzaqdılar.
Baş verənlər onu deməyə əsas verir ki, təşkilata üzv dövlətlər Ermənistandan çox Azərbaycanın yanındadırlar. Bütün bunlar isə İlham Əliyevin yürütdüyü müstəqil siyasətin, sözünə sadiqliyinin və etibarlı tərəfdaşlığının bariz təcəssümüdür. 

 

Bütün cəbhələrdə fiaskosunu şərtləndirən başlıca amil

 

Çox nadir haldır ki, hər hansısa ölkə Zirvə görüşü təşkil edir, həmin tədbirdə onun özünü tənqid edirlər. Eyni zamanda görünməyən haldır ki, Zirvə görüşünə evsahibliyi edən ölkə sammitin yekun sənədini imzalamaqdan imtina edir.
Bu, onu göstərir ki, Paşinyan qarşıda duran vəzifələri və onların reallaşdırılması yollarını düzgün müəyyənləşdirə bilmir. Bu da onun həm hökumət başçısı, həm də siyasətçi kimi təcrübəsizliyindən irəli gəlir.
Noyabrın 24-də Ermənistan parlamentinin sədri Alen Simonyan elə Paşinyanvari çıxışı ilə gündəm olub. Simonyan iddia edib ki, guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın gözləntilərini doğrultmayıb. Əgər doğrultsaydı, onda bəyannamə imzalanardı. O, Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında bildirib ki, belə bəyanat verməyiblər. Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduqlarını bildiriblər.
Baş naziri yekun sənədə imza atmayan ölkənin parlamentinin sədrinin də eyni ampluada çıxış etməsi heç də qəribə görünməməlidir. Ermənistan özünü elə aparır ki, sanki hamı ona borcludur, onun üçün nəsə etməlidir, öz maraqlarına zidd olsa belə yardım göstərməlidir, amma bu ölkə heç kimə heç nə verməli deyil. Müasir dövrdə ikitərəfli və çoxtərəfli əlaqələrdə bu, mümkün olmayan bir məsələdir və Paşinyan bu gerçəkliyi anlamır. Buna görə də onun ABŞ, Avropa İttifaqı, KTMT və digər təşkilatlara, ölkələrə müraciətlərinin heç bir səmərəsi olmur və olmayacaq da.
KTMT-yə üzv ölkələrin liderləri görürlər ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən də KTMT-ni öz ambisiyalarını reallaşdırmaq üçün vasitə kimi qiymətləndirir və bu halda digər üzvlərin maraq və mənafelərini nəinki nəzərə almır, hətta düşünməyə belə cəhd göstərmir.
Bütün dünya, o cümlədən də KTMT-yə üzv dövlətlər işğalçı, digər bir ölkənin ərazilərini  30 il ərzində işğal altında saxlayan Ermənistanın əsl mahiyyətini aydın bilirlər və buna görə də Paşinyanın Azərbaycanla məsələlərin həlli kontekstində təkliflərinin, təşəbbüslərinin və tələblərinin səmimiliyinə inanmırlar.
KTMT-yə üzv ölkələr Azərbaycanın böyük potensialını, onun ardıcıl, aydın, bərabərhüquqlu əməkdaşlığa yönəlmiş siyasətini görürlər və ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edirlər. Ermənistanın baş naziri cəfəng iddialarla çıxış edəndə və təşkilata üzv olkələrə qarşı gülünc tələblər irəli sürəndə ya bu reallığı nəzərdən qaçırır, ya da ona əhəmiyyət verməməyə çalışırlar. Bu yanaşma Ermənistanın bütün cəbhələrdə fiaskosunu şərtləndirən başlıca amildir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video