Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
27 sentyabr, saat 06:00... BAŞLADIQ
Zəfər gündəliyi
2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə Ermənistan hərbi birləşmələri növbəti dəfə genişmiqyaslı hərbi əməliyyata başlayır...
Azərbaycan Silahlı Qüvvələri isə düşmənə layiqli cavab vermək üçün əmr gözləyir və illərlə gözlənilən hərbi komanda verilir - İrəli!..
Savaş tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi başlayır...
Saat 07:30
Müdafiə Nazirliyinin məlumatı
Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu genişmiqyaslı təxribat törədib
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Saat 08:35
Müdafiə Nazirliyinin məlumatı
Düşmənin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.
Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.
Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.
Əhali arasında çaşqınlıq salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.
Saat 09:10
Müdafiə Nazirliyinin məlumatı
Bütün cəbhəboyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd "OSA" zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.
Saat 10:28
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatı
Ölkə üzrə internetin verilməsi məhdudlaşdırılır
Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görə, nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək: "Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik".
Saat 10:53
Müdafiə Nazirliyi təkzib edir
Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Bildiririk ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.
Saat 11:08
Müdafiə Nazirliyinin məlumatı
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
Rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.
Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir.
Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır.
Saat 11:50
Prezident xalqa müraciət edir
İlham ƏLİYEV: "Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir"
Prezident İlham Əliyev xalqa müraciət edərək deyir ki, bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub.
Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.
Ali Baş Komandan vurğulayır ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alırdı. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olublar. Amma Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi.
Bu tədbirlərlə düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı: "Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır".
Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü?
Prezident bu məsələyə aydınlıq gətirərək deyir ki, ilk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər: "Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir". Prezident deyir ki, Ermənistanın iyul və avqust aylarındakı təxribatlarına verilən layiqli cavab onlara dərs olmayıb. Ona görə yenə də çirkin əməllərini həyata keçirirlər.
Dövlət başçısı bildirir ki, əgər Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" deyirsə, onda hansısa danışıqlardan söhbət gedə bilməz. Bu azmış kimi, Ermənistan rəhbərliyi iddia edir ki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir.
İlham Əliyev qətiyyətli şəkildə bəyan edir ki, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. Danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və bu o deməkdir ki, işğala son qoyulmalıdır:
"Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının "andiçmə" mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər".
Ali Baş Komandan Ermənistanın son təxribatlarını, müharibə hazırlıqlarını təsdiq edən faktları da misal göstərir. Bunlar qondarma "Dağlıq Qarabağ respublikası" parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərarın qəbul edilməsi, Ermənistanın baş nazirinin on minlərlə insanı birləşdirən "könüllü" hərbi birləşmələr yaradılacağı ilə bağlı bəyanatıdır. Bütün bunlar Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi.
İlham Əliyev bu barədə hətta BMT kürsüsündən də dünyaya səslənərək Ermənistanın yeni müharibəyə hazırlaşdığını, bu ölkənin təxribatlarının dayandırılmasının vacibliyini bildirdiyini deyir.
Azərbaycan Prezidenti Ermənistanın işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma siyasətinə də aydınlıq gətirir: "Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır".
Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisinin azaldığını vurğulayan dövlət başçısı deyir ki, bu ölkədə demoqrafik böhran yaşanır və onlarda işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirmələri üçün insan resursları yoxdur. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıb. Rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir, tarixi abidələrimiz, məscidlərimiz dağıdılır, təhqir edilir. Məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir.
Prezident deyir ki, Azərbaycan heç bir təxribata əl atmayıb, sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır: "Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə "Qarabağ Ermənistandır", bu, yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
Həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Amma dövlət başçısı bu qətnamələrin 30 ilə yaxın müddətdə kağız üzərində qaldığını söyləyərək deyir ki, bu müddətdə Minsk qrupu çərçivəsində danışıqlar aparılsa da, Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıb. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul edib. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyir:
"Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Saat 12:11
Müdafiə Nazirliyinin məlumatı
Əks-həmlə əməliyyatı uğurla davam edir
Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağ istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhəboyu şiddətli döyüşlər gedir.
Saat 13:42
Xarici jurnalistlərə qarşı təxribat
Ermənistan silahlı qüvvələri türkiyəli jurnalistləri hədəfə alır
Erməni hərbi bölmələri "TRT Haber" və "Anadolu" Agentliyinin əməkdaşlarının olduğu nöqtəyə minaatandan 3 atəş açırlar.
Bu barədə məlumatı "Anadolu" Agentliyi və TRT yayır.
Bildirilir ki, mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində jurnalistlər xəsarət almırlar.
Saat 13:46
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı
Tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayır. Sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət bu ölkənin işğalçılıq siyasətini, təxribatçı əməllərini kəskin şəkildə qınamalıdır.
Eyni zamanda Ermənistan beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur edilməlidir. Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Saat 14:00
Müdafiə Nazirliyinin məlumatı
Ordumuz bir sıra kəndlərimizi və vacib yüksəklikləri azad edib
Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib.
Hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Ağdərə rayonu istiqamətində və Murovdağ silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Döyüş əməliyyatları davam edir.
Saat 14:16
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə tam dəstək
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.
Başsağlığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib.
Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Saat 15:05
Müdafiə Nazirliyinin məlumatı
Düşmənin döyüş texnikaları məhv edilib
Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks-həmlə əməliyyatı nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikaları məhv edilib.
Saat 15:57
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir
İlham Əliyev: "Uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq"
Günün ikinci yarısında Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir.
İclasda çıxış edən Ali Baş Komandan deyir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.
Amma Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib:
"Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!"
Prezident deyir ki, Azərbaycan Ermənistana 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verib. Amma görünür ki, bu, onlar üçün dərs olmayıb: "Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir".
Ali Baş Komandan bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyinin olduğunu, eyni zamanda ordumuza könüllü yazılanların sayının on minlərlə insanı əhatə etdiyini söyləyərək bunu xalqımızın öz dövlətinə sadiqliyinin göstəricisi adlandırır: "Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik".
İclasda çıxış edən müdafiə naziri Zakir Həsənov isə Ali Baş Komandana məruzə edərək deyir ki, əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb, yeddi kənd işğaldan azad olunub. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir.
Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Düşmən tam şəkildə geri çəkilir.
İclasa yekun vuran Ali Baş Komandan əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edir: "Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!"
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Fransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edir
Prezident Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayır.
Dövlətimizin başçısı qeyd edir ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.
Telefon söhbəti zamanı dövlət başçısı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd edir ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
Azərbaycan Prezidenti bildirir ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Saat 16:29
Müdafiə Nazirliyinin məlumatı
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib
Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın hərbi komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.
Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki şəxslərlə davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq humanitar hüquqa əsasən həyata keçiriləcək.
Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.
Saat 18:18
Müdafiə Nazirliyinin məlumatı
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır
Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb.
Nazirlik Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının videogörüntülərini yayır.
Saat 18:28
Müdafiə Nazirliyinin məlumatı
Murovdağ silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi azad olunub.
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.
Saat 18:45
Türkiyə Prezidenti sosial şəbəkədə paylaşım edir
Rəcəb Tayyib Ərdoğandan Azərbaycana növbəti dəstək
"Bugünkü telefon danışığı zamanı bacarıq və qətiyyətinə bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə də bildirdiyim kimi, Türkiyə "bir millət, iki dövlət" anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyi davam etdirəcək".
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində etdiyi paylaşımda bildirib.
Türkiyə Prezidenti qeyd edir ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi: "Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Erməni xalqını onları fəlakətə aparan hakimiyyətinə və onları oyuncaq kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edirik. Bütün dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq".
Saat 19:05
Azərbaycan Respublikası Prezidentinin fərmanı
Ölkə ərazisində hərbi vəziyyət elan edilir
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyətin elan edilməsilə bağlı fərman imzalayır.
Sənəddə bildirilir ki, hərbi vəziyyətin təmin edilməsi məqsədilə "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin.
Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
Şəhər və rayonlara xüsusi giriş-çıxış rejimi tətbiq edilir, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.
Saat 19:59
Milli Məclisin iclası keçirilir
Parlament Azərbaycanda hərbi vəziyyətə keçidi təsdiq edir
Milli Məclisin iclası keçirilir. Parlamentin Sədri Sahibə Qafarova bildirir ki, Prezident İlham Əliyev "Hərbi vəziyyət elan edilməsi haqqında" fərman imzalayıb və həmin sənədin təsdiq edilməsi üçün Milli Məclisə təqdim edib. "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə, "Hərbi vəziyyətin elan edilməsi haqqında" fərman Milli Məclisə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, parlamentin iclası keçirilir. Bugünkü iclasın keçirilməsi də bu zərurətdən irəli gəlir.
Müzakirələrdən sonra Milli Məclisin qərarı qəbul edilir. Qərara əsasən, "Hərbi vəziyyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli fərmanı təsdiq edilir.
Saat 20:08
Baş Prokurorluğun məlumatı
Ermənistanın atdığı mərmi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan rayonunda bir ailənin 5 üzvü həlak olur. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində rayonun Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Elbrus Qurbanov və onun 4 ailə üzvü, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova həlak olublar.
Bundan başqa, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edib. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə tərəfimizdən xüsusi beynəlxalq tribunalın yaradılması üçün bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına müraciət ediləcək.
Saat 20:15
Müdafiə Nazirliyinin məlumatı
Düşmənin 22 tankı, 15 zenit-raket kompleksi, silah anbarı məhv edilir
Qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilir.
Ordumuzun zərbələri nəticəsində anbarda baş verən partlayışlar nazirliyin yaydığı videoda aydın müşahidə olunur.
Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalır. Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd "OSA" zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.
Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Vardanyan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.
Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.
Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir Prezident İlham Əliyev iclasda iştirak edir YENİLƏNƏCƏK
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib
Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb
Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB
RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur
Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib
Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub
Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2
Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub
Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb
Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir
Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır
Fransız dilinin mövqeyi zəifləyir
Sabahın havası: Günəş də var, yağış da var, külək də...
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır
Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib
Doqquz ayda 25 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub
Taha Ayxan: İstərdik ki, Azərbaycan halal biznes və turizm sahəsində öz liderliyini qoruyub saxlaya bilsin
Cari ilin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 900 milyard dolları ötüb
10 milyon hektar bitki örtüyü məhv oldu
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!