19 Yanvar 2023 02:41
1670
SİYASƏT
A- A+

Heydər Əliyev qətiyyətinin təntənəsi

 

Ulu Öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi: "Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub". 
Zaman keçdikcə, nəsillər dəyişdikcə xalqımız, xüsusən də gənclərimiz tarixi həqiqətləri öyrənməli və gercəkləri bilməlidirlər. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifə kimi hər bir ziyalının fəaliyyətinin mühüm bir hissəsi olmalıdir. Bu baxımdan 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. 

 

Heydər ƏLİYEV: "Bir halda ki, mübarizə lazımdır, deməli, mübarizə aparmalıyam!"

 

Heydər Əliyev fenomenini araşdırdıqca onun böyüklüyünün bir  daha  heyranı olursan. Uzun illər respublikaya rəhbərlik etmiş və ittifaq səviyyəsində mühüm post tutmuş bir şəxsin həyat və fəaliyyəti ciddi maraq doğurmaya bilməz. Təsadüfi deyil ki, bu dövrü haqlı olaraq Heydər Əliyev epoxası adlandırırlar. 
Heydər Əliyevin böyüklüyünü dərk etməyən və vaxtilə onu cəmiyyətdən təcrid etməyə çalışan və bununla da onun unudulacağını düşünən nankor adamların fəaliyyətinə də təəssüflənməyə bilmirsən. Bu dardüşüncəli adamların Heydər Əliyevi təcrid etməklə, əleyhinə qarayaxma kampaniyası aparmaqla onun siyasət meydanından uzaqlaşdırmaq fikirlərinin məntiqsiz və absurd olduğu sonrakı hadisələr zamanı bir daha təsdiq olundu. 
26 iyul 1990-cı ildə Naxçıvanın "Şərq qapısı" qəzetində "Daha susa bilməzdim" adlı müsahibəsində dahi şəxsiyyət bu hadisələri belə xarakterizə edir:  "Təxminən  üç il əvvəl mən Siyasi Büronu tərk etmişəm. Əsas səbəb xəstəliyim olub. İnfarkt keçirdim. Həkimlər fəal həyat tərzindən əl çəkməyi məsləhət gördülər. Artıq üç ildir ki, siyasi həyatdan kənardayam. Lakin 1989-cu ilin aprelinədək Sov.İKP Mərkəzi Komitəsinin üzvü, həmçinin SSRİ-nin və bu ilin ortalarınadək RSFSR Ali sovetlərinin deputatı olmuşam. Amma fəaliyyət göstərməmişəm. Bununla bərabər mən bir sıra qüvvələrin, xüsusilə bəzi kütləvi informasiya vasitələrinin ədalətsizliyini özümə qarşı qərəzkarlığını üzərimdə hiss etmişəm. Mənə elə gəlir ki, bu işdə müəyyən dərəcədə partiya orqanlarının müvafiq dairələrinin əli vardır. Azərbaycanda bu, şübhəsiz belə idi. Lakin Moskvada da bu cür "hücumlar" təşkil olunurdu. Cəmi il yarım Azərbaycan KP MK-nin birinci katibi işləyən və fəaliyyəti biabırçı uğursuzluqla başa çatan Ə.Vəzirov bu işin şübhəsiz ki, təşkilatçısı idi. O, mənim haqqımda istər respublika, istərsə də Moskva mətbuatında böhtanlı məqalələr çap olunmasını təşkil edirdi. Mən dözməyə çalışırdım. Əlbəttə, bir insan kimi inciyirdim, axı özümə qarşı belə münasibətlər haqsız idi. Buna görə də 1989-cu ilin aprelində təəccüblü bir hadisə - Mərkəzi Komitənin 110 üzvünün və üzvlüyə namizədin öz arzusu ilə Mərkəzi Komitədən çıxdığı bir zamanda, axırıncı imkan olduğunu nəzərə alıb MK-nin plenumunda çıxış etdim və dedim ki, mənə qarşı böhtançılıq kampaniyası təşkil edilibdir. Bu, başdan-ayağa haqsızlıqdır. Mən belə hesab edirəm ki, ləyaqətlə işləmişəm. Əlbəttə səhv və nöqsanım da olub. Bunsuz mümkün deyil. Lakin mənim ünvanıma deyilən böhtanlar heç biri həqiqətə uyuşmur. Bu dediklərim uzun müddət üzv olduğum Siyasi Büronun üzvlərinə və çiyin-çiyinə işlədiyim yoldaşlara təsir etmədi. Onlar dediklərimə əhəmiyyət vermədilər. 
 Sonra mənə bir sıra müxbirlər müraciət etdilər. Mən xeyli müddət müsahibə vermədim. Keçən ilin noyabr ayında "Teatralnaya jizn" jurnalının müxbiri Andrey Karaulov mənə müraciət etdi. Mən ona müsahibə verdim. Daha sonra Azərbaycanda bu ilin yanvarın 19-20-nə keçən gecə törədilən cinayət, buraya böyük miqdarda hərbi qüvvə yeridilməsi və bunun da öz növbəsində xeyli insan tələfatına səbəb olması mənə çox pis təsir etdi. Mən daha susa bilməzdim. Buna görə də mən Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyinə gəldim. Burada mətbuat konfransında müxbirlərin suallarına cavab verərək bu hərəkətin antihumanist, antidemokratik, Konstitusiyaya zidd hərəkət olduğunu bildirdim. Mən ölkənin siyasi rəhbərliyini şəxsən Qorbaçovun hərəkətlərini pislədim. Bildirdim ki, Azərbaycanda yaranmış ağır vəziyyəti belə bir tədbirə əl atmadan da nizama salmaq olardı. Lakin mərkəz qanundankənar yolla getdi. Həmin gündən sonra mənə qarşı hücumlar daha da gücləndi. Düz on gün sonra "Pravda" qəzetində mənə qarşı vicdan və insan ləyaqətindən uzaq, cəfəngiyat və hər cür uydurmalarla dolu məqalə çap olundu. Bu vaxtı mən başa düşdüm ki, bir halda ki, mübarizə lazımdır, deməli, mübarizə aparmalıyam!"
Tarixi müsahibədə deyildiyi kimi, artıq hadisələr Heydər Əliyevi mübarizəyə səsləyirdi. Şübhəsiz ki, bu məsələlərdə iki uğursuz siyasətçinin adını çəkməmək mümkün deyil. Bir tərəfdən SSRİ-nin rəhbəri M.Qorbaçovun, digər tərəfdən isə Azərbaycan SSR-nin rəhbəri Ə.Vəzirov kimilərinin böyük şəxsiyyət Heydər Əliyevə qarşı qarayaxma kampaniyası artıq dözülməz həddə çatmışdı. 
Yeri gəlmişkən, tarixi ədalət naminə bu uğursuz siyasi tandem haqqında bir neçə söz deməyi özümə borc bilirəm. Mənəviyyat və siyasi əxlaq baxımından harmoniya təşkil edən bu şəxsləri hansı "keyfiyyət" birləşdirirdi? Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyasının I katibi seçildikdən sonra Ulu Öndər 40 yaşlı gənc komsomolçu Əbdürrəhman Vəzirovu Azərbaycanın ikinci şəhəri olan Gəncə şəhər partiya komitəsinin birinci katibi kimi mühüm vəzifəyə seçilməsini təmin etdi. Sonra o, 1974-1976-cı ilə qədər Azərbaycan KP MK sənaye şöbəsinin rəhbəri kimi çalışıb. 
1988-ci ildə M.Qorbaçovun təklifi ilə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə təyin edilən Ə.Vəzirovla M.Qorbaçovu Qarabağ münaqişəsinə, 20 Yanvar hadisələrinə və ermənilərə münasibətdə sona qədər eyni mövqe nümayiş etdirdilər.
Ermənilərin çox olduğu Stavropol kimi bir bölgədə I katib işləyən M.Qorbaçovun müsəlman-türk xalqlarına olan anormal münasibəti özünü çox gözlətmədi. SSRİ KP MK-nin birinci katibi seçilən M.Qorbaçov uzun illər Qazaxıstana uğurla rəhbərlik etmiş Sov. İKP. MK Siyasi Bürosunun üzvü Dinməhəmməd Kunayevi heç bir lüzum olmadan vəzifədən çıxararaq yerinə Moskvadan göndərilən Kolbini qoymuşdu. Qazaxların buna kütləvi etirazını M.Qorbaçov ilk dəfə ordunun qüvvəsindən istifadə edərək qırğınlar törətməklə, qanunsuz həbslər həyata keçirməklə yatırtmışdı.
Qazağıstan, Almatı  hadisələri Siyasi Büro üzvləri arasında kəskin fikir ayrılığına səbəb olmuşdu. Buna etiraz bildirən Siyasi Büro üzvü Heydər Əliyev və Siyasi Büro üzvlüyünə namizəd Şərəf Rəşidov arzuedilməz şəxslərə çevrilmişdilər.
Yuxarıda qeyd edilənlərdən M.Qorbaçovun Heydər Əliyevə münasibətinin anatomiyasını anlamaq çətin deyil.  Amma Heydər Əliyevin etimad göstərdiyi və vəzifə pillələrində irəli çəkdiyi Ə.Vəzirov və A.Mütəllibovun riyakar münasibəti anlaşılan deyil. Heydər Əliyevin özünün bu məsələlərə münasibəti maraq doğurur.
Heydər Əliyevin Naxçıvana gəlişindən sonra 26 iyul 1990-cı ildə "Şərq qapısı" qəzetinə  ilk  müsahibəsində  jurnalist M.Möhsün ona belə bir sual ünvanlayır: 
- Yoldaş Əliyev, Siz bir anlığa mənim yerimdə olsaydınız Heydər Əliyevə ən başlıca sualınız nə olardı?
- (Xeyli gülür) Hansı sualı verərdim? Çox sual verərdim (yenə gülür).
- Başlıca sual?
- Başlıca sual? Soruşardım ki, ay Əliyev, bəzi adamları niyə yaxşı tanımamısan?
Dahi siyasətçinin özünə verdiyi bu ritorik sualın arxasında böyük həqiqətlər dayanırdı. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyevin gənc kadr kimi böyük etimad göstərərək  vaxtıilə  vəzifə tramplinlərində sürətlə irəli çəkdiyi, sonradan Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov birinci sıralarda gedir. Azərbaycan tarixinə qara ləkə kimi düşmüş 20 Yanvar və Xocalı faciələri bu iki şəxsin adını tarixə təqsirkar kimi yazıb. 
20 Yanvar hadisələrinin xronologiyasını vərəqlədikcə, Heydər Əliyevlə bağlı maraqlı bir hadisə diqqətimi cəlb etdi. Odur ki, məqalənin bu hissəsinə gizlədilmiş teleqram yarımbaşlığını seçdim.

 

Gizlədilmiş teleqram

 

Sov. İKP-nin Siyasi Bürosundan istefa vermiş  təqaüdçü kimi Moskvda yaşayan Heydər Əliyevi siyasi hadisələrdən kənarlaşdırmaq, onun əleyhinə qarayaxma kampaniyası apararaq ləkələmək, dövlət xadimi kimi sıradan çıxararaq siyasət meydanından tamamilə uzaqlaşdırmaq prosesi geniş vüsət almışdı. Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatının genişlənməsinin qarşısını almaq və Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə sovet rəhbərliyi yerli nökərlərin əli ilə sovet ordu hissələrinin qanunsuz olaraq Azərbaycana yeridilməsini planlaşdırırdı. Bu cür mürəkkəb və gərgin siyasi şəraitdə hadisələrə təsir edə biləcək ən böyük siyasətçi məhz Heydər Əliyev idi. Odur ki, bütün bədxahları onu siyasi baxımdan təcrid etmək yolunu tuturdular. Ürəyi Azərbaycan eşqi ilə döyünən Heydər Əliyevin özünün də qeyd etdiyi kimi, o, artıq susa bilməzdi. Lakin  süni maneələr qaçılmaz idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ  hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqının azadlıq istəyini qırmaq, milli hərəkatı boğmaq məqsədilə Azərbaycana qanunsuz olaraq qoşun yeridərək kütləvi qırğın törətdi. 
Hadisə nəticəsində Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar olunmamışdır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində çoxlu dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
Sovet rəhbərliyi SSRİ-nin Konstitusiyasını, həmçinin beynəlxalq humanitar hüququn bütün müdəallarını ayaq altına ataraq mülki əhaliyə, öz vəzifə borcunu yerinə yetirən həkimlərə qarşı qətllər həyata keçirmişdir. Sözsüz ki,  həmin dövrdə bütün dünya azərbaycanlılarının diqqəti Bakıda baş vermiş qanlı faciəyə yönəlmişdi. Bu məqamda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ilk işi bütün təzyiqlərə və həyati təhlükələrə baxmayaraq, ona qarşı yönəldilmiş blokadanı yararaq bu ağır gündə Azərbaycan xalqının yanında olmasını ifadə edən teleqram vuraraq hadisəyə ilkin olaraq həm siyasi-hüquqi qiymət vermiş, həm də öz səsini ucaltmışdı. Teleqramda deyilirdi: 
"Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, Ali Sovetə,  Nazirlər Sovetinə,  Azərbaycan xalqına
Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. 
Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizə ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. 
Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm. 
Heydər Əliyev,  21 yanvar 1990-cı il,  Moskva".
Bu gizlədilmiş teleqramın mətnində hadisələrə dərhal və çevik reaksiya verən dahi siyasətçi aşağıdakı çağırışları edirdi: 
1) Hadisələrə siyasi-hüquqi qiymət verilməsi.
2) Əhalini təmkinli olmağa çağırış.
3) Həmrəyliyə çağırış. 
Teleqramın mətnində  bir məsələ də  xüsusi  diqqəti cəlb edir. Heydər Əliyev bu teleqramın mətninin yayılmasını xahiş edərək qeyd edir: "Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm". 
Lakin biz həmin dövrün dövrü mətbuatında, televiziya və radio verilişlərində Heydər Əliyevin bu teleqramının mətninə rast gəlmədik. Nədən? Həmin dövrdə Azərbaycana rəhbərlik etmiş Ə.Vəzirov Qorbaçovun göstərişi ilə Heydər Əliyevə qarşı kampaniya aparmaqla, eyni zamanda onu siyasi həyatdan təcridetmə siyasəti yürüdürdü. 

 

Moskvada verilən siyasi qiymət 

 

Heydər Əliyev bununla kifayətlənməyib həyatını təhlükəyə ataraq 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bəyanat yaydı. Bəyanatda deyilir: 
- Əziz həmvətənlərim, xanımlar və cənablar! Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı Daimi Nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün ikiillik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq iş təkcə bununla bitmir. İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir? Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır". 

(Ardı var)
Sadiq QURBANOV, 
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video