18 Avqust 2022 02:03
954
SİYASƏT
A- A+

Heydər Əliyev qətiyyətinin təcəssümü

 

Qələbələri ilə fəxr etdiyimiz Azərbaycan Ordusu dövlətçiliyimizin və təhlükəsizliyimizin əsas təməllərindən, bel sütunlarından biridir. 
2016-cı ilin Aprel döyüşlərində düşmənin başını əzən, 2020-ci ilin Vətən müharibəsində  ərazi bütövlüyümüzü təmin edən ordumuzun avqustun 3-də keçirdiyi uğurlu "Qisas" əməliyyatı bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin gücləndirdiyi Azərbaycan Ordusu istənilən təhdidin qarşısını dərhal almağa qadirdir.
Ordumuzun gücü və zəfəri ilə qürur duyduğumuz bu günlərdə biz həm də müstəqillik tariximizdə ordu quruculuğu istiqamətindəki əlamətdar hadisələri və təqvimləri də fəxarətlə yada salırıq. Bu mənada 1992-ci il avqustun 18-də Naxçıvan Muxtar Respublikasından keçmiş sovet qoşunlarının çıxarılmasının başa çatdırılması Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə Azərbaycanda həyata keçirilən ordu quruculuğunun şərəfli səhifələrindən biridir. Bu gün həmin tarixdən 30 il ötür.
Öncə onu bildirək ki, Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıdışı respublikamızda baş qaldırmış müstəqillik mübarizəsinin daha da vüsət almasına və bütövlükdə bütün siyasi proseslərin tamamilə yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdu. Məhz Heydər Əliyevin təşəbbüsləri və rəhbərliyi ilə Naxçıvanda atılan qətiyyətli və cəsarətli addımlar, sovet atributlarından imtina edilməsi, ilk dəfə üçrəngli bayrağımızın dövlət bayrağı elan olunması, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi, keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun muxtar respublikada boykot edilməsi xalqımızın öz istiqlalı uğrunda mübarizəsini gücləndirərək yeni müstəviyə yüksəltdi, həqiqi müstəqilliyə qovuşmasını sürətləndirdi.
Əbədiyaşar şəxsiyyət Naxçıvana qayıdışı ilə həm də bu qədim yurdumuzu erməni işğalından qorudu. Həmin dövrdə sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda separatçılıq fəaliyyətini gücləndirən ermənilərin hədəflərində Naxçıvan da var idi. Azərbaycan rəhbərliyinin qətiyyətsiz və cəsarətsiz fəaliyyəti  isə ermənilərin işğalçılıq planlarını daha da gücləndirirdi. Belə bir vaxtda Naxçıvan sanki taleyin ümidinə buraxılmışdı. Yalnız 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsindən sonra həyata keçirilən müdafiə tədbirləri, Milli Müdafiə Komitəsinin  yaradılması qədim yurdumuzu işğaldan, hərbi təcavüzdən xilas etdi. Həmin dövrdə Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda milli ordu quruculuğu prosesinin başlanğıcı oldu.
Respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri ordu quruculuğunun həyata keçirilməsi, torpaqlarımızın müdafiəsinin təşkil olunması idi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qrupların bu məsələdə buraxdıqları kobud səhvlərin nəticəsində vahid komandanlığa əsaslanan ordunun yaradılması mümkün olmadı. Silahlı dəstələr əsasən ayrı-ayrı şəxslərə və ya siyasi qruplara bağlı idi ki, bunun da acı nəticəsi tarixdən hər birimizə məlumdur.
Naxçıvanda isə vəziyyət tamamilə fərqli idi. Çünki muxtar respublikada həyata keçirilən ordu quruculuğunun başında görkəmli və təcrübəli dövlət xadimi, böyük sərkərdə  Heydər Əliyev dayanırdı. Digər tərəfdən, Heydər Əliyevin dövlət və xalq qarşısında ən böyük xidmətlərindən biri keçmiş sovet ordusunun hərbi birləşməsinin Naxçıvandan çıxarılması idi. 1992-ci ilin yay aylarında Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında Rusiyanın Zaqafqaziya Sərhəd Dairəsinin Naxçıvandakı hərbi hissələrinin komandanlıqları ilə aparılan danışıqlar nəticəsində 75-ci motoatıcı diviziyanın ləğv edilməsi və diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycana verilməsi haqqında razılıq əldə edilmişdi. Həmin danışıqlarda muxtar respublika rəhbəri Azərbaycanın artıq tam müstəqil dövlət olduğunu və dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanındığını əsas tutaraq Azərbaycanın, onun tərkib hissəsi olan Naxçıvanın ərazisində başqa dövlətin hərbi hissələrinin qalmasının qeyri-mümkünlüyünü qətiyyətlə bildirmişdi.
1992-ci il iyulun 25-də Naxçıvan Ali Məclisinin Rəyasət Heyətinin iclasında muxtar respublikanın Dövlət Müdafiə Komitəsinin yenidən təşkil edilməsi və onun əsasında Azərbaycan Müdafiə Nazirliyinin tərkibində müvafiq hərbi birliyin yaradılması məqsədəuyğun hesab olundu. İyulun 22-də 75-ci diviziyanın bütün əmlakının, texnikasının, silah və sursatının Azərbaycan Ordusuna təhvil verilməsinə başlanıldı və bu proses avqust ayının 15-də yekunlaşdırıldı. 
1992-ci il avqustun 18-də keçmiş sovet ordusunun 75-ci diviziyasının şəxsi heyətinin son dəstəsi Naxçıvanı tərk etdi. Bundan bir qədər sonra isə keçmiş sovet dövlətinin 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi. Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda 5-ci Əlahiddə Motoatıcı Briqadası təşkil olundu.
XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Naxçıvan ərazisi Rusiya ilə İran arasında toqquşmalar meydanına çevrilmişdi. Elə həmin dövrdən də Naxçıvanda xarici bir dövlətin hərbi iştirakı yaranmışdı. 30 il əvvəl isə tarixi Azərbaycan torpağı olan Naxçıvanda xarici ölkənin hərbi mövcudluğuna birdəfəlik son qoyuldu. Naxçıvanda xarici ölkənin hərbi iştirakının ləğvinin müəllifi isə Ulu Öndər Heydər Əliyevdir.
Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda həyata keçirilən ordu quruculuğu Ermənistanın bu istiqamətdəki işğalçılıq planlarının qarşısını qətiyyətlə aldı, onu iflasa uğratdı. Son 19 ildə isə Naxçıvanın müdafiəsi daha da gücləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi mükəmməl ordu quruculuğu nəticəsində Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı möhkəmləndirilib,  döyüş hazırlığı ən müasir səviyyəyə çatdırılıb. Təsadüfi deyil ki, 2018-ci ildə Günnüt əməliyyatını uğurla həyata keçirən Əlahiddə Ümumqoşun Ordunun bölmələri Vətən müharibəsində də qələbimizin təmin olunmasında böyük qəhrəmanlıqlar, fədakarlıqlar göstərdilər.
Vətən müharibəsindən sonra silahlı qüvvələrimizin strukturuna daxil olan bütün qoşunlar kimi, Əlahiddə Ümumqoşun Ordunun da döyüş imkanları artırılır. Görünən odur ki, muxtar respublikanın, bütövlükdə dövlətimizin etibarlı hərbi müdafiəsi qətiyyətlə və layiqincə təmin olunur.

Cəbi QULİYEV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video