24 May 2022 02:01
297
Mədəniyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada ənənəvi yəhudi evi bərpa olunacaq

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, "Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi" Amerika Birləşmiş Ştatlarının, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlikdə həyata keçirilir.

Mayın 23-də Qubada layihənin başlanması ilə əlaqədar təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer, İsrailin ölkəmizdəki səfiri Corc Dik iştirak edib.

Mərasim Qırmızı qəsəbədə dünyada ilk dəfə yaradılan Dağ Yəhudiləri Muzeyinin qarşısında təşkil olunub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Qırmızı qəsəbədə sinaqoqlar, yəhudi dinini öyrədən dərnəklər, turist informasiya mərkəzi və bir çox digər görməli yerlər var.

"Prezident İlham Əliyevin xüsusi önəm verdiyi multikulturalizm ənənələrinin əsl nümunələrindən birini Qubanın Qırmızı qəsəbəsində görmək olar. Burada dağ yəhudiləri uzun illərdir tolerantlıq şəraitində yaşayırlar. Qubada dağ yəhudiləri ilə yanaşı, 20-dən çox etnik azlıqların nümayəndələri dostluq, qardaşlıq şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalmadan birgə yaşayır. Bu gün qeyd olunan layihənin Qubada reallaşmasına görə təşəkkür edirəm. Dağ yəhudilərinə məxsus evin bərpası həm tarixi, həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır", - deyə Ziyəddin Əliyev bildirib.

Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, bu gün Azərbaycan bütün regionda sülh, əməkdaşlıq, dostluq, multikulturalizm dəyərləri və birlik siyasətini təbliğ edir. Qazandığımız və regionda nümayiş etdirdiyimiz bu dostluq siyasəti xalqımızın həmrəyliyi və beynəlxalq əməkdaşlarımızla olan sıx münasibətlərimizin nəticəsidir. Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin dünyada təbliği ilə yanaşı, həm ölkəmizdə, həm də Azərbaycandan kənarda müxtəlif dinlərin qardaşlığı, xalqların birliyi və dostluğu ilə bağlı çoxsaylı layihələr həyata keçirib.

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və bu gün onun yolunun davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz multikulturalizm və dinlər arasında dostluq, qardaşlıq təşkil edir. Azərbaycan tərəfindən multikulturalizm dəyərlərinin təbliği beynəlxalq ictimaiyyət tərəfindən tanınır və qəbul olunur. Multikulturalizm Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir.

"Heydər Əliyev Fondu Fransanın müxtəlif vilayətlərində ondan çox kilsənin, o cümlədən Strasburq Kafedral kilsəsinin bərpa olunmasında yaxından iştirak edib. Bundan başqa, müsəlman aləmi üçün böyük bir yenilik olan, Azərbaycan Vatikanla əməkdaşlıq çərçivəsində katakombaların bərpasında çox böyük işlər görülüb. Fondun təşəbbüsü ilə ölkəmizdə də bir sıra dini məbədlərin bərpası həyata keçirilib. İsrail səfirliyi ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən yəhudi uşaqları üçün tədris mərkəzinin açılması, sinaqoqun təmir olunması, bu yaxınlarda isə İsmayıllının Mücü kəndində yəhudi qəbiristanlığının bərpası kimi layihələr həyata keçirilib", - deyə Soltan Məmmədov bildirib.

Soltan Məmmədov Heydər Əliyev Fondunu iştirakı ilə reallaşan "Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi"nin turizm baxımından çox əhəmiyyətli olduğunu və buranın gələcəkdə qonaqpərvərliyin bir nümunəsi kimi təqdim olunacağını qeyd edib. 

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman bütün bu layihələrin icrasına xüsusi diqqət yetirir. Xüsusilə Azərbaycanda yaşayan milli azlıqların bərabərhüquqlu həyat tərzi, Azərbaycan ictimaiyyətinin ayrılmaz bir hissəsi, dövlətimizin həyata keçirdiyi dinlərarası siyasətdən bəhrələnməsi üçün böyük dəstək göstərir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer Azərbaycanda mədəni müxtəlifliyin bariz nümunəsi olacaq və turistlərinin diqqətini çəkəcək layihədə iştirak etməkdən məmnunluğunu ifadə edib. "Burada Azərbaycan, ABŞ və İsrail bayraqlarının yanaşı dayanması məndə çox dərin təəssürat yaradır. Bu üç bayraq dini tolerantlıq və multikulturalizm siyasətinin əsas qayəsi, istiqaməti seçən ölkələri təmsil edir. Tolerantlıq bir-birimizin fərqliliklərini anlamaq və buna dözmək deyil. Bu müxtəliflikləri qeyd etmək və bəşəriyyətin dəyərləri olan bu fərqlilikləri qucaqlamaqdır. Biz bundan əvvəl də Heydər Əliyev Fondu və İsrail səfirliyi ilə ayrı-ayrılıqda bir sıra layihələr həyat keçirmişik. Amma bu, üç qurumun birlikdə həyata keçirdiyi ilk layihə olacaq. Bununla da daha bir ənənənin əsası qoyulur.

Mən fəxr hissi duyuram ki, ABŞ və İsrail Azərbaycanın dostları kimi bu ölkənin zəngin tarixinə, əsrarəngiz təbiətinə, gözəl insanlarına dəstək olur. Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də ölkədən kənarda, dünya miqyasında gördüyü işlərə görə təşəkkür edirəm", - deyə səfir söyləyib.

İsrailin ölkəmizdəki səfiri Corc Dik Qubada həyata keçirilən unikal layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür edib: "Qırmızı qəsəbədə Fətəli xan küçəsindən keçdik. Fətəli xan təxminən 300 il əvvəl bu yaşayış məntəqəsinin əsasını qoyub. Bu qəsəbənin salınması dağ yəhudilərinin təhlükəsizliyinin təmin olunması, onların dini etiqadlarını rahat şəkildə həyata keçirməsi, eyni zamanda onların tərəqqisi və rifahı, uşaqlarını rahat böyütməsi üçün vacib idi. Sonradan bura Azərbaycanın digər yerlərindən, Rusiyadan yəhudilər toplaşıblar. Buna görə də burada hər icmanın öz sinaqoqu var. Sonradan bura "Qafqazın Yerusəlimi" adı verilib. Keçmişə səyahət etmək imkanım olsaydı, Fətəli xanla görüşüb ona xoş niyyətin bu gün də davam etdiyini çatdırardım". 

Səfir Corc Dik İsrail dövləti və xalqı adından Azərbaycana təşəkkür edib. "Qırmızı qəsəbə yəhudilərin və azərbaycanlıların birgə yaşadığı icmadır. Bu gün tarixi gün yaşanır. Burada ənənəvi yəhudi evi bərpa olunacaq. Qırmızı qəsəbədəki icmanın dünyada oxşarı yoxdur. Burada yaşayan icma üzvləri istəyirlər ki, qəsəbəyə investisiyalar cəlb olunsun. Buradakı iqtisadi şərait daha da yaxşılaşsın. Bütün bu işlərdə dəstəyini göstərən tərəfdaşlara təşəkkür edirəm", - deyə C.Dik qeyd edib.

Tədbirdə Qırmızı qəsəbə sakini Nisim Nisimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin qəsəbəyə səfərləri, onların yerli icmaya diqqət və qayğısı barədə danışıb.

Yüz ildən çox yaşı olan yəhudi evinin bərpasının əsas məqsədi yerli etnik və dini mədəniyyəti qorumaq, eyni zamanda yeni turizm imkanları yaratmaqdan ibarətdir. 

Tədbirin sonunda layihənin icrası ilə bağlı məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video