24 Sentyabr 2022 00:47
726
SİYASƏT
A- A+

Hərbdən sülhə

 

Ədaləti güc yolu ilə bərqərar edən İlham Əliyev indi də bölgədə sülhün yeganə təminatçısıdır

 

"Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu". 
Prezident İlham Əliyevin sentyabrın 22-də Laçın şəhərində üçrəngli bayrağımızı qürurla dalğalandırdığı zaman vurğuladığı kimi, şanlı Vətən müharibəsinin parlaq zəfərlə başa çatmasından dərhal sonra Azərbaycan Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması, sülhə nail olunması üçün təkmil sülh modeli təklif edib. Bu istiqamətdə ölkəmiz reallıqlara əsaslanan və regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsinə yönəlik təşəbbüslərlə daim çıxış edir.

 

İkinci Qarabağ müharibəsi olmaya da bilərdi

 

Azərbaycan döyüş meydanının qalib tərəfi olmağına baxmayaraq, dünya hərb tarixində də misli görünməmiş humanizm, sülhpərvər davranış nümayiş etdirərək, acınacaqlı vəziyyətə düşmüş, hərbi, sosial, iqtisadi potensialı tükənmiş, uçuruma yuvarlanmış düşməninə sülh təklif edir. Ölkəmiz regionda hərbin gücü ilə nail olduğu ədaləti sülh yolu ilə daha da möhkəmləndirməyə, davamlı etməyə çalışır, barışıqdan yana olduğunu göstərir. 
Hətta Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, əgər Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya da bilərdi.  
Baxmayaraq ki, mənfur düşmən əsrlərlə tarixi torpaqlarımıza iddia edib, xalqımıza qarşı milli düşmənçilik nümayiş etdirərək soyqırımlarına, terrorlara əl atıb, faciələrə səbəb olub. Torpaqlarımızı 30 il müddətində işğal altında saxlayan vandal ermənilər bu illər ərzində vəhşiliklər törədərək bütün yaşayış yerlərini dağıdıblar, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni abidələri Yer üzündən silməyə çalışıblar. Erməni barbarları həmin ərazilərdə ekoloji terrora əl ataraq bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi yandırıb, flora və faunamızı məhv ediblər. 
Eyni zamanda bir gün mütləq bu torpaqların həqiqi sahiblərinin qayıdacağını da gün kimi anlayaraq, insanlıq əleyhinə daha bir cinayətə əl atıblar. İşğal altında saxladıqları Qarabağda və ətraf rayonlarda hər daşın, qayanın altına, evlərə, həyətlərə, yollara milyonlarla piyada və tank əleyhinə mina basdırıblar. Erməni terrorçularının bu cinayət əməlinə görə müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Onların arasında KİV əməkdaşları da var. 
Terrorçu ermənilər bu cinayət əməllərini müharibədən sonra da davam etdirərək ərazilərimizdə tank və piyada əleyhinə minalar basdırıblar. Təkcə Laçın rayonu ərazisinə 2021-ci ildə 1400-dən çox mina döşəyiblər. Həmin minalar isə Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
Halbuki beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. 
Hər zaman sülhün tərəfdarı olan Azərbaycan isə bunlara baxmayaraq, xalqımızın milli-mənəvi dəyərlərindən irəli gələn mərhəmətlilik, humanizm kimi prinsiplərindən əl çəkməyərək barışı təbliğ edir, mənfur düşməninə insanlıq dərsi verir. 
Lakin hələ də Ermənistan 10 noyabrda imzaladığı kapitulyasiya aktına əsasən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Məsələn, üçtərəfli Bəyanatda da təsnif olunduğu kimi, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi, amma ötən müddətdə buna əməl etməyib. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi ki, bu məsələ ilə bağlı da heç bir addım atmayıb. Eləcə də sərhədlərin delimitasiya prosesinə sözdə start verilsə də, bu istiqamətdə bu ölkə əməli iş görməkdən yayınmağa çalışır. 

 

Düşməndən dost olmaz

 

Sülhə maneçilik törədən davranışlar Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkmədiyini, Vətən müharibəsində qazandığımız parlaq zəfərlə barışmayaraq revanşist hisslərlə yaşadığını göstərir. Lakin o da var ki, işğalçılar hər dəfə ölkəmizə qarşı təxribatlara əl atdıqda Azərbaycan Ordusunun qəhrəman oğulları tərəfindən layiqincə yerlərinə otuzdurulublar. 
Bu il avqustun 3-də Ermənistanın növbəti təxribatına cavab olaraq "Qisas" əməliyyatının keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsi əyani nümunədir. 
Həmçinin sentyabrın 12-si gecəsindən başlayaraq Ermənistanın Azərbaycana qarşı daha bir təxribatı zamanı rəşadətli ordumuzun düşmənin külünü göyə sovurması mənfurlara ağır zərbə oldu. 
Heç bir vəchlə biabırçı məğlubiyyətini həzm edə bilməyən Ermənistan bu gün də təxribatçı əməllərini davam etdirir. Buna misal olaraq Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata diqqət yetirək: "Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub".

 

Bizi heç kim və heç nə dayandıra bilməz

 

Amma revanşist hisslərə qapılaraq ağılsız addımlar atan işğalçı ölkə hər nə qədər atılıb düşsə də, təxribatlar törətsə də, bu yolla özünə ziyandan başqa heç nə qazandırmayacaq, əksinə, daim Azərbaycanın "dəmir yumruğ"unu başı üzərində hiss edəcək. Qalib Azərbaycan hər fürsətdə sülhə maneçilik törədən davranışlar sərgiləyən işğalçı Ermənistanı diktə etdiyi bütün şərtlərə boyun əyməyə və sülh bağlamağa məcbur edəcək. 
Çünki bu məsələdə haqq da, ədalət də, güc də Azərbaycanın tərəfindədir. Zamanında kimlərəsə güvənib, hansısa təşkilatlara, ölkələrə bel bağlayıb azğınlıq edən işğalçı Ermənistanın özü də bunu yaxşı bilir ki, daha o əyyamlar geridə qalıb və Azərbaycanın hərbi və diplomatik gücü qarşısında bütün qüvvələr zəifdir, məğlubdur.  
Laçın şəhərində çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik: "Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video