25 Noyabr 2022 02:57
317
İQTİSADİYYAT
A- A+

Həqiqi endirim, yoxsa saxta şou?

 

Azərbaycan istehlakçıları bu "Qara cümə"də yenə xaricdən onlayn alış edəcəklər

 

ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı Milad bayramı və ya "Şükran Günü" kimi qeyd olunur. 
Bir gün sonra, cümə günü isə "Black Friday" yəni "Qara cümə" keçirilir. Həmin gün mağazalar böyük endirimlər tətbiq etdiklərindən insanlar bu məkanlara kütləvi axın edirlər. Zərər edən firmalar belə həmin günün sayəsində ili böyük qazancla başa vururlar. Bu olduqca uğurlu biznes manevri sahibkarlara külli miqdarda vəsait qazandırır.

 

Alış-verişlə heç bir əlaqəsi olmayan "Qara cümə"

 

"Qara cümə" ifadəsi XIX əsrin ikinci yarısında yaranıb və onun alış-verişlə heç bir əlaqəsi olmayıb. 1869-cu il sentyabrın 24-də (cümə günü) ABŞ-da qızılın qiymətinin düşməsi nəticəsində iqtisadiyyat bazarı çöküb. Amerika iqtisadiyyatı bir neçə il bu böhrandan çıxa bilməyib. Elə ona görə də həmin günü "Qara cümə" adlandırıblar.
İllər keçib, zaman dəyişib və bir əsr sonra bu günün ilk mənası unudulub. XX əsrin 50-60-cı illərindən bəri şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Bu günə "Qara cümə" adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən verilib. Buna səbəb isə həmin gün Filadelfiya küçələrinin yeni il hədiyyələri almaq istəyənlərlə dolub-daşması olub. Mağazalarda və yollarda tıxac, sıxlıq yaranıb.
Daha sonralar "Qara cümə" ifadəsinə yeni məna vermək, müsbət imic yaratmaq üçün reklam kampaniyaları həyata keçirilib. Hətta onun adının "Böyük cümə" olaraq dəyişdirilməsinə cəhd edilsə də, yeni ad cəmiyyətdə uğur qazanmayıb. 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüdükcə populyarlaşıb və bu gün də Amerika mədəniyyətinin vacib bir hissəsinə çevrilib. "Qara cümə"ni ailə ilə alış-veriş etmək üçün ilin ən yaxşı günü  kimi təsvir ediblər. 2005-ci ildən etibarən isə bu gün ABŞ-da "İlin ən işlək alış-veriş günü" adını alıb. Hazırda "Qara cümə" Amerikanın hüdudlarından kənara çıxıb. Oxşar kampaniyalara, demək olar ki, bütün dünyada, eləcə də Azərbaycanda da rast gəlmək olar.

 

"Ölkəmizdə keçirilən "Qara cümə" kampaniyalarının çoxu hiylədir"

 

"Qara cümə" son illərə qədər ölkəmizdə elə də geniş yayılmamışdı. Lakin qonşudan qalma geri prinsipi əsas tutularaq sonradan noyabrın 25-i şəhərlərimizdəki böyük və kiçik alış-veriş mərkəzlərində "xüsusi endirimlər" tətbiq edilir. Mağazalar gecəyarısına qədər fəaliyyət göstərir.
Bəs "Qara cümə" endirimləri həqiqidir, yoxsa saxta şoudur? Biznesin inkişafı üzrə mütəxəssis, marketoloq-ekspert Nicat Manafov təəssüflə deyir ki, ölkəmizdə keçirilən "Qara cümə" kampaniyalarının çoxunun hiylə olduğunu asanlıqla anlamaq mümkündür: "Hətta bunu o qədər qeyri-peşəkarlıqla edirlər ki, məhsulun endirimli etiketin altındakı ilk etiket qiymətini görə bilirik. O zaman da məlum olur ki, öncəki qiyməti endirimli qiymətdən daha ucuzdur".
Ekspert deyir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində, habelə Türkiyə və Amerikada  məhsulun qiymət tarixçəsini göstərən xüsusi sistemlər var. Bu sistem həm dövlət, həm də özəl sektorlarda mövcuddur. Hətta böyük saytların belə özünün qiymət tarixçəsi sistemləri var: "Ölkəmizdə, təəssüf ki, bu sistem olmadığı üçün məhsulun öncəki qiymətinin nə qədər olduğunu və neçə faiz endirimə düşdüyünü görə bilmirik. Bu, sadəcə, sahibkarların vicdanına qalır. Onlar da əksər hallarda məhsulların qiymətlərində endirim etmək əvəzinə qiyməti yüksəldərək hətta əvvəlkindən daha baha satırlar". 
Alış-veriş zamanı istehlakçılara bildirilir ki, endirim zamanı alınan məhsullar geri qaytarılmır. Alıcıların bəziləri isə bu məhsulların istifadəyə yararsız olduğunu bildirirlər. Nicat Manafov bildirir ki,  istehlakçılar öz hüquqlarını bilməlidirlər: "Azərbaycan Respublikasının qanunvericiliyinə görə, istifadə tarixi olan bəzi məhsullardan başqa, bütün məhsullar geri qaytarıla bilər. Bununla əlaqədar alıcılar müvafiq dövlət xidmətlərinə müraciət edə bilərlər".
Ekspert onu da bildirir ki, "Qara cümə" zamanı Amerikada endirimlər daha yüksək faizli olsa da,  vətəndaşlarımız daha çox Türkiyədən onlayn sifarişlər edirlər: "Bunun səbəbi isə dollara nisbətən lirənin bizim üçün daha əlverişli olmasıdır". 

Ü.XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video