23 Yanvar 2022 00:55
858
İQTİSADİYYAT
A- A+

Gürcüstanın qazlaşdırılmasına Azərbaycandan böyük dəstək

 

Ölkəmiz tərəfindən Gürcüstan iqtisadiyyatına sərmayələrin yatırılmasına başlandığı vaxtdan 15 ildən çox  keçir.

Azərbaycan və qonşu ölkə arasında əməkdaşlıq   getdikcə möhkəmlənir və hazırda yüksək səviyyədə  davam edir.  Təkcə son illər ərzində SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan iqtisadiyyatına yönəltdiyi investisiyaları xatırlatmaq kifayətdir. Bu şirkətin Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. “SOCAR Georgia Petroleum” MMC onlarca  yanacaqdoldurma məntəqəsi,  xidmət mərkəzləri və  neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. “SOCAR Georgia Gas” MMC  qonşu ölkənin  regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir, yerli qaz şəbəkəsini idarə etməklə minlərlə abonentə xidmət göstərir.

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin xeyli hissəsi qazlaşdırmaya yönəldilir. SOCAR-ın  son 15 ildə Gürcüstanda 700-dən çox yaşayış məntəqəsini qazlaşdırması buna aydın misaldır. Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan “SOCAR Georgia Gas” şirkəti  indi orada 808 min abunəçiyə xidmət göstərir. Şirkət həmin vaxtdan 11 min kilometr uzunluğunda qaz kəməri inşa edib.

Gürcüstanda qazlaşdırma əsasən dövlət maliyyələşməsi ilə həyata keçirilsə də, SOCAR soydaşlarımızın kompakt yaşadığı bölgələrdə qaz xətlərinin inşa olunması üçün öz vəsaitlərini sərmayə qoyur. Elə keçən  ilin sentyabr ayında Kvemo-Kartli regionunda azərbaycanlıların yığcam yaşadıqları İlməzli kəndinə təbii qaz verilməsinin təntənə ilə qeyd olunması da   bunu  göstərir.    “SOCAR Georgia Gas” tərəfindən çəkilən qazpaylayıcı xətt  yaxın yaşayış məntəqələrini  əhatə etməklə,  daha  onlarca abonentin təbii qazla təminatı üçün imkan yaradacaq.

 

Yeri gəlmişkən, azərbaycanlıların yaşadığı kənd və bölgələrin  çoxu artıq qazlaşdırılıb.   Qonşu ölkənin qazlaşdırılması sahəsinə 300 milyon dollardan çox investisiya yatırılıb. Xatırladaq ki,  Gürcüstanda qazlaşdırmanın  səviyyəsi  90  faiz təşkil edir. Bir çox ölkələrin  qazlaşdırma sahəsində çətinliklərinin olduğu bir vaxtda bu, çox yüksək göstəricidir.

Prezident İlham Əliyevin göstərişi ilə Gürcüstanda  yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması  üçün də bir sıra layihələr həyata keçirilir. Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və onların reallaşdırılması üçün şərait yaradır. Bu layihələr soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha səmərəli inteqrasiya olunmasına xidmət edir. Məsələn, keçən il   Qızılhacılı kəndində inşa olunan idman kompleksinin və Laqodexi rayonunun Qabal kəndində tikilən uşaq bağçasının açılışı oldu. İdman kompleksi yeni texnologiyalar əsasında tikilib. Qurğu basketbol, voleybol və futzal kimi idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün uyğundur. Müasir istilik və soyutma sistemləri, yanğın əleyhinə vasitələrlə təmin olunmuş kompleksin tribunaları 150 tamaşaçıya hesablanıb. Binanın ətrafı abadlaşdırılıb, kompleksin yaxınlığındakı futbol stadionu yenidən qurulub, buraya yeni sintetik qazon döşənib, metal çəpərlər, tribunalar, işıqlandırma sistemi təmir edilərək yenilənib, tamaşaçılar üçün müasir oturacaqlar qoyulub.

Laqodexinin 17 min əhalisi olan Qabalı kəndində isə uşaq bağçası tikilib. Binanın layihəsi Gürcüstan ərazisində müəyyənləşdirilmiş tikinti standartlarına və tələblərinə uyğundur. Bağçada müasir tipli oyun meydançası inşa edilib, bütün ərazi boyunca işıqlandırma sistemi qurulub, abadlaşdırma işləri aparılıb.     

Hər iki sosial obyekt Gürcüstan hökumətinə təmənnasız təqdim olunub. Eləcə də  SOCAR-ın təqaüdü əsasında minlərlə soydaşımız Gürcüstanın ali məktəblərində dövlət dilində təhsil alıb və bu proqram gürcüdilli azərbaycanlı kadrların yetişdirilməsində böyük rol oynayıb. Hazırda bu proqram çərçivəsində  neçə-neçə azərbaycanlı tələbə ali təhsil alır.

Gürcüstandan  söz düşmüşkən  qeyd edək ki, qonşu ölkə 2021-ci ildə Azərbaycandan 216 min tona yaxın dizel yanacağı idxal edib. Ümumiyyətlə, Gürcüstan  tərəfindən keçən  il 561 min 526 ton dizel yanacağı idxal olunub.

Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyindən verilən məlumata görə, bu ölkənin hesabat dövründə idxal etdiyi dizel yanacağının 38,4 faizi Azərbaycanın payına düşüb. Belə ki, keçən il Gürcüstan Azərbaycandan 215 min 872 ton dizel yanacağı idxal edib.

Azərbaycan bu göstərici ilə Gürcüstanın ən iri dizel yanacağı tədarükçüsü olub. Gürcüstanın ikinci ən böyük dizel tədarükçüsü Türkmənistandır.

Xatırladaq ki, Gürcüstan ərazisindən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan  (BTC) əsas ixrac neft kəmərinin keçdiyi üç ölkədən biridir.  Ümumiyyətlə, Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogenlər dünya bazarlarına qonşu Gürcüstandan keçərək  çatdırılır. “Şahdəniz” qazını  daşıyan Cənubi Qafqaz Boru Kəməri (CQBK) Bakı-Tbilisi-Ərzurum  xəttinin  Azərbaycan və  Gürcüstan hissəsini təşkil edir.   Genişləndirilmiş CQBK isə “Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisidir. Bütün bunlar Azərbaycan-Gürcüstan  əməkdaşlıq və tərəfdaşlığının getdikcə möhkəmlənməsinə xidmət edir. 

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video