29 Iyun 2022 02:13
641
CƏMİYYƏT
A- A+

Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə ucaldılıb

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürkün, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğının, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin, Milli Məclisin deputatlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, eləcə də din xadimləri və şəhər sakinlərinin iştirak etdikləri açılış mərasimi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilmişdir.

Niyazi Bayramov çıxış edərək demişdir ki, Silahlı Qüvvələrimiz 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində bizə şanlı Qələbə yaşatdı, 30 il işğalda qalan torpaqlarımızı azad etdi: "Bu gün Qafqaz İslam Ordusunun 1918-ci ildə Gəncədə qəhrəmancasına şəhid olan 13 mehmetciyinin xatirəsinə həsr olunan abidənin açılışıdır. Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərin əziz xatirəsinə ucaldılan abidə hər iki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir".

Səfir Cahit Bağçı çıxışında bildirmişdir ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümummilli Lider Heydər Əliyevin "Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub: "Bu münasibətlərin əsasında tarixi bağ dayanır. Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 mehmetciyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub". Cahit Bağçı sözügedən ərazidə ucaldılan möhtəşəm abidənin hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu vurğulamışdır.

Tədbirdə digər çıxış edənlər də Azərbaycan və Türkiyə arasındakı tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs etmişlər. Bildirmişlər ki, hər iki dövlətin əlaqələri gündən-günə güclənir, möhkəmlənir və daha da dərinləşir.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra abidənin üzərindən ağ örpək götürülmüş və önünə tər güllər düzülmüşdür. Ardınca Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalan qrupunun və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında "Mehtər marşı" və "Nuru paşa marşı" təqdim olunmuşdur.

Mərasimdə Zeki Öztürk Qafqaz İslam Ordusunun ilk şəhidlərindən - 13 qəhrəman mehmetciyin xatirəsinə ucaldılan abidənin inşasında əməyi keçənlərə təşəkkürnamələr vermişdir.

Qeyd edək ki, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı ilə inşa edilib. 7 metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video