12 Avqust 2022 01:33
882
SİYASƏT
A- A+

Gənc nəslin yetişdirilməsi dövlətin əsas strateji hədəflərindəndir

 

Azərbaycanda bu istiqamətdə aparılan siyasət bir çox ölkələr üçün nümunədir

 

Avqustun 12-si Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Həmin əlamətdar gün gənclərə diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində bu aparıcı qüvvənin iştirakına təkan vermək məqsədi daşıyır.
Ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi yeniyetmə və gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Ümummilli Lider həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Böyük rəhbərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf etdirilir. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir", - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin bünövrəsində gənclərin ölkənin uğurlu inkişafına istiqamətləndirilə biləcək potensialının yaradılması dayanır.

 

İdmana yüksək diqqət və qayğı örnəyi

 

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda Olimpiya İdman komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli deyir ki, bütün uğurlarımızın təməlində dövlət başçısının diqqəti, qayğısı və ölkədə idmanın inkişafını hədəf alan siyasəti durur: "Prezidentin cüdoya olan xüsusi diqqətini hər zaman hiss etmişik və bu qayğı nəticəsində cüdo ölkənin aparıcı idman növlərindən birinə çevrilib. Heç kəsə sirr deyil ki, cənab Prezident istər olimpiadalarda, istərsə də digər beynəlxalq yarışlarda idmançılarımızın və məşqçi heyətinin yanında olub. Onlara mənəvi dəstək verib. Bu sahənin inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq idmançılarımız üçün gündən-günə daha yaxşı şərait yaradılır və bununla da onlar daha yüksək naliyyətlərə ruhlandırılırlar. Bu gün idmançıların məşq etməsi üçün paytaxt Bakıda və regionlarımızda hər bir şərait yaradılır, cüdo idman növünün inkişafı üçün mühüm işlər görülür. Həyata keçirilən ciddi tədbirlər sayəsində cəmiyyətdə sağlam həyat tərzi formalaşır, idmana maraq artır və daha çox gənc idmana cəlb olunur".

 

Gənclərin məşğulluq məsələləri diqqətdədir

 

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da daim diqqətdədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Sosial-siyasi həyatın bütün sferalarına nəzər salsaq, orada gənclərin əksəriyyət təşkil etdiyini görərik. Bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkənin aparıcı qüvvəsinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə "Yüksəliş" müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

 

Dünya gəncləri bir araya gətirildi

 

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri qismində təşəbbüsü ilə 2021-ci il oktyabrın 4-də təsis edilmiş Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Dövlət başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir. 25 iyul 2022-ci ildə Bakıda 60-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi də bunun göstəricisidir. Tədbirin daha bir tarixi əhəmiyyəti ondan ibarətdi ki, Gənclər Şəbəkəsinin təsis olunması Qoşulmama Hərəkatının fəaliyyətinin 60-cı ildönümünə təsadüf edirdi. Gənclər Şəbəkəsinin məhz Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrə təsadüf etməsi üzv dövlətlər tərəfindən ölkəmizin bu mötəbər quruma ən böyük tarixi töhfələrindən biri hesab olunur.
Qoşulmama Hərəkatı Gənclər Sammitinin Şuşa sessiyasının iştirakçısı Yusif Cəfərbəyli bildirir ki, bu gün Azərbaycan gənci ölkədə yaradılan əlverişli mühitdən maksimum bəhrələnərək böyük fəallıq nümayiş etdirir: "Çox sevindirici və qürurverici haldır ki, düşmən işğalından azad etdiyimiz tarixi Şuşa şəhəri Azərbaycanın tərəfdaşlığı ilə keçirilən bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. Qoşulmama Hərəkatına üzv olan ölkələrin gənc nümayəndələri sammit çərçivəsində Qarabağda erməni vandalizminin, eyni zamanda qısa zaman ərzində görülən quruculuq işlərinin şahidi oldular. Şuşaya səfərim zamanı gördüklərim Azərbaycan gənci olaraq məni çox fərəhləndirir. Bu gün cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, habelə idarəetmə və vətəndaş cəmiyyətinin inkişafı sahələrində gənclərimiz böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər".  
O əlavə etdi ki, xarici ölkələrdən gələn gənc nümayəndələr Qoşulmama Hərəkatı Gənclər Sammiti vasitəsilə Azərbaycana öz dəstəklərini bildirdilər. Onlarda ölkəmiz haqqında müsbət fikirlər formalaşdı. Həmçinin Azərbaycanın sülhsevər dövlət olmasının əyani şahidi oldular.

 

Tarix yazan gənclik

 

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında iştirak ediblər.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Prezident İlham Əliyevdir. Dövlət başçısının "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

 

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video