06 Iyul 2022 01:35
498
SİYASƏT
A- A+

Ermənistanda parlament böhranı yaşanır

 

Keçmiş hərbi xuntanın deputat üzvləri mandatdan imtina edirlər

 

Ermənistanda narazılıq və qarşıdurma hallarının daha da artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin kəskinləşməsi açıq-aydın müşahidə olunur. Bütün bunların fonunda isə parlamentdə böhran dərinləşir. Keçmiş hərbi xunta mitinqlər vasitəsilə uğur əldə edə bilmədiyi üçün digər vasitələrə, xüsusilə parlamentin fəaliyyətini iflic etmək üçün  müxtəlif yollara baş vurmaqdadır. Bunlardan biri də deputatlıq mandatından imtinalardır.

Ötən həftə "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri parlamentin təkbaşına iclasını keçirərək, vitse-spiker İşxan Saqatelyanın və İqtisadi məsələlər daimi komissiyasının sədri Vaqe Akopyanın səlahiyyətlərinə xitam verilməsinə səs veriblər. Qeyd olunur ki, hakimiyyətin bu addımından sonra müxalifətdə olan "Ermənistan" və "Şərəf duyuram" fraksiyalarının üzvləri komissiyanın sədri və sədr müavini vəzifələrindən istefa veriblər. Onların arasında Armen Gevorqyan, Tadevos Avetisyan, Artur Xaçatryan və Ayk Mamicanyan da var. Beləliklə, müxalifətin cavabı gecikməyib və faktiki olaraq onların hamısı deputatlıqdan imtina ediblər.

Vurğulanır ki, müxalifət fraksiyaları parlamentin vitse-spikeri və daimi komissiyaların sədrləri vəzifələrinə müəyyən edilmiş müddətdə yeni namizədlər irəli sürməsələr, yerlər vakant qalacaq, çünki "Vətəndaş müqaviləsi" fraksiyası namizədlərini irəli sürmək niyyətində deyil. Ancaq məsələ ondadır ki, onlar namizədlərini irəli sürə bilməzlər, çünki bu vəzifələr müxalifət tərəfindən tutulmalıdır. Son dəyişikliklərə görə, parlament yalnız komissiya sədrlərinin müavinləri vəzifələrinə namizədlər irəli sürə bilər. Müxalifət təmsilçilərinin tutduqları vəzifələr boş qalarsa, o zaman ölkə siyasi böhranın yeni mərhələsi - parlament böhranı ilə üzləşmiş olacaq.

Bütün bunların fonunda Ermənistanda sosial-iqtisadi sahədə vəziyyətin daha da ağırlaşması, insanların maddi rifah halının bir qədər də pisləşməsi gözlənilir. Çünki ötən illər ərzində iqtisadi inkişaf üçün hansısa real bazis yaradılmayıb, əksinə, olub-qalanlar da hakimiyyətin səriştəsiz siyasəti nəticəsində tam dağıdılıb. Elə bu səbəbdən bu ölkədə vəziyyətin daha da pisləşməsi gözlənilir. Həm də proqnozlaşdırılır ki, Ukraynadan və Rusiyadan minlərlə insanın ölkəyə qayıtması səbəbindən Ermənistan qarşıdakı dövrdə ərzaq tələbatı məsələsində böyük çətinliklərlə üzləşəcək. Ərzaq çatışmazlığı ağlasığmaz inflyasiya və həddindən artıq yoxsulluğa gətirib çıxara bilər. Hazırda isə İrəvan uzunmüddətli perspektivdə öz ehtiyaclarını ödəmək, ərzaq təhlükəsizliyi problemini həll etmək üçün ciddi addımlar ata biləcək gücdə deyil.

Baş nazir N.Paşinyana taxıl çatışmazlığı problemi ilə bağlı parlamentdə sual verildikdə, suala cavab vermək əvəzinə başqa məsələdən danışır və mövzudan yayınır. Üstəlik, adəti üzrə suallara cavabını keçmiş hakimiyyətlə bağlayaraq günahı onların üzərinə atır. Erməni iqtisadçılar ölkədə ərzaq təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirdiyi halda hökumət təmsilçiləri məsələ ilə maraqlanmadıqlarını, lazımsız başağrılarına ehtiyac duymadıqlarını açıq şəkildə nümayiş etdirməkdən də çəkinmirlər.

Ermənistan artıq xarici investorlar üçün də əhəmiyyətini itirib. Beynəlxalq reytinq agentlikləri ölkənin xarici və daxili valyutada uzunmüddətli reytinqini aşağı salıb. Ermənistanın qiymətli kağızlarla bağlı reytinqi də bu qayda ilə endirilib. Bu, son vaxtlar ölkədə iqtisadi reytinqin endirilməsi ilə bağlı artıq üçüncü hadisədir. Ermənistanda iqtisadi inkişaf tempinin azalması və tənəzzüllə bağlı Avropa Bankının proqnozları da buraya əlavə edilsə, aydın olur ki, bu ölkə xarici investorlar üçün tam maraqsızdır.

Bu ilin qalan dövrü üçün xaricdən Ermənistana gələn pul transfertləri yarıbayarı azalacaq, ixrac isə 10-15 faiz ixtisar olunacaq. Hazırda Ermənistanın xarici valyuta ehtiyatları son 7 ilin ən aşağı səviyyəsindədir. Ermənistan hökumətinin hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurumu tərəfindən irihəcmli yardım alacağına isə heç bir ümidi yoxdur.

Bütün bunlar Ermənistanda vəziyyətin nə dərəcədə ağır olduğunu aydın şəkildə göstərir və ölkənin qarşıdakı dövrdə daha böyük çətinliklərlə üzləşəcəyindən xəbər verir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video