17 Avqust 2022 01:29
506
SİYASƏT
A- A+

Ermənistan yeni mərhələnin başladığını anlamalıdır

 

Beynəlxalq hüququn norma və prinsiplərini pozan İrəvan baş verənlərdən nəticə çıxarmalıdır

 

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Azərbaycan Televiziyasına müsahibə də verdi. Dövlət başçısı müsahibəsində çox ciddi məsələlərə toxundu, həm beynəlxalq dairələrə, həm də Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi mesajlar ünvanladı. 
Ölkə rəhbəri bir müddət öncə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi "Qisas" antiterror əməliyyatından danışdı. Sözügedən əməliyyat erməni terrorçularının məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələnib. Əməliyyat qısamüddətli, amma çox təsirli cəza tədbiri idi. Azərbaycanın "Qisas" əməliyyatı ermənilərə növbəti dərs oldu. Separatçılara Laçın şəhərini boşaltmaq üçün vaxt verildi. 

 

"Biz istədiyimizə nail olmuşuq"

 

Artıq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu silahlı qrupların tam olaraq təmizlənməsi zamanı çatıb. 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra iki il ərzində ermənilər tərəfindən bir çox təxribatlar həyata keçirildi və ordumuz tərəfindən müxtəlif dövrlərdə düşmənə adekvat və layiqli cavablar verildi. 
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar: "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz". 
Müharibədə zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırladan dövlət başçısı bildirib: "Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq".
Azərbaycanın istəyi erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.

 

Erməni təxribatına layiqli cavab

 

Prezident ermənilərin torpaqlarımızdan, o cümlədən Laçından çıxarılmasının vacibliyini söylədi. Diqqətə çatdırıldı ki, Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparmasına kimsə mane ola bilməz. Əməliyyat sonrası baş verənlərə baxdıqda "Qisas" əməliyyatının öz misiyyasını uğurla başa vurduğunu demək olar. Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək. Bunun üçün ölkəmizin antiterror əməliyyatı aparmağa, ərazilərimizi terrorçulardan təmizləməyə gücü və qüdrəti var. Ordumuz Vətən müharibəsində öz sözünü deyib, Ermənistan hərbi qüvvəsini tamamilə məhv edib. Gərginliyin ciddi şəkildə artmasının əsas səbəbi Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsidir. Ermənistan məğlub tərəfdir, kapitulyasiyaya gedib, üçtərəfli birgə Bəyanat imzalayıb. Həmin sənədin bəndlərində nəzərdə tutulanları icra etməlidir.

 

Prezidentdən Qarabağ ermənilərinə mesaj

 

Müsahibədə Qarabağda yaşayan ermənilər üçün də çox ciddi mesajlar səsləndirildi. Vacib məqamlardan biri Qarabağda yaşayan ermənilərlə bağlı oldu. Dövlət başçısı bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Ümumiyyətlə, ermənilərin hansısa xüsusi imtiyazı olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Onlar ölkəmizdə digər etnik qruplar kimi yaşayacaqlar, ermənilərə heç bir əlavə hüquq verilməyəcək. Son vaxtlar bəzi dövlətlər ermənilərə hansısa statusun verilməsi məsələsini gündəmə gətirirlər. Onlar başa düşməlidirlər ki, bunlar sadəcə illüziyadır. Belə bir addım heç bir halda qəbul edilə bilməz.
Azərbaycan kimsədən soruşmadan öz torpaqlarında istənilən addımı ata bilər. Prezident bir daha qeyd etdi ki, biz öz torpağımızda istənilən zaman istənilən əməliyyat apara bilərik. Dövlət başçısı bununla bir daha antiterror əməliyyatlarının miqyasının genişlənə və hər an yenidən başlaya biləcəyi mesajını da vermiş oldu. Artıq beynəlxalq dairələr Azərbaycanın dövlət maraqlarını nəzərə alırlar və bizimlə hesablaşırlar. Ermənistan, o cümlədən Qarabağdakı ermənilər də yeni reallığı qəbul etməlidirlər. Həm Ermənistan iqtidarı, həm də müxalifəti artıq yeni mərhələnin başlandığını anlamalıdırlar. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistan baş verənlərdən ciddi nəticə çıxarmalıdır.

Elşən YƏHYAYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video