28 Yanvar 2023 00:56
449
SİYASƏT
A- A+

Ermənilərin yeganə çıxış yolu tələblərimizi yerinə yetirməkdir

 

Şuşada havanın temperaturu mənfi 9 dərəcə  olsa da,  Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının ermənilərin qanunsuz istismar etmələrinə etiraz olaraq ekofəalların və QHT təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası coşqu ilə davam edir. Gənclər gecəni səhərə kimi vətənpərvərlik mövzusunda mahnılar səsləndirirlər. Şuşa səhəri ənənəvi olaraq Azərbaycan himninin sədaları ilə açılır.
Xatırladaq ki, "Qızılbulaq" qızıl yatağı Qarabağ separatçılarının nəzarəti altında olan keçmiş Ağdərə rayonu ərazisində yerləşir. Qızılbulaq kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisinə daxildir. 
"Dəmirli" mis-molibden yatağı isə  Tərtər rayonunun inzibati ərazisinə daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun tərkibinə verilib.
Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir. Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə "Dəmirli" mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin yarandığı  müşahidə edilmişdir.
Ermənilər Qarabağı işğal etdikdən sonra Kəlbəcər rayonu ərazisində yerləşən "Zod",  "Qızılbulaq", o cümlədən Zəngilanın "Vejnəli" qızıl yataqlarını talan edərək hər il  on milyonlarla dollar  qazanc götürüblər.
Azərbaycan  hökuməti 1997-ci ildə ABŞ-nin Delaver ştatında qeydiyyatdan  keçən, dağ-mədən sənayesi sahəsində böyük təcrübəyə malik "Anglo-Asian Mining"  şirkəti ilə müqavilə bağlayıb mədənlərin istismar olunması haqqında adıçəkilən şirkətə  sertifikat verib. Eyni zamanda "Vejnəli" və "Zod" yataqları ilə yanaşı, sülhməramlı kontingentin nəzarəti altında olan "Qızılbulaq" yatağının istismarı barədə lisenziya da Azərbaycan hökuməti tərəfindən  "Anglo-Asian Mining" şirkətinə verilib. Amma yataqlar Ermənistanın işğal etdikləri ərazilərdə yerləşdiyi üçün şirkət tərəfindən istismarı mümkün olmayıb.
Şirkət 2020-ci il oktyabrın 27-də Zəngilanın Vejnəli qızıl yatağı ilə bağlı yaydığı press-relizdə "Təhlükəsizlik təmin olunan kimi şirkət dərhal işə başlayacaq", - barədə açıqlama verib.
2020-ci ilə qədər "Qızılbulaq"  və "Dəmirli" yataqları  "Base Metals" şirkəti tərəfindən istismar olunaraq separatçıların əsas gəlir mənbəyi olub. Belə ki, şirkət təkcə 2019-cu ildə separatçı rejimə 38,5 milyon dollar vergi ödəyib. Bu da separatçı rejimin ixracının 60 faizi, ümumi gəlirin 32 faizi deməkdir.  Azərbaycan Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində məlum olub ki, "Vallex Group" və "Base Metals" şirkətləri 2009-2017-ci illərdə "Qızılbulaq" yatağında apardıqları qanunsuz istismar nəticəsində 178 milyon dollar qazanc əldə ediblər. Xatırladaq ki, "Vallex Group"a  Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın şəxsən "vətənə xidmətə görə" medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Meclumyan sədrlik edir.
Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində çaldığı qələbə  onsuz da iqtisadi bataqlıq girdabında çabalayan Ermənistanı daha da ağır duruma saldı. İqtisadi-siyasi-hərbi böhran keçirən Ermənistan  "çıxış yolunu" yenə də Azərbaycanın təbii sərvətlərini talamaqda "tapdı". Təbii ki, ərazilərin Rusiya sülhməramlılarının nəzarəti altında olması da ermənilərin işinə yaradı. Amma bircə məsələni unudurdular ki, "örkən nə qədər uzun olsa da, yenə gəlib doğanaqdan keçir". 
Ermənilər talan etdikləri sərvətləri onlara humanitar məqsəd üçün verilmiş Laçın-Xankəndi yolu ilə daşımalı olduqlarını unutdular. Gözləri o qədər bağlandı ki, igidlərimizin can verib, qan töküb aldıqları torpaqlardan keçməyin mümkün olmadığını, Azərbaycanın bu mənzərəyə seyrçi gözlə baxmayacağını ağıllarına belə gətirmədilər. 
Ermənistan və onun iqtisadi terroruna dəm tutanlar azərbaycanlı gənc vətənpərvərlərin keçirdikləri dinc etiraz aksiyasından öz çirkin siyasi məqsədləri üçün istifadə edib Azərbaycana qarşı yeni qarayaxma kampaniyası aparırlar. İstər Ermənistanın cinayətkar əməllərinə haqq qazandıran dövlətlər, istərsə də beynəlxalq təşkilatlar ermənilərin etdiyi talançılığı təkzib edə bilmirlər. Ortalıqda həm ekoloji, həm də iqtisadi terror faktı mövcuddur. Azərbaycanın sərvətləri göz görə-görə talan edilir. Amma bütün bunlara baxmayaraq, Ermənistana "dur, qanunsuz əməllərini dayandır" deyən olmur. Ona görə ki, bu gün daha çox hay-küy salan dövlətləri də, onların sifarişlərini yerinə yetirən Avropa Parlamentini də Qarabağ ermənilərinin taleyi maraqlandırmır. Qarabağ faktoru süni yolla, Azərbaycana təzyiq vasitəsi kimi yaradılıb. İstər Fransa, istərsə də bu ölkənin təsiri altına düşmüş Avropa parlamentarilərinin Cənubi Qafqaz dərdi var. 44 günlük Vətən müharibəsi zamanı 30 illik fəaliyyəti fiaskoya uğrayan Fransanın Cənubi Qafqazda mövqeyi tamamilə zəifləyib. Əslində, hərbi cəhətdən tam məğlubiyyətə uğramış Ermənistan yox, Fransa revanş götürüb özünü Qafqaza yenidən  pərçim etmək istəyir. Hətta etik normaları, beynəlxalq hüququ pozmaqdan belə çəkinmir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, Cənubi Qafqaz siyasətində həlledici rolunu həzm edə bilmir. 
Azərbaycanlı gənclərin başladıqları etiraz aksiyası Qərb üçün əsl sürpriz oldu. Artıq 47 gündür ki, fransalı deputatlar Xankəndiyə gəlib seperatçıları qızışdıra bilmirlər. Fransanın, Hindistanın və digər dövlətlərin Ermənistana verdikləri silahları Qarabağa daşıya bilmirlər. Təbii sərvətlərimizin talan olunub Ermənistana daşınmasının da qarşısı alınıb.
Aksiyanın keçirildiyi 48 gündə Qarabağın erməni əhalisinin də düşünmək üçün kifayət qədər vaxtları olub. Ermənilər gücün, hüququn kimin tərəfində olduğunu anlamağa başlayıblar. Dərk edirlər ki, Fransanın  yandırdığı şamın istisinə Qarabağda nəyisə etmək mümkün deyil. Yeganə çıxış yolu Azərbaycanın təklifini qəbul edib sülh sazişini imzalamaqdır. Ermənistan onu da yaxşı bilir ki, BMT-nin işğal olunmuş rayonlardan qoşunlarını çıxarmaq barədə 4 qətnaməsini düz 30 il icra etməyib. 
Bu, bir həqiqətdir ki, güc kimdədirsə, dünya birliyi onunla hesablaşır. Bu gün haqq da, hüquq da Azərbaycanın tərəfindədir. Ərazilərimizdə yaşayan ermənilər qanunlarımızla yaşamalıdırlar. Bunu bacarmayanlara yol hər zaman açıqdır. İstər Rusiya sülhməramlılarının üstü tentli maşınları ilə, istərsə də avtobuslarla ölkəmizdən gedə bilərlər. Onlara bu gerçəklik  çox sadə dildə izah edilib.
Əlaqə saxladığımız aksiya iştirakçısı Telman Həsənli bizimlə söhbət zamanı bildirdi: "Bir aydan çoxdur ki, fasiləsiz olaraq aksiyamızı davam etdiririk. Nə soyuq, nə erməni yalanları, nə də Qərbin şantajı bizi mübarizəmizdən çəkindirməyəcək. Aksiyanın dayanması şərtlərimizin yerinə yetirilməsindən asılıdır. Tələblərimizi yerinə yetirsinlər, aksiyanı dayandıraq".

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video