09 İyun 2026 08:30
153
SİYASƏT
A- A+
Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan


Son illər Cənubi Qafqaz tarixinin ciddi dəyişikliklər dövrünü yaşayır. Uzun müddət davam edən hərbi qarşıdurmalar və geosiyasi rəqabət regionun inkişaf potensialını məhdudlaşdırmışdı. Amma 2020-ci il sentyabrın 27-də başlanan, Azərbaycanın Zəfəri ilə yekunlaşan müharibə bölgədə yeni reallıq yaratdı və bu reallıq təkcə ölkəmiz üçün deyil, Ermənistan üçün də siyasi düşüncənin istiqamətini dəyişməyə başladı. Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri də məhz bu dəyişən reallığın siyasi müstəvidə növbəti təsdiqi kimi qiymətləndirilə bilər.

2018-ci ildə küçə yürüşlərindən hakimiyyətə gələn Nikol Paşinyan Ermənistan cəmiyyətinə yeni siyasi kurs vəd etmişdi. O dövrdə bir çoxu onun əvvəlki hakimiyyətlərdən fərqli siyasət yürüdəcəyini düşünsə də, sonrakı hadisələr N.Paşinyanın da Ermənistanın uzun illər ərzində formalaşmış siyasi stereotiplərindən tam uzaqlaşa bilmədiyini göstərdi. O, hətta hakimiyyətini möhkəmləndirmək üçün ən riskli addımlardan biri olan hərbi avantüraya da əl atdı. Nəticədə Ermənistan Azərbaycanla müharibəyə sürükləndi və bu savaş Hayastanın tarixində ağır siyasi və hərbi məğlubiyyətlərdən biri ilə başa çatdı.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər yalnız işğala son qoymadı, bu qələbə regionun siyasi xəritəsini, güc balansını və gələcəyə baxışını da dəyişdirdi. Əslində, Ermənistanın bu gün gəlib çatdığı nöqtənin əsas səbəblərindən biri də məhz Azərbaycanın yaratdığı həmin geosiyasi reallıqdır. Çünki 44 günlük Vətən müharibəsindən sonra bölgədə köhnə qaydalarla yaşamaq mümkün deyildi.

Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan qalib dövlət olmasına baxmayaraq, müharibədən dərhal sonra revanşizm və təzyiq yolunu seçmədi. Əksinə, Prezident İlham Əliyev dəfələrlə vurğuladı ki, regionun gələcəyi iki ölkə arasında  əməkdaşlıqdan, iqtisadi inteqrasiyadan və davamlı sülhdən keçir. Azərbaycanın irəli sürdüyü beş əsas prinsipə söykənən sülh təşəbbüsü Ermənistan üçün yeni imkanlar yaratdı. Belə siyasətin əsas məqsədi qarşı tərəfi məğlub edilmiş dövlət kimi deyil, gələcək regional əməkdaşlığın iştirakçısı kimi görmək idi.

Bu baxımdan Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini yalnız daxili siyasi hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Seçkilər, əslində, Ermənistan cəmiyyətinin qarşısında duran fundamental seçimin göstəricisi idi - ya keçmişin müharibə və qarşıdurma siyasəti, ya da gələcəyin sülh və inkişaf yolu.

Nikol Paşinyanın seçkilərdən sonra verdiyi bəyanatlar da bunu təsdiqləyir. Onun Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulaması, sülh müqaviləsinin imzalanmasının zəruriliyini qeyd etməsi, sərhədlərin açılması və regional əməkdaşlıq barədə danışması təsadüfi deyil. Bu bəyanatlar Ermənistanın yeni geosiyasi reallığı qəbul etməsini göstərir. Lakin burada bir vacib məqamı da unutmaq olmaz. N.Paşinyanın sülh ritorikası onun siyasi keçmişini və məsuliyyətini aradan qaldırmır. Məhz onun rəhbərliyi dövründə Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələri raket hücumlarına məruz qalmış, mülki əhali hədəf seçilmişdi. Bu faktlar tarixdən silinməməli və unudulmamalıdır. Eyni zamanda Ermənistan hələ də taleyi məlum olmayan minlərlə azərbaycanlı əsir və girov barədə tam məlumat verməyib.

Digər tərəfdən N.Paşinyan hakimiyyəti son illər Ermənistanın iqtisadi vəziyyətini müəyyən qədər sabitləşdirməyə, beynəlxalq münasibətlərdə daha çevik siyasət yürütməyə nail olub. Baş nazir Avropa İttifaqı, Rusiya və digər tərəfdaşlarla paralel əlaqələr saxlayaraq ölkənin iqtisadi imkanlarını genişləndirməyə çalışıb. Xarici aləmdə demokratiya görüntüsünün formalaşdırılması istiqamətində də müəyyən addımlar atılıb.

Bu mövqenin Ermənistan cəmiyyətində hansı səviyyədə dəstək qazandığını parlament seçkilərinin nəticələri də nümayiş etdirir. Ermənistan Mərkəzi Seçki Komissiyasının dünən günorta saatlarına açıqladığı məlumatlarına əsasən, 105 yerlik parlamentdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 61 mandat qazanaraq birinci olub. Digər mandatlar isə "Güclü Ermənistan" blokuna 28, "Ermənistan" blokuna 11, "Çiçəklənən Ermənistan" Partiyasına isə 5 yer olmaqla bölüşdürülüb. Bu nəticə N.Paşinyana hökuməti yenidən təkbaşına formalaşdırmaq imkanı verir. Çünki Ermənistan qanunvericiliyinə əsasən, 105 nəfərlik parlamentdə hökumət qurmaq üçün minimum 53 mandat tələb olunur. Hakim partiya isə 61 yer qazanıb. Amma bu, N.Paşinyanın əvvəlki seçkilərdə əldə etdiyi mandatların sayından azdır. Bu isə onun parlamentdəki mütləq üstünlüyünü itirməsi deməkdir.

Məsələ ondadır ki, Ermənistanın siyasi idarəetmə sistemində bir sıra strateji qərarların qəbulu və mühüm dövlət vəzifələrinə təyinatlar üçün sadə səs çoxluğu kifayət etmir. Konstitusiyaya görə, bəzi hallarda parlamentdə ən azı beşdəüç səs çoxluğu tələb olunur. Bu isə 105 nəfərlik parlamentdə 63 mandat tələb edir. Hakim partiyanın isə, qeyd etdiyimiz kimi, 61 mandatı var. Başqa sözlə, N.Paşinyan bundan sonra bir sıra mühüm məsələlərdə əvvəlki kimi təkbaşına qərar vermək imkanına malik olmayacaq. Söhbət baş prokurorun, Mərkəzi Seçki Komissiyasının rəhbərliyinin, Konstitusiya Məhkəməsi hakimlərinin, insan hüquqları müvəkkilinin, Mərkəzi Bank sədrinin, Televiziya və Radio Şurası üzvlərinin, eləcə də Hesablama Palatasının rəhbərliyinin müəyyənləşdirilməsi kimi strateji postlardan gedir. Bu vəzifələr üzrə qərarların qəbulunda hakim qüvvə əlavə səslərə ehtiyac duyacaq. Belə vəziyyət N.Paşinyanı parlament daxilində daha çox siyasi dialoqa, kompromislərə və müxtəlif qüvvələrlə əməkdaşlığa sövq edən yeni siyasi reallıq yaradır. Təbii ki, bunlar son və rəsmi rəqəmlər deyil. Odur ki,  bir neçə gün  gözləməli  olacağıq.

Diqqətçəkən başqa bir məqam seçkilərdən sonra Ermənistan rəhbərliyinin verdiyi mesajlardır. Nikol Paşinyan çıxışında Ermənistan xalqının sülhə, regional rifaha və əməkdaşlığa üstünlük verdiyini bildirərək Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının rəsmi İrəvan üçün prioritet olaraq qaldığını bəyan edib. O, xüsusilə vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və növbəti mərhələ onun imzalanması olmalıdır. Türkiyə ilə münasibətlərə toxunan N.Paşinyan sərhədlərin açılması və normallaşma prosesində yeni irəliləyişlərə ümid etdiyini də qeyd edib.

Əslində, bütün bunlar onu göstərir ki, Ermənistanın köhnə və yeni siyasi rəhbərliyi regionda yaranmış yeni geosiyasi reallıqları artıq əvvəlkindən daha aydın dərk edir. Çünki bu gün Ermənistanın iqtisadi inkişafı, regional layihələrə qoşulması və beynəlxalq əlaqələrin genişlənməsi böyük ölçüdə qonşu dövlətlərlə münasibətlərin normallaşmasından və davamlı sülhün təmin olunmasından keçir.

Ancaq bütün bunlar Ermənistan daxilində və xaricində fəaliyyət göstərən revanşist qüvvələrin tam sıradan çıxması anlamına gəlmir. Əksinə, müəyyən dairələr hələ də bölgədə yeni qarşıdurma yaratmaq arzusundan əl çəkməyiblər. Ermənistanın sürətlə silahlanması, yeni hərbi texnologiyalar əldə etməsi və ordunun modernləşdirilməsi də diqqətlə izlənilməli olan proseslərdir. Məhz buna görə Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan öz milli təhlükəsizlik maraqlarını daim prioritet saxlayır. Çünki məsələ ayrı-ayrı siyasətçilərin deyil, uzun illər formalaşmış siyasi düşüncə modelinin dəyişməsindən gedir.

Bununla belə son seçkilərin ən mühüm nəticəsi Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülhə üstünlük verməsidir. İnsanlar artıq yeni müharibələr deyil, sabitlik, iqtisadi inkişaf, açıq sərhədlər, beynəlxalq layihələrdə iştirak və normal gələcək istəyirlər. Bu isə region üçün müsbət siqnaldır.

Əslində, bu gün Ermənistanın qarşısında başqa real alternativ də yoxdur. Hətta seçkilərdə revanşist mövqeyi ilə tanınan siyasi qüvvələr qalib gəlsəydilər belə onlar da sonda Azərbaycanla razılaşmaq məcburiyyətində qalacaqdılar. Çünki bölgədə formalaşmış yeni güc balansı, Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları, beynəlxalq nüfuzu və regional təşəbbüsləri bunu qaçılmaz edir. Bu mənada Ermənistanda keçirilən seçkilərin nəticələrini Azərbaycanın yaratdığı yeni regional reallığın növbəti təsdiqi kimi qiymətləndirmək mümkündür. Bu həm də onu göstərir ki, uzun illər separatizm, ərazi iddiaları və düşmənçilik üzərində qurulmuş siyasət artıq öz resurslarını tükəndirib. 

Lakin qarşıda hələ mühüm mərhələlər var. Sülh sazişinin imzalanması, sərhədlərin tam delimitasiyası, kommunikasiyaların açılması, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması və qarşılıqlı etimadın formalaşdırılması prosesin vacib tərkib hissələridir.

Bu gün Cənubi Qafqaz yeni tarixi mərhələnin astanasındadır. Onun adı müharibə deyil, əməkdaşlıqdır, qarşıdurma deyil, inteqrasiyadır, təcrid deyil, inkişafdır. Ermənistanda keçirilən son seçkilər də göstərdi ki, region xalqları üçün ən real və ən rasional yol məhz budur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!