24 Avqust 2016 01:08
195
CƏMİYYƏT

Erməni vandalları tarixi abidələrimizi məhv etdilər

 

Tarixi, dini və mədəni abidələri, milli-memarlıq nümunələri ilə zəngin olan Cəbrayıl rayonu 23 il öncə vandalizm siyasətinin qurbanına çevrildi. Daşnakların məqsədi qonşu torpaqlarını yalnız zəbt etmək deyil, işğala məruz qoyduqları ərazilərdəki abidələri - tarixin yadigarlarını yer üzündən silərək, guya, onların ermənilərə məxsus olduğunu sübuta yetirməkdir. Cəbrayıl rayonu ərazisində də belə sərvətlər - maddi mədəniyyət abidələri az olmayıb. Təəssüf ki, bu gün onların əlimizdə olanı yalnız adları və göz dağına çevrilən şəkilləridir. Ümumiyyətlə isə erməni təcavüzkarları Azərbaycanın mədəni irsi olan abidələrini xüsusi qəddarlıqla talan edib. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduğu ziyanın dəyərini dəqiqləşdirmək o qədər də asan deyil. Çünki elə maddi-mənəvi sərvətlərimiz talan edilib ki, onarı heç bir meyarla qiymətləndirmək mümkün deyil. Dağıdılmış sərvətlər nəinki Azərbaycanın, həm də sivilizasiyalı bəşəriyyətin əvəzolunmaz mədəniyyət nümunələri idi.

Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixdə erməni vandalizminin qurbanına çevrildi. Rayonun münbit və məhsuldar torpaqları Həkəri və Araz çaylarından qidalanırdı. Xatırladaq ki, Ermənistanın təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin işğalı günü 50 nəfər canını torpağa qurban verib.
Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, vətənə məhəbbətini, bu yolda ölümün gözünə dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük. Belə olan təqdirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verilməyəcəkdir. Qarabağın qara günlərinə səbəb olan düşmənin bugünkü vəziyyəti də təsdiqləyir ki, özgə torpağında açılan göz kor olur.
Tarixi-memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlardakı Dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumasdakı Başıkəsik günbəzi, Gordubaba dağındakı məzarı misal göstərmək olar. Dini abidələr də burada az deyildi: Hacı Qaraman, Cəbrayıl ata, Dül-dül, Mazannənə ziyarətgahları və s. Dağtumasdakı Tumas ata, Divlər sarayı, Mahmudludakı Canqulu və Qumtəpə kurqanları, Tatardakı siklop tikililər, Cəbrayıl şəhəri yaxınlığındakı Ağoğlan qədim arxeoloji abidələr siyahısına daxildir.
Rayonun ərazisindəki tarixi yadigarlar yalnız adları çəkilənlər deyil. Burada qədim dövrlərdən qalma Ağoğlan abidəsi vardı ki, tarixi mənbələrdən alınan məlumatlarda göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan burada dəfn edilib. Ağoğlan abidəsi müsəlmanların ziyarətgahına çevrilib. Ağoğlan piri tək qəbul edilən yerlərə Cəbrayıl rayonu ərazisində çox rast gəlinir. Məsələn, Qurbantəpə adlanan pir Qafqaz Albaniyası dövründə əhalinin hələ Günəşə, Aya sitayiş etdikləri İlk Tunc dövrünün son nişanələrindəndir. Əhali hər yeni il gəlsin, məhsul bol olsun deyə, bu təpədə qurbanlar kəsir, bişirdiyi xörəyin suyundan gündoğan tərəfə səpir, sonra yeyir və Günəşə sitayişi kütləvi halda şadlıq edirlər. XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən köçüb gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşmış, onların saldıqları kənd isə Qurbantəpə adlandırılmışdı.
Mazannənə, Mərmərnənə ziyarətgahları da Cəbrayıl rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə istinadən verdiyi məlumata görə, nənə qədim türkdilli tayfalarda Allahın anasının adı olub. Professor Z.İ.Yampolskinin Mazannənə abidəsi barədə yazdıqlarında isə deyilir ki, o, Madərşahlıq zamanının yadigarıdır və sonralar islam dininə uyğunlaşdırılaraq ocaq hesab edilib. Həmin abidənin yaxınlığında nişanələri qalan köhnə yaşayış məskəni də məhz buna görə Mazannənə kəndi adlandırılıb. Bu kəndin ətrafındakı qədim qəbiristanlıqdakı məzarların birinin sinə daşı üstündə yazılıb: “Əziz ibn Seyid Əl-Məhəmməd”. Digər qəbirlərin üstündə hicri 750, 760 və 809-cu illər tarixlərinin yazılması da təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri oğuz türkləri, indiki azərbaycanlılar olublar. Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadının yerli əhali tərəfindən Mazannənə hesab edilməsi də maraqlıdır.
Rayonun Dağtumas kəndi yaxınlığındakı Tumasata abidəsi bütpərəstlik dövrünün yadigarıdır. Kəndin sakinləri Tumasatanı öz əcdadları sayır və müqəddəs ocaq kimi sitayiş edirdilər. Bunlardan başqa, erməni vandalları tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidələri az deyildi. Təəssüf ki, onlar düşmən tərəfindən darmadağın olunublar. Adlarını çəkdiyimiz bu tarixi yadigarlar xalqımızın mənəvi sərvətləri sırasındadır: 11 tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin körpüsü (XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Xudayarlı kəndi), Ağoğlan nekropolu (ilk orta əsrlər), Karxulu kurqanları və yaşayış yeri (Tunc dövrü), Canqulu kurqanı (Tunc dövrü), Qustəpə kurqanı (Tunc dövrü), İmanqazan təpələri (Tunc dövrü, Şıxlar kəndi), Şıxlar mağarası (Daş dövrü), Şıxlı kurqanları (Son Tunc dövrü), İmanqazantəpə kurqanları (Son Tunc dövrü), Qaladağ qalaçası və yaşayış yeri (ilk orta əsrlər), Məscidtəpə kurqanı (Tunc dövrü), Naftalı kurqanları (Son Tunc və İlk Dəmir dövrü) və s.
Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslının bildirdiyinə görə, buradakı zəngin memarlıq və arxeoloji abidələr, xalqın minillik qan yaddaşından xəbər verən ayrı-ayrı yaşayış məntəqələri, mühüm tarixi əhəmiyyət daşıyan torpaqlar qədim türk-oğuz yurdu olduğunu özü təsdiqləyir: “Rayonun ərazisi başdan-başa tarixi memarlıq abidələri ilə zəngin idi. Araz çayı üzərindəki çoxtağlı Xudafərin körpüləri, Xubyarlı və Şıxlardakı səkkizguşəli və dairəvi türbələr, Dağtumasdakı Başıkəsik günbəz, Sirikdəki qala, Çələbilərdəki məscid-mədrəsə kompleksi və s. dediklərimizə aiddir. İşğalla bağlı artıq onların taleyindən xəbərimiz yoxdur”.
Təəssüf ki, bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıbdır. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də beləcə məhvə məhkum olublar. Erməni işğalçılarının talan etdiyi abidələr xalqımızın tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına yer üzündən silinərək erməniləşdirilir. Dağıdılmış maddi-mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin ərazilərində qorunub saxlanan zəngin sərvətlər də talan edilərək Ermənistana daşınmışdır.

M.SADIQOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video