11 Fevral 2022 02:18
1137
SİYASƏT
A- A+

Ən islahatçı Prezident, ən qayğıkeş Lider

 

İlham Əliyevin sosial ədalət prinsipinə əsaslanan siyasəti vətəndaş rifahının yüksəlməsinə xidmət edir

İki ildir bəşəriyyəti çətin sınaqla üz-üzə qoyan qlobal böhranla mübarizəyə baxmayaraq, Azərbaycanda bir dənə də olsa sosial layihə təxirə salınmayıb. Bu da bir daha təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının yüksək təminatı prinsipi dayanır.
Bunu Prezident İlham Əliyevin sosial sahədə gerçəkləşdirdiyi islahatlar da bir daha təsdiqləyir. Təkcə postmüharibə dövründə reallaşan sosial layihələrə nəzər yetirsək, buna şahidlik etmiş olarıq.

 

Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfə genişləndirilib

Prezidentin sosial islahatları çərçivəsində prioritiet ilk növbədə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının icrası olub. Ötən il şəhid ailəsi üzvləri olan 7942 şəxsə 15,841 sosial ödəniş, 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. 
Mənzil proqramı 5 dəfə genişləndirilib və 2021-ci ildə bu kateqoriyadan olan şəxslərə 3 min mənzil verilib.1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, 
o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub.
Göründüyü kimi, İlham Əliyevin sosial siyasətinin prioriteti şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Ötən illərə nəzər yetirsək, aydın şəkildə görərik ki, bu sosial proqramlar ildən-ilə daha da genişlənir. Məsələn, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev təqdim edilib. Bugünədək 7400 müharibə əlilinə avtomobil verilib. Ötən il isə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin olunub.
Hər bir addımını xalqın mənafeyinə uyğun atması, xalqına sədaqəti cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Prezidentin qlobal pandemiyanın gərgin dövrlərində böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar qayğıkeşliyin, səmimiliyin bariz təcəssümüdür. Ötən dövrlərə nəzər yetirdikdə görərik ki, son illərdə sosial sahədə inqilabi islahatlar sosial ödənişlərin ciddi şəkildə artırılmasına imkan verib. 2019-cu ildə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb, yeni sosial təminat növləri, təqaüdlər, müavinətlər təsis olunub. 

2019-cu ilin sosial ödəniş artımları üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb. 2020-2021-ci illər də yeni sosial islahatlar mərhələsi olub. COVID-19 pandemiyasının məşğulluğa və sosial rifaha mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramları icra edilib. Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edilib, yeni təqaüd növləri təsis olunub.

 

Pensiyalar artırıldı və əlavə olaraq maddi yardım ayrıldı

Ötən il pensiyalarda da artım oldu. İlin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırıldı. 2021-ci ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatdı. Ümumilikdə isə son üç ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb.
Prezidentin ötən il imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı bu sahədə islahatların uğurla davam etdirilməsinə real imkan yaratdı və islahatların növbəti mərhələsi reallaşdı. İllik əlavə 1,5 milyard manat vəsaiti nəzərdə tutan yeni islahatlar paketi 2,1 milyon insanı əhatə etdi.
Prezidentin fevralın 8-də imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə bir daha ölkəmizdə sosialyönümlü, o cümlədən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılmasının durduğu və bu sahədə davamlı olaraq tədbirlərin həyata keçirilməsi təsdiqləndi.
Sərəncama görə əmək pensiyalarının məbləğinin indeksləşməsi ilə yanaşı, illik maddi yardım da nəzərdə tutulur ki, bu da rüblər üzrə bölünərək əmək pensiyaçılarının pensiya hesablarına köçürüləcək. Sərəncamın icrası koronavirus pandemiyasının, həmçinin beynəlxalq bazarlardakı qiymət artımının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarımızın sosial rifahına göstərdiyi mənfi təsirin zərərsizləşdirilməsinə, başqa sözlə desək, bu təsirin yumşaldılmasına xidmət edəcək.
Müvafiq qanuna əsasən, əmək pensiyasına əlavədə vətəndaşın sığortalanmış pensiya kapitalı rəsmi inflyasiya səviyyəsinə uyğun hesablanaraq ona ötən ilin orta əməkhaqqına edilən artım yer alacaq. Yəni həmin amillər nəzərə alınmaqla hesablanacaq. Bu isə 250-300 manat əmək pensiyası alan şəxslərin 9-10 faiz əmək pensiyalarına əlavə deməkdir. İkincisi isə 200 manat məbləğində maddi yardımdır ki, bu da dörd rüb üzrə bölünərək, hər rübün birinci ayında 50 manat məbləğində vəsait əmək pensiyaçılarının pensiyalarına əlavə olunaraq onların hesablarına köçürüləcək.
Yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə  2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim etməsi tapşırılıb.
Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və başqalarıdır. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Onu da vurğulayaq ki, digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımlarının məbləğində də artım tempi davam edir. 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün  ehtiyac meyarının həddi yeni qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib.

 

Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırıldı

Son illərdə ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” məramına uyğun olaraq, qəbul edilmiş qanun və fərmanlar, xüsusilə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin güclənməsi ilə yanaşı, birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək olub.
İlham Əliyev hər zaman sahibkarların böyük hamisi kimi bu sahənin inkişafı üçün mühüm qərar və sərəncamlar imzalayıb. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması isə iş adamlarına gösərilən diqqət və qayğının kiçik bir hissəsidir.  
Qeyd edək ki, dövlət başçısı bu günlərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində 
“2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilir və qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Ümumiyyətlə, Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında da əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır. 
Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. Məhz 2022-ci ilin büdcəsi də bu baxımdan istisna təşkil etmədi və cari ilin büdcəsinin də sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır.
Bunu dövlətin sosial sahəyə göstərdiyi qayğısına nəzər yetirməklə aydın görmək mümkündür. Son 3 ilə nəzər yetirsək görərik ki, ümumilikdə əməkhaqqı və digər sosial ödənişlərin artımı üçün 2019-cu ildəki islahatlar üzrə illik əlavə 4 milyard manat, 2020-ci ildəki islahatlar üzrə illik əlavə 600 milyon manat, 2022-ci ildə isə yeni islahatlar üzrə illik əlavə 1,5 milyard manat, son üç ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması üçün yalnız dövlət vəsaitləri hesabına əlavə olaraq illik 6 milyard manat ayrılıb.
Bu da bir daha təsdiq edir ki, ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman İlham Əliyevin apardığı siyasətin başlıca prioritetləridir. Azərbaycanın qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlər sırasında yer alması da hökumətin maliyyə sabitliyinin təmin olunması yönümündə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində reallaşıb. Uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, möhkəm maliyyə-iqtisadi potensialı qlobal iqtisadi böhran şəraitində belə ardıcıl islahatların həyata keçirilməsinə şərait yaradıb və mütərəqqi islahatlar bu gün də davam etməkdədir.

 

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video