05 Iyun 2022 00:56
1040
Mədəniyyət
A- A+

Əfsanəvi Sara

 

...1938-ci ildə Bakıda Azərbaycanda özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Həmin vaxt müsabiqə iştirakçıları arasında olan 16 yaşlı yeniyetmə qız da çıxış üçün öz növbəsini həyəcanla gözləyirdi. Ürəyi əsim-əsim əsir, ilk dəfə səhnədə nəhəng ustadların - Üzeyir bəy Hacıbəylinin, Hüseynqulu Sarabskinin, Yavər Kələntərlinin, Əhməd Bakıxanovun, Qurban Pirimovun, Zülfü Adıgözəlovun qarşısında çıxış edəcəyi, imtahan verəcəyi üçün həyəcandan doğan narahatlıqla var-gəl edirdi...

Artıq növbəsi çatmış, çıxış üçün səhnədə adı elan olunmuşdu... Daha bundan sonrakı taleyi onun öz əlində idi. Yeniyetmə qız da beynində vurnuxan bütün tərəddüdlərə son nöqtəni qoyub inamla səhnəyə addımlamışdı...

"Qatar" muğamını, ardınca da "Gəlmə-gəlmə" mahnısını köksündən qopan məlahətli səslə elə bir ruhla, elə bir şövqlə oxumuşdu ki, orada olan hər kəsi, eləcə də münsiflər heyətinin rəhbəri Üzeyir bəyi valeh etmişdi...

O zaman Üzeyir bəy yeniyetmə qıza üzünü tutub söyləmişdi ki, sənin doğrudan da gözəl səsin var: "Kim bilir, bəlkə operamıza gələcəyin Leylisi gəlir..."

 

O, səhnəyə bahar mehi gətirərdi

 

Ona hər kəs "Azərbaycan gözəli" deyərdi, Üzeyir bəy isə onu "səhnəmizin gözəl Sarası"  adlandırardı...

Bəli, Tanrı Sara xanıma elə bir qənirsiz gözəllik vermiş, ona elə bir camal bəxş etmişdi ki, səhnədə ay kimi parlayardı...

Sara xanım elə ki, səhnəyə çıxıb mahnı oxumağa başlayardı, anındaca ilahi gözəlliyə bürünərdi və onu görənlər heyrətlə söyləyərdilər ki, Sara oxuyanda mələk kimi görünür...

O, səhnəyə sanki bahar mehi gətirər, zirvədə dayanmış qartal ədası ilə sağa, sola boylanıb muğam və mahnıları oxumağa başlayanda elə bilərdin ki, Azərbaycanda, Qarabağda çağlayan büllur bulaqlardan axan sular ürəklərə süzülür. Tarın bütün pərdələrində məharətlə gəzişən zil və məlahətli səsi ilə ifa etdiyi "Qarabağ şikəstəsi", "Şahnaz", "Qatar", "Şur dəstgahı" muğamları, "Ay işığında", "Nə vaxta qaldı", "Nədən oldu", "Lay-lay", "Tar çalan oğlan", "Xatirələr", "Qara tellər", "Hind qızı" və yüzlərlə digər mahnılar eşidənlərini bir daha unutmayacaqları şəkildə sehrli və sirli təsirinə salır, könülləri fəth edirdi...

Təkcə bu da deyildi, Sara xanım əcnəbi xalqların mahnılarını da elə məharət və ürəyə xitab edən şəkildə oxuyardı ki, dinləyicilərinin heyrətqarışıq sevinc və alqış nidasına, gül-çiçək yağışına qərq olardı...

 

Qarabağlı qızının musiqi dünyası

 

Klassik muğam, xalq və bəstəkar mahnılarının ifaçılığı sahəsində öz dəst-xətilə seçilən Xalq artisti, "Şöhrət" ordenli Sara Bəbiş qızı Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Amma əslən Ağdamın Gülablı kəndindən olduğu üçün hər kəs onu qarabağlı qızı kimi tanıyıb. Görünür, elə Sara xanımın da ilahi vergi olan ecazkar səsə, təkrarolunmaz ifaçılıq sənətinə yiyələnməsi məhz musiqi beşiyi Qarabağdan olması, eyni zamanda atasının dostları, böyük ustadlar Xan Şuşinskinin, Zülfü və Qurban əminin möhtəşəm ifalarını dinləməsi, muğamın incəlikləri ilə bağlı onlardan öyrəndiyi sirlərlə bağlı olub. O lap kiçik yaşlarından atası ilə Gülablıda təşkil olunan musiqi məclislərində iştirak edərdi. Musiqini çox sevən anası isə balaca Saraya muğamların, mahnıların sözlərini öyrədərdi. Amma şən səsi-avazı Gülablının, Qarabağın uca dağlarında, yaşıl çəmənlərində dolaşan balaca Saranın nəğmələrinə çox keçmədən qəm notları da düşür. Əvvəl anasını, iki il sonra isə atasını itirən Sara və onun bacı-qardaşları başsız qalırlar.

Səkkizinci sinfi bitirən kimi Sara tibb məktəbinə daxil olur, lakin fitri-istedadı onu musiqi dünyasına daha çox cəzb edir. Buna görə də oxuduğu məktəbin özfəaliyyət dərnəyinə yazılıb Əbilov adına klubda məşqlərə gedir.

1941-ci ildə Sara xanım Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olunur. O, Qurban Pirimov, Zülfü Adıgözəlov, Əhməd Bakıxanov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustad sənətkarlardan dərs alıb, musiqinin, muğamlarımızın sirrini öyrənir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi musiqi fəaliyyətinə başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində şöhrət taparaq müğənni kimi tanınmağa, sevilməyə başlayır.

 

Saranın vurğunu

 

Sara Qədimovanın ilk qastrol səfəri Moskvaya olur. 1941-ci ilin 20 iyununda bir qrup incəsənət ustası ilə birlikdə Ümumittifaq müsabiqəsində iştirak edir. Çox keçmədən İkinci Dünya müharibəsi başlayır və Sara xanım bu dəfə qələbəyə ruhlandıran nəğmələri ilə 416-cı Taqanroq diviziyasında azərbaycanlı əsgərlərin qarşısında çıxışlar edir. Belə səfərlərin birində isə Səməd Vurğun bir şeir yazıb gənc Saraya verir ki, bunu əzbərlə və "Segah" üstündə oxu. Beləliklə, Sara xanım cəbhədə verilən konsertlərin hamısında "Segah"ќmuğamını Səməd Vurğunun aşağıda bir bəndini verdiyimiz şeiri ilə başlayır:

 

Yenə qılıncını çəkdi üstümə,

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə,

Qələm qaş altında o ala gözlər.

 

 "Azərbaycan maralı" xoş gəlib

 

Sara Qədimova ilk dəfə 1942-ci ildə İrana qastrol səfərinə gedir və ayyarım davam edən bu səfər müddətində çıxışları ona bu ölkədə təsvirəgəlməz rəğbət qazandırır.

1944-cü ildə incəsənət işçilərimizlə bərabər İrana növbəti dəfə qastrola gedəndə isə daha böyük şöhrət qazanır. Konsertlərdə "Kürdün gözəli", "Ay dilbər", "Qubanın ağ alması" və digər mahnılarımızı böyük məharətlə ifa edərək dinləyicilərini heyrətləndirir. O günlərin şahidi olanlar xatirələrində danışıblar ki, iranlı qadınlar onu bağırlarına basıb "Azərbaycan maralı" xoş gəlibdir" deyirdilər.

Həmin vaxt Məhəmməd Rza Şah Pəhləvi Xan Şuşinski ilə birlikdə Sara Qədimovanı iqamətgahında - Şimranda qəbul edir, onları Dövlət mükafatı ilə təltif edir.

Sara xanım 3 ay çəkən həmin səfəri ilə bağlı hər dəfə deyərmiş ki, İran səfəri onun  həyatında böyük rol oynayıb.

 

Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qadın xanəndə

 

"Allah Sara xanıma elə bir səs vermişdir ki, o, çox asanlıqla, çətinlik çəkmədən tarın bütün pərdələrində gəzişə bilər. Onun səs diapazonu, səs götürümü çox genişdir. Əgər Sara xanım çox çətin, yüksək kaloritli "Bayatı Şiraz" muğamını oxuyursa, daha ona söz ola bilməz".  Sara xanımın sənətkarlığına bu qədər yüksək dəyər verdiyini ifadə edən görkəmli tarzən Bəhram Mansurov həm də sözügedən və digər muğamlarımızı Sara xanımın mükəmməl ifa etməsi bacarığını xüsusilə vurğulayıb.

Ümumiyyətlə, Sara xanım Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qadın xanəndə olub. O, "Şur dəstgahı", "Mahur-hindi", "Bayatı-Şiraz", "Rast", "Segah", "Xari segah",  "Qatar", "Şahnaz" kimi çətin və mürəkkəb muğamları məharətlə oxuyub və öz silinməz möhürünü vurub.

Tədqiqatlarda göstərilir ki, Sara xanım 400-dən artıq xalq və bəstəkar mahnısı, 11 muğam ifa edib. Hazırda radionun "Qızıl fond"unda onun ifasında 7 muğam və 200-dən çox mahnı qorunub saxlanılır.

 

Operamızın Leylisi

 

19 aprel 1959-cu ildə "Molodyoj Azerbaydjana" qəzeti yazırdı: "3 aydan artıq bir müddətdə gərgin yaradıcılıq əməyi sayəsində Sara Qədimova parlaq, təsiredici Leyli obrazını yaratmışdır. Bu obraz Sara xanımın ifasında yeni səhnə həyatı və tamaşaçıların yüksək qiymətini almışdır".

1956-cı ildə böyük mədəniyyət xadimlərimiz Niyazi, Fikrət Əmirov Sara xanımı Opera teatrına dəvət edirlər. Artıq həmin vaxta qədər o, respublikada məşhur müğənni və xanəndə kimi tanınırdı. Amma Sara xanım oynadığı Leyli obrazı ilə tamaşaçıların daha yüksək rəğbətini qazanır. Onu Leyli rolunda görmək üçün hətta respublikanın uzaq bölgələrindən tamaşaçılar axın-axın Opera teatrına gələrdilər.

Tanrının lütf etdiyi təbii gözəllik, yüksək aktyorluq qabiliyyəti, muğamları incəliyinə qədər bilməsi və opera sənətçisi üçün lazım olan bütün məziyyətlərin bir harmoniya kimi Sara xanımda cəm olması onun böyük uğurunun sirri idi.

Sara xanımın ifasında Əsli, Şahsənəm obrazları ilə yanaşı, Leyli  obrazı da dinləyicilərə yeni və təravətli ruh verirdi. Təsadüfi deyildi ki, 1958-ci ildə Füzulinin yubileyi keçirilən zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təklifi ilə Sara Qədimova və Əbülfət Əliyevin ifasında "Leyli və Məcnun" operası başdan-ayağa lentə yazılıb və "Qızıl fond"a daxil edilib.

 

Sara oxuyanda...

 

"Qarabağ şikəstəsi" Sara xanımın köksündən bir başqa çağlayardı. Sara Qədimova ruhunun ecazkar səsi kimi qulaqlarda əks-səda verən bu şikəstə böyük müğənnimiz haqqında İlyas Əfəndiyevin qələmə aldığı sözlərlə əsl təzahürünü tapıb: "Sara Qədimova oxuyanda özümü laləli dağ yollarında hiss edirəm. Sanki Şuşaya və Kirs, Ziyarət, Salvartı dağlarına qalxıram, Qarabağ təbiətinin bütün gözəlliyi ruhuma dolur, Şuşanın, İsa bulağının, Şəkilli bulağın nəfəsini hiss edirəm..."

Araşdırmalarda Sara Qədimovanın hələ ötən əsrin 40-cı illərindən "Qarabağ şikəstəsi"ni oxuduğu və heç bir qadın müğənninin ona qədər bu şikəstəyə müraciət etmədiyi qeyd olunur. 1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasının bağlanışında Sara xanımın Xan Şuşinski və Şövkət Ələkbərova ilə birlikdə oxuduğu "Qarabağ şikəstəsi"ni özünəməxsus füsunkarlıqla ifa etməsi diqqətlərdən yayınmamışdı...

Həmin dekadada partiya və hökumət  rəhbərləri, SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin, Sov.İKP Mərkəzi Komitəsinin katibləri Y.A.Furtseva və A.İ.Kiriçenko da iştirak etmişdilər və Sara xanımın ifasında "Qarabağ şikəstəsi"ni çox bəyənmişdilər. Bu da faktdır ki, Y.Furtseva SSRİ mədəniyyət naziri işlədiyi dövrdə Sara xanımı fasiləsiz olaraq xarici ölkələrə qastrollara göndərib. Bu dekadadan üç il sonra Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Sara Qədimovaya Azərbaycan SSR Xalq artisti fəxri adı verilib.

 

Azərbaycan incəsənətinin layiqli təmsilçisi

 

Dünyanın 22 ölkəsində konsert proqramları ilə çıxış edən Sara Qədimova Rəşid Behbudovdan sonra keçən əsrin 50-70-ci illərində Azərbaycan musiqisini xarici dövlətlərdə ən çox  təmsil edən sənətkar kimi də adını mədəniyyət tariximizə qızıl hərflərlə həkk edib.

Səsi-avazı dünyanın dörd bir tərəfindən gələn Sara xanımın 1963-cü ildə İndoneziyada 3 ay ərzində verdiyi 82 möhtəşəm konsert isə dillərdə dastan olub. O zaman SSRİ-nin ilk  kosmonavt qadını Valentina Tereşkova və SSRİ mədəniyyət naziri Y.Furtseva da konsertlərin birində iştirak ediblər.

Həmin səfərlə bağlı Furtseva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə  göndərdiyi məktubda yazıb: "Azərbaycan SSR Xalq artisti Sara Qədimova İndoneziyada böyük müvəffəqiyyət qazandı. Kosmonavt  Valentina Tereşkovanın iştirak etdiyi və SSRİ inşaatçılarının  tikib istifadəyə verdikləri  100 min nəfərlik stadionda o, Prezident Sukarnonun  sevdiyi  İndoneziya  mahnısını  boyük məharətlə oxudu. Stadiondakı 100 min nəfərlik publika  həmin mahnını Sara Qədimova ilə birlikdə  ifa etdi. O, sovet adamının yüksək adına xələl gətirən heç bir hərəkətə yol vermədi".

Sara xanım ecazkar səsə, mahir ifaçılıq qabiliyyətinə malik olması ilə yanaşı, özünəməxsus xarakteri ilə də hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb təqdir edilirdi. Hətta müstəsna mənəvi dəyərlərə malik olmasına görə respublikaya gələn yüksək səviyyəli qadın sənətkarları qarşılamaq da məhz ona tapşırılardı.

Bütün hökumət tədbirlərində çıxış edən Sara xanım 1967-ci ildə Türkiyənin baş naziri Süleyman Dəmirəl Bakıya gələndə onun şərəfinə verilən ziyafətdə "Qara tellər", "Ay dilbər" , "Türk mahnısı" , "Aişə" və "Şahnaz" muğamını özünəməxsus təkrarsızlıqla oxumuşdu. Onun ifaçılıq sənəti Süleyman Dəmirəli o qədər məftun etmişdi ki, üzərindən 29 il keçəndən sonra o, prezident kimi Bakıya gələndə ötən bu illər ərzində Sara xanımın səsinin qulağından getmədiyini dilə gətirmişdi.

O vaxt Süleyman Dəmirəl Sara xanımı şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdi. Sara xanım 1996-cı ilin noyabr ayında Türkiyədə olmuş, Süleyman Dəmirəllə görüşmüşdü.

 

Bu dünyadan bir Sara Qədimova keçdi

 

Beləcə, illər illəri əvəzləmiş, 67 illik insan həyatı üçün böyük bir zaman dilimində Sara Qədimova yorulmadan mədəniyyətimizə xidmət etmiş, oxuduğu mahnılara, muğamlara, opera səhnəsində yaratdığı rollara özünəməxsus silinməz naxış həkk etmişdi. Bu illər ərzində Sara xanım  həm də əsl sənətkar xoşbəxtliyi yaşamış, tamaşaçıları, dinləyiciləri arasında böyük nüfuz qazanmış, onların rəğbətini, sevgisini duymuşdu. Yaşlı nəslin nümayəndələri Sara xanımı heyranlıqla dinləyirdilər. Sara Qədimova nəğmələrindən ruh alaraq formalaşan böyük bir nəsil yetişmişdi. Sara xanım özündən sonra da zəngin sənət xəzinəsi qoyaraq gələcək nəsillərin sevimli müğənnisi olmağı bacarmışdı. Bu gün də Sara Qədimovanın məlahətli səsi, təkrarsız ifası eşidiləndə hər kəs sevə-sevə, məftunluqla dinləyir.

Bəs bütün bunlar elə zamanın fövqündə olmaq, əbədiyaşar olmaq demək deyilmi?!.

Sara xanım səhnəmizə bir Günəş kimi doğdu və 83 illik dolu bir ömürdən sonra öz parlaq şəfəqlərini sənət dünyamıza daimi saçaraq sonsuzluğa qovuşdu...

 

Bəli, bu dünyadan bir Sara Qədimova keçdi...

Keçdi və unudulmaz olaraq əbədi yaddaşlara köçdü...

"Azərbaycan gözəli", ustad xanəndə kimi...

Hər zaman səni rəhmətlə, böyük ehtiramla  anırıq, unudulmaz sənətkarımız...

Və bu bir əsrlik yubileyini çoxdandır intizarında olduğun Qarabağımızın, doğma Gülablının azadlığa qovuşmasının xoşbəxtliyi, möhtəşəmliyi ilə qeyd edirik...

Ruhun şad olsun, Sara xanım...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video