28 Sentyabr 2022 01:20
504
CƏMİYYƏT
A- A+

Əbədi ehtiram ünvanı

 

İki ildir ki, sentyabrın 27-də Azərbaycan xalqı Qarabağda tarix yazan Vətən oğullarının xatirəsinə sonsuz ehtiramını ifadə edir. Rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında almışdı. Düşmənin işğal altında saxladığı əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdu. O xalqlar xoşbəxtdir ki, onların uğrunda canından keçən vətən övladları var. 

 

Xalq şəhidlərini unutmur

 

Dünən xalqımız İkinci Fəxri xiyabana gələrək şəhidlərin xatirəsini ehtiramla anıblar. Ölkə ictimaiyyətinin ziyarəti səhər saatlarından başlayıb axşama kimi davam edib. İnsan axını dayanmaq bilməyib. Şəhidlərimizin xatirəsi uca tutulub, ruhlarına böyük ehtiram göstərilib. 
Anım günündə şəhid ailələri, hərbçilər, qazilər və Azərbaycan övladları iştirak edirdilər. Ziyarətə gələnlər qəhrəmanlarımızın şərəfli ömür və döyüş yollarından söhbət açır, məzarları önünə əklillər, tər çiçəklər düzərək ruhlarına dualar oxuyurdular. Hər tərəf al-əlvan güllərə, çiçəklərə bürünmüşdü.
Ziyarətçilər Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığından və bunun zəfərlə yekunlaşdığından bəhs edirdilər. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı və canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğunu bildirirdilər.

 

Xiyabanda uyuyanlar qəlblərdə əbədi yaşayırlar

 

Aradan illər keçsə də yaralar sağalmır, bəlkə də heç vaxt sağalmayacaq.  Bəzi şəhidlərin baş daşlarına onların son sözləri, bəzilərinə son mesajları, bəzilərinə isə yazdıqları şeirlər qeyd edilib. Əslində hər məzar daşının öz hekayəsi var. Burada uyuyanların hər biri baş tacımız, qürur mənbəyimiz, and yerimizdir. Onlar fərqli zamanlarda şəhid olsalar da, hər biri müqəddəs zəfərimizin və qələbəmizin qəhrəmanlarıdır. İrəli addımladıqca şəhid analarının ah-naləsinin, hönkürtüsünün şahidi oluruq. Biri balasını oxşayır, birisi laylay çalır, birisi məzar daşına sarılaraq göz yaşları tökür. Məzar daşlarından isə gözlərində nur olan vətən üçün canlarından keçən igidlər boylanır.
Şəhid Nicat Atayevin anası Rəsmiyyə Əhmədova da ziyarətçilər arasında idi. O, oğlunun şəhadətə yüksələn Vətən müharibəsinin ilk iştirakçılarından olduğunu bildirdi: "Oğlum həmişə vətənpərvər olub. Deyirdi ki, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Elə bu amalla da döyüşə atıldı. Nicat İkinci Fəxri xiyabanda Polad Həşimovdan sonra gələn birinci şəhid olub. Oğlumla fəxr edirəm. Burada yatan şəhidlərimizin hamısı qəhrəmandır". 

 

Onlar bizim fəxrimizdir

 

Əlində bayraq tutan hərbi geyimli bir gənclə söhbətləşirəm. Qazi Cavad Fətullayev deyir ki, burada uyuyanlar igidlik və mərdlik nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəliblər: "Çox xoşbəxtəm. Torpaqlarımız işğaldan azad edilib. Bütün şəhidlərə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Onlar bizim fəxrimizdir. Ata-baba yurdlarımız şəhidlərimizin qanı bahasına alınıb".
Könüllü olaraq döyüşlərə yollanan kəşfiyyatçı-snayper Namiq Əliyevlə də həmsöhbət olduq. Söylədi ki, şəhidlərimiz Azərbaycan tarixində heç vaxt unudulmayacaq: "İgidlərimiz illərdir Ali Baş Komandanın əmrini gözləyirdilər. Azərbaycan xalqı ölkəmizi yenidən ərazi bütövlüyünə qovuşdurmuş qəhrəman şəhidlərimizin xatirəsini daim uca tutacaq, onları böyük məhəbbətlə yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanı cənnətdir". 
Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, adları əbədiləşdirilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda ölkəmizin hər guşəsində Şəhidlər xiyabanları ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün tədbirlər görülür.
Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhidlərimizin intiqamını isə igidlərimiz döyüş meydanında aldılar.  Onların qanı yerdə qalmadı.

Elşən YƏHYAYEV,
"Azərbaycan"
Fotolar AZƏRTACındır

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video