26 Yanvar 2022 01:14
2379
SİYASƏT
A- A+

Dünyanın qəbul etdiyi Zəfər yeni reallıqlar yaratdı

 

Bu, beynəlxalq ictimaiyyət tərəfindən də tam dəstəklənir

 

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında qalması çağdaş dövrümüzün ən böyük ədalətsizliklərindən biri idi.

Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdundan didərgin salınmış, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyulmuşdu. Bütün bunlar sivil dünyanın gözü qarşısında baş versə də, dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi ilə bağlı beynəlxalq konvensiyalar kobud şəkildə tapdalansa da, həmin sənədləri qəbul edən təşkilatlar susqunluq, laqeydlik, biganəlik nümayiş etdirirdilər, işğalçını öz adı ilə çağırmaqdan uzaq olurdular.

 

İlham Əliyev vasitəçilərin istəmədiyi ədaləti bərpa etdi

 

Ermənistanın işğal siyasətinə göz yumulması, ayrı-ayrı dövlətlər və təşkilatlar səviyyəsində biganəlik əslində məqsədyönlü xarakter daşıyırdı. Məqsəd zaman ötdükcə Azərbaycanın işğalla barışdırılması, tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması olubdu. Lakin bu illər ərzində Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmayacağını və ərazilərimizin işğaldan azad olunacağını daim bəyan edirdi. 2020-ci ilin Vətən müharibəsində isə İlham Əliyev öz vədini qətiyyətlə yerinə yetirdi, dövlət başçısı, Ali Baş Komandan kimi tarixi missiyasını layiqincə icra etdi.

Vətən müharibəsi günlərində Azərbaycan beynəlxalq təzyiqlərlə üzləşdi. Erməni təəssübünü çəkənlər, dünya erməniliyi respublikamıza qarşı əsassız şəkildə ittihamlar səsləndirdilər. Hətta Fransanın rəsmi siyasi dairələri bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri olduğunu da unutdular və Ermənistanın işğalçı siyasətini açıq şəkildə müdafiə etməyə qalxdılar. Müharibə günlərində BMT səviyyəsində də Azərbaycana qarşı təzyiqlərin edilməsinə cəhd göstərildi. Lakin Prezident İlham Əliyevin düşünülmüş və uğurlu diplomatiyası nəticəsində bu təşkilatda ölkəmizin milli maraqlarına zidd olan sənədin qəbul edilməsinə imkan verilmədi.

Beləliklə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövləti öz milli maraqlarını qətiyyətlə təmin etdi. Prezident İlham Əliyev beynəlxalq hüquqa söykənərək vasitəçilərin təmin edə bilmədiyi ədaləti müharibədə Ermənistanın məğlub edilməsi ilə bərpa etdi.

 

Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyinə şahidlik etdi

 

Vətən müharibəsi tamamilə yeni reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş hüquqlarını bərpa etməsi, torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın işğal siyasətinə birdəfəlik son qoyulmasıdır.

Müharibənin başa çatmasından sonra da Azərbaycanın haqlı qələbəsinə qarşı çıxanlar oldu. Yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bu barədə danışaraq bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq, onların yeni reallıqlardan tamamilə uzaq olduqlarını görərik. Fransa dövləti müxtəlif siyasi təzyiqlərdən istifadəyə cəhd göstərdi. 2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu da bu ölkənin Ermənistanın işğal siyasətinə dəstəyinin və Azərbaycana təzyiqinin bir forması idi. Təbii ki, torpaqlarını döyüş yolu ilə azad etmiş Azərbaycanla təzyiq və təsir dilində danışmaq faydasız və yersizdir. Fransa senatının qətnaməsinin kağız üzərində qalması da bunu təsdiq etdi.

Vətən müharibəsindən sonra da Azərbaycan siyasi-diplomatik istiqamətdə fəal iş apardı. Xarici diplomatik korpusun nümayəndələrinin, respublikamıza gələn əcnəbi qonaqların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olundu. Döyüşlərin başa çatmasından sonra dünya erməni vəhşiliyinə, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə şahidlik etdi. Bütün bunlar dövlətimizin haqlı mövqeyini bir daha dünyaya çatdırdı.

Döyüşlərin başa çatmasından dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa işlərinə başlanıldı. Beynəlxalq ictimaiyyət Azərbaycanın işğaldan azad etdiyi torpaqlarını yenidən qurmaq əzmini gördü. Möhtəşəm layihələrin həyata keçirilməsinə başlanılması və qısa müddətdə onların başa çatdırılması ilə dünya birliyi bir daha Azərbaycanın 44 günlük müharibədə haqlı tərəf olduğunu gördü.

 

İlham ƏLİYEV: “İndi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük”

 

Qeyd edək ki, hələ 2020-ci ilin noyabrında Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, üçtərəfli razılaşmadan boyun qaçırması Ermənistan üçün intihar olar. Bu açıqlama müharibənin nəticələrinə dair Rusiya dövlətinin obyektiv münasibəti idi. 2022-ci il ərzində keçirilən üçtərəfli Moskva və Soçi danışıqları bir daha təsdiqlədi ki, Rusiya İkinci Qarabağ müharibəsinin nəticələrini tam qəbul edir.

Azərbaycanın qələbəsi Avropada da qəbul olunur. Hələ ötən ilin iyul ayında ölkəmizə səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel nitqində Dağlıq Qarabağ, status və s. bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında bəzi məsələləri “mübahisə” adlandırmadı. Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı tərəfindən obyektiv mövqe ortaya qoyuldu. Bu, onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. “...Bu gün beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük”, - deyə Prezident İlham Əliyev bildirib. Ermənistanın qatı müdafiəçisi olan Fransa da artıq reallıqları qəbul edib və anlayır ki, Azərbaycana təzyiq etmək mümkün deyil.

Vətən müharibəsinin nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tam qəbul olunur. 44 günlük savaşda qazanılan Zəfərin dünyada qəbul edilməsi həm də onu göstərir ki, Azərbaycan öz milli mənafelərini uğurla təmin edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video