01 Dekabr 2021 00:23
4651
Səhiyyə
A- A+

Dünyanın “Omikron” həyəcanı

 

Bəzi ölkələr koronavirusun sürətlə yayılan yeni növünə görə qapanmalara gedib, sərhədlərini bağlayıblar

 

COVID-19-un “Delta plyus” ştamının təhlükəsi getməmiş bu virusun yeni növü ölkələr üçün təhdid olaraq görülməyə başlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq dövlətləri COVID-19-un “Omikron” (B.1.1.529 ştamı) adlanan ən yeni ştamının təhlükəli ola biləcəyindən ciddi şəkildə xəbərdar edib. ÜST-nün bu  narahatlığı “Omikron”un indiyədək qeydə alınan növlərdən daha sürətlə yayıla bilməsi ilə izah edilir.

Amma “Omikron”un “Delta” da daxil olmaqla, digər variantlarla müqayisədə insandan insana daha asan keçməsi, o cümlədən hansı ağır fəsadlara səbəb olması hələ aydın deyil. Yeni ştamın ilk qeydə alındığı Cənubi Afrikada son günlərdə COVID test nəticəsi müsbət olanların sayı artsa da, bunun “Omikron” və ya digər amillərlə əlaqəli olub-olmadığı tam müəyyən edilməyib. Hazırda Cənubi Afrikada və dünyanın digər ölkələrində tədqiqatçılar “Omikron”un bir çox aspektini daha yaxşı öyrənmək üçün araşdırmalar aparırlar. Tədqiqatların nəticələri  məlum olduqda ictimaiyyətə bu barədə məlumat veriləcəkdir. ÜST də bütün ölkələri koronavirusun yeni variantının öyrənilməsinə daha çox diqqət yetirməyə çağırıb.

 

“Omikron”un ağırlıq səviyyəsini öyrənmək üçün həftələr lazım olacaq

 

ÜST koronavirusun digər ştamları kimi yeni ştamı da yunan hərfi ilə adlandıraraq onu dünyaya “Omikron” (O) kimi təqdim edib. Təşkilat bu ştamı “narahatlıq doğuran variantlar” qrupuna daxil edib ki, adları buraya salınanlar ötürülmə sürətinin artması, xəstəliyin klinik təzahürlərinin dəyişməsi ilə xarakterizə olunur. Bu variantlar koronavirusun müalicəsi üçün mövcud diaqnostika, peyvənd və dərmanların effektivliyini azalda bilər. İnsanın “Omikron”a yoluxub-yoluxmadığını PCR testi vasitəsilə müəyyən etmək mümkündür. ÜST-nün apardığı qiymətləndirmələr nəticəsində yeni ştamın PCR testlərini tanıdığı təsdiqlənib.

Hazırda “Omikron”un simptomlarının digər variantlardan fərqləndiyini göstərən heç bir məlumat yoxdur.

Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Angelique Coetzee “Omikron”un ilk simptomlarının hələlik yüngül olduğunu bildirib. Bu simptomlar əzələ ağrısı, yorğunluq, bir-iki gün özünü yaxşı hiss etməmək, yüngül öskürək ilə özünü göstərir. Lakin bu da nəzərə alınmalıdır ki, həmin simptomlar koronavirusun hər hansı növünə qarşı daha həssas olan insanlar arasında deyil, sağlam gənclər arasında müşahidə edilib. Buna görə də “Omikron”un ağırlıq səviyyəsini aydınlaşdırmaq üçün bir neçə həftə lazım olacaq.

 

Yeni ştam inanılmaz dərəcədə mutasiyaya uğrayıb

 

Alimlər deyirlər ki, COVID-in yeni ştamı Çinin Uhan şəhərində ortaya çıxan orijinaldan köklü şəkildə fərqlənir. Bu ştam inanılmaz dərəcədə mutasiyaya uğrayıb, onda bunun sayları daha çoxdur. Həmin mutasiyaların bəzilərinə digər variantlarda əvvəllər rast gəlinsə də, aralarında tamamilə yeni olanları da var. Ona görə də yeni mutasiyaların xəstəliklə mübarizə baxımından narahatlıq doğurduğu deyilir. Elm adamlarının bir qismi “Omikron”u indiyə qədər aşkar edilmiş növlər arasında ən ağır mutasiyaya uğramış ştam kimi qiymətləndirirlər. Yeni növlə bağlı iddia edilən məlumat odur ki, “Omikron” asanlıqla yayıla bilən və xəstəliyi şiddətli hala gətirəcək bir mutasiyaya sahibdir. Cənubi Afrikadakı Epidemik Müdaxilə və İnnovasiya Mərkəzinin direktoru, professor Tulio de Oliveyra bu variantın digərlərindən çox fərqləndiyini söyləyib.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Jenny Harries orijinal koronavirusla müqayisədə yeni növdə fərqli sünbül proteinin olduğunu açıqlayıb. O qeyd edib ki, “Omikron” bugünə qədər rastlaşdıqları ən güclü variantdır. Onun yoluxma dərəcəsi, şiddəti və peyvənd həssaslığı haqqında daha çox öyrənmək məqsədilə təcili tədqiqatlar aparılır.

İngiltərənin səhiyyə naziri Sajid Cavid də “Omikron”da mutasiyaların sayının daha çox olmasından narahatdır: “Bizim bildiyimiz odur ki, “Omikron”da hazırda əhəmiyyətli sayda mutasiya var. Bu say bəlkə də “Delta” variantında gördüyümüz mutasiyaların sayından iki dəfə çoxdur”.

 

Azərbaycana gəldikdə...

 

“Omikron” Cənubi Afrikadan sonra bəzi ölkələrdə də qeydə alınıb. Avropada koronavirusun yeni variantına ilk yoluxma Belçikada aşkar olub. Bu ştama Misirdən Belçikaya qayıdan bir insanda rast gəlinib. Noyabrın 22-də həmin şəxsdə xəstəliyin ilk simptomları müşahidə edilib. Artıq Çin, İsrail, Böyük Britaniya, Almaniya, İtaliya “Omikron”a yoluxma hallarının baş verdiyi ölkələrdir.

Azərbaycana gəldikdə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb. Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ ki yeni ştam aşkarlanmayıb.

Qeyd edək ki, “Omikron”a hələlik bir çox ölkələrdə rast gəlinməsə də, ÜST bu ştamın xüsusiyyətlərini nəzərə alıb COVID-19 hallarında artım ola biləcəyini bildirib. ÜST bu ştamla əlaqədar qlobal riski “çox yüksək” dəyərləndirib. ÜST üzv ölkələri peyvənd proqramlarının icrasını sürətləndirməyə çağırıb.

ÜST rəsmiləri “Omikron”da sayda mutasiya olduğu üçün peyvənd proqramının mümkün qədər tez həyata keçirilməsini, ən həssas təbəqələrə aid olan insanları qorumaq üçün səyləri sürətləndirməyi olduqca vacib sayırlar.

 

Mövcud vaksinlər təsirlidirmi?

 

Yeni ştamın sürətlə yayılması hər kəsi bu barədə düşünməyə vadar edir: görəsən, mövcud peyvəndlər “Omikron”a qarşı effektlidirmi? Hələlik bu suala konkret cavab verilməyib. Mütəxəssislərin bəziləri peyvəndlərin yeni ştama qarşı az təsirli olduğunu iddia edir. Amma bu da hələlik öz təsdiqini tapmayıb. Çünki peyvəndlərin yeni ştama qarşı daha az təsirli olub-olmadığını öyrənmək üçün müəyyən zaman  lazımdır.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Jenny Harries bildirib ki, bu variant peyvəndləri səmərəsizləşdirə və pandemiya ilə mübarizə səylərini puç edə bilər.

Kaliforniya Universitetinin epidemiologiya professoru Corc Ruterford isə daha ümidverici proqnozlar verib. O, mövcud peyvəndlərin koronavirusun müxtəlif növlərinə qarşı təsirli olduğunu, Afrikadan gələn yeni ştamın da bu sırada istisnalıq təşkil etməyəcəyini düşünür.

ABŞ-ın COVID-19 ilə mübarizə üzrə işçi qrupunun keçmiş müşaviri Endi Slavitt bildirib ki, dekabrın əvvəlində işə başlanılarsa, o zaman bu ştama qarşı yeni peyvəndlər 2022-ci ilin yayına qədər bütün dünya üçün əlçatan olacaq. Sabiq müşavirin sözlərinə görə, “Pfizer” və “Moderna” kimi əczaçılıq şirkətlərinə koronavirusun yeni variantına qarşı peyvənd hazırlamaq üçün 100 gün lazımdır. Vaksinlərin effektivliyinin qiymətləndirilməsi isə təxminən iki həftə çəkəcək.

ABŞ-ın baş infeksionisti Entoni Fauçi isə ştamdan qorunmaq üçün ən  etibarlı yolun revaksinasiya olduğunu açıqlayıb: “Bizə 2 həftə vaxt lazımdır ki, bu ştamın yoluxuculuğu, ağırlıq dərəcəsi və digər təsirləri barədə dəqiq informasiya əldə edək. 2 doza peyvənd olunmuşların buster dozanı vurdurması istənilən mutasiyadan ağırlaşmanın qarşısını ala bilər. Bütün peyvənd olunmuş şəxslər mümkün qədər tez üçüncü dozanı vurdursunlar”.

 

Ölkələr sərt tədbirlər görməyə başladı

 

Koronavirusun təhlükəli hesab edilən yeni növünün aşkarlanması ölkələri artıq sərt tədbirlər görməyə məcbur edib. Yeni ştamın ilk qeydə alındığı ölkələrdən olan İsrail Cənubi Afrika da daxil olmaqla, bu region “qırmızı ölkə” kateqoriyasına daxil edilib. Belə ki, tam peyvənd olunmuşlar da daxil olmaqla, həmin ölkələrdən geri qayıdan israillilərdən  bir həftə ərzində dövlət tərəfindən idarə olunan hoteldə təcrid edilməsi, iki mənfi PCR testinin nəticəsindən sonra karantindən buraxılması tələb edilir. Geri qayıdanlar hər hansı bir sınaqdan imtina edərsə, o zaman iki həftə ərzində karantində saxlanılacaqlar. İsraildə yayılmanın qarşısını almaqdan ötəri fərqli bir planın həyata keçirilməsi üçün səlahiyyətlərə əlavə tapşırıqlar da verilib. 

ABŞ hökuməti yeni növ ştamla əlaqədar bəzi Afrika ölkələrinin sakinlərinin girişinə qadağa qoyub. Oxşar qadağa Türkiyə və Rusiya tərəfindən də edilib. Böyük Britaniya Cənubi Afrika, Namibiya, Botsvana, Zimbabve, Lesoto və Esvatinidən olan aviauçuşları müvəqqəti dayandırmaqla yanaşı, bu istiqamətlərdən qayıdan vətəndaşların karantində qalmasını qərara alıb. Yeni təhlükə ilə əlaqədar Almaniya yalnız onun pasportu ilə Cənubi Afrikaya səyahət edən vətəndaşlarının ölkəyə daxil ola biləcəyini açıqlayıb. İtaliya son 14 gündə Afrikanın bəzi ölkələrinə, o cümlədən Cənubi Afrikaya səfər etmiş şəxslərin ölkəyə girişini qadağan edib.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video