25 May 2022 00:49
773
Elm və texnika
A- A+

Dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira edilib

 

Gəncə İdman Klubunun prezidenti Elvin Abbasov yeni ixtira edib. AZƏRTAC xəbər verir ki, dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira olunub. "Suqovuşan" adlanan cihazı Gəncə İdman Klubunun prezidenti, "Virtual Azərbaycan" şirkətinin rəhbəri, ixtiraçı Elvin Abbasov hazırlayıb.

Qurğu ilə bağlı açıqlama verən E.Abbasov bildirib ki, bu qurğu vasitəsilə suvarma kanallarından daha səmərəli istifadə etmək mümkün olacaq: "Dünyada ilk dəfə Azərbaycanda ixtira edilən bu cihazı hazırlamaqda əsas məqsədimiz suvarma suyundan səmərəli istifadəyə şərait yaratmaqdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun azad etdiyi ərazilərdən biri də Suqovuşan qəsəbəsidir. Həmin cihazımıza da suvarma və elektrik enerjisi baxımından ölkəmiz üçün əhəmiyyəti böyük olan Suqovuşanın adını verdik".

İxtiraçı qeyd edib ki, bu innovativ ixtirada yeni bir yanaşma tətbiq edilib. Belə ki, bu mobil qurğu ilə əziyyətə qatlaşmadan yalnız 2 dəqiqə ərzində suvarma kanalı ilə bağlı bütün məlumatları əldə etmək mümkündür. Bu cihazda 3 sensor var. Onlardan biri kanalın dərinliyini və en kəsiyini ölçməklə onun 3D modelini yaradır. Digər iki sensor isə suyun sürətini ölçür. Nəticədə en kəsiyi ilə sürəti hesablayır və ümumilikdə o kanaldan müəyyən zaman kəsiyində nə qədər su keçdiyini öyrənir. Bu o deməkdir ki, yeni ixtira nəticəsində maksimum 2 dəqiqə ərzində su ilə bağlı lazımi məlumatları əldə etmək mümkün olacaq. "Suqovuşan"ın hesablayıb əldə etdiyi bütün məlumatlar onlayn rejimdə onu idarə edən şəxsin mobil telefonunda olan mobil əlavədə əks olunacaq.

E.Abbasov diqqətə çatdırıb ki, bu, onun ixtira etdiyi dördüncü qurğudur və həmin cihazdan kiçik kanallarda istifadə edilməsi daha effektivdir: "Bu, daha çox kiçik kanallarda effektiv nəticə verə bilər. Çünki iri kanallarda "Hidro post"lar var və onun vasitəsilə sabit ölçmə işləri aparmaq mümkündür. Kiçik kanallarda isə əvvəlki qurğularla ölçülər aparmaq həm bahalı, həm də vaxt alan prosesdir. Torpaq özüllü kanallar daimi olmadığına görə, onlarda bu növ səyyar qurğulardan istifadə etmək tövsiyə olunur. Qurğu həmçinin kanallarda olan suyun temperaturunu da ölçməyə imkan verir".

İxtiraçı əlavə edib ki, rəsmi məlumatlarda Azərbaycanda suvarma kanallarının ümumi uzunluğunun 52 min kilometr olduğu deyilir. Həmin kanalların 73 faizi torpaq məcralı kanallardır, bu isə təxminən 38 min kilometrdir. Ölkəmizdə ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektara bərabərdir. Şirin su ehtiyatlarının 29,9 faizi ölkə ərazisində formalaşır, qalan 70,1 faizi isə xaricdə formalaşaraq transsərhədd çayları vasitəsilə Azərbaycan ərazisinə gəlir. Bu da Azərbaycanın su təsərrüfatını yağıntıdan asılı hala salır. Qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video