18 Avqust 2022 02:10
701
İQTİSADİYYAT
A- A+

Dünya taxıl çatışmazlığı ilə üz-üzədir

 
 

Müharibələrin, iqlim dəyişikliyinin yaratdığı fəsadlar üzündən dərin böhran yaranıb

 

İki ildir davam edən pandemiya vaxtında dünyada iqtisadi böhranın yaşandığı, ölkələrin çətinliklərlə üzləşdiyi heç kimə sirr deyil. 
Dünyanın elə bir ölkəsi yoxdur ki, pandemiya hər hansısa bir sahəyə təsir etməsin. Bununla yanaşı, Rusiya və Ukrayna arasında bu ilin qışında başlanan münaqişə də ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.  Belə bir vəziyyət dünya bazarında qiymət artımlarına gətirib çıxarıb. 
Əsas taxıl ixracatçıları olan Rusiya və Qazaxıstanın satışa limit qoyması, eyni zamanda Ukraynanın taxıl ixracındakı problemlər qiymətlərin yüksəlməsinə səbəb olub. İndi əksər ölkələrin taxılla təminatında problemlər yaranıb. 
Vəziyyət belə davam edəcəyi halda isə qiymət artımlarının və qıtlığın hər yerdə görünəcəyi qaçılmaz olacaq.  

 

Dünya bazarında taxıl qıtlığının genişlənməsi idxal inflyasiyası yaradacaq

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, hazırda qlobal iqtisadiyyatda ciddi problemlərdən biri məhz taxıl qıtlığıdır. 
Rusiya-Ukrayna müharibəsi fonunda həm taxıl ixracatının azalması, həm də taxıla olan tələbin artması müşahidə  olunur. Çünki taxıl ixracatına görə Rusiya dünyada birinci, Ukrayna isə ilk beşliyə daxil olan ölkədir. Eyni zamanda taxıl ixracatında ilk onluğa daxil olan Qazaxıstan da ixracatı dayandırmaq barədə qərar qəbul edib. Bu da bötüvlükdə dünyada taxıla olan tələbata təsir göstərib.
Vüqar Bayramovun sözlərinə görə, taxılın qiymətində artımlar müşahidə olunur: "İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından "Taxıl məhsullarının daşınmasına dair" sazişin imzalanması taxılın qiymətini müəyyən müddət azaltsa da, sonrakı mərhələdə yenidən qiymət artımları baş verdi. Çünki əkin sahələrinin azalması, bunun müqabilində tələbin artması və təklifin azalması müşahidə olundu". 
Deputat deyir ki, bu gün taxıl idxal edən ölkələrdə idxal inflyasiyası yaşanır, çünki dünya bazarında taxılın qiyməti artıb. Eyni zamanda qıtlıq var, taxıla olan tələbin ödənilməsində çətinlik yaranıb. Bu da qlobal iqtisadiyyata, taxıla olan tələbin ödənilməsinə təsirsiz ötüşmür. Problemin növbəti illərdə özünü daha qabarıq göstərəcəyi gözlənilir. Xüsusən Ukraynada müharibə səbəbindən əkin sahələrinin azalması 2023-cü ildə taxıla olan tələbin ödənilməsində xeyli çətinlik yaradacaq. Bu baxımdan bu ilin növbəti aylarında, eləcə də növbəti illərdə dünya bazarında daha çox taxıl qıtlığını, o cümlədən qiymətlərdə artımları müşahidə edəcəyik. Bu da təbii ki, taxıl idxal edən ölkələr üçün idxal inflyasiyası yaradacaq.

 

Artan qiymətlərin Azərbaycana təsiri qaçılmazdır

 

İqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, Azərbaycanda bahalaşma fonunda antiinflyasiya  tədbirləri olaraq, xüsusən ölkədə ərzağın qiymətinin bahalaşmasının qarşısını almaq və yaxud bahalaşma prosesinin sürətini azaltmaq üçün sistemli tədbirlər həyata keçirilir. Azərbaycanın idxaldan asılılığı yuxarı səviyyədə olduğu üçün istənilən daxili tədbir bu effekti öldürmüş olacaq. Başqa sözlə, ilk növbədə idxaldan asılılığı aradan qaldırmaq lazımdır. Bu isə bir, iki ilin işi deyil, yaxın dörd, beş ildə buna nail olmaq mümkündür. 
Eldəniz Əmirov deyir ki, sahibkarlara, xüsusən ərzaq məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaqlıq buğdanın istehsalını artırmağa böyük ehtiyac var. Buna görə subsidiyaların verilməsi, güzəştlərin olunması kimi müxtəlif tədbirlər görülür. Bu il hər hektar üçün 210 manatlıq subsidiya ayrılıb. Növbəti ildən isə artıq ikinci növ subsidiya formasının verilməsi qərara alınıb. Bu da hazır məhsula görədir, yəni fermerlər tərəfindən təhvil verilmiş məhsulun hər tonuna 100 manat həcmində subsidiya veriləcək. Bunun effektini növbəti ildən görə biləcəyik. Dünya bazarında artan qiymətlərin Azərbaycana təsiri qaçılmaz olacaq. Hazırkı məqamda sahibkarlara dəstəyi artırmaq lazımdır, eyni zamanda sosial təminatı zəif olan insanların bu məsələdə bir qədər dəstəklənməsinə ehtiyac var. 
İqtisadçı deyir ki, unun bahalaşması birbaşa ərzaqlıq buğdanın qiymətinin artması ilə əlaqədardır. Ərzaqlıq buğdanın qiyməti özünün maksimum həddinə bu ilin mayın 1-də çatıb. Belə ki, birjalarda buğdanın bir tonunun qiyməti 403 dollar olub. İyun ayında 380, daha sonra 340 və 324 dollara qədər enmə müşahidə olunub. Avqustun 1-nə olan qiymət 328 dollardır. Aprelin sonlarında pik həddə çatmış ərzaqlıq buğdanın qiyməti avqustun 1-nə azalan xətlə gedib. Buna görə də Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) istehlak indeksinin 8,6 faiz azaldığını bildirib. 
Ekspert düşünür ki, ajiotaj mövcud vəziyyətdən daha çoxdur: "Hər şey yaxşıdır və yaxşı olacaq demək doğru deyil, amma aclıqdır, heç nə tapılmayacaq deyərək vəziyyəti ajiotaj şəklinə gətirmək də yanlışdır". 
Eldəniz Əmirov yaranmış ajiotajın psixoloji olaraq təşviş yaratdığını, bunun da qiymət artımlarına səbəb olduğunu hesab edir. Müharibə başlayan kimi Rusiya, sonra Qazaxıstan taxıl ixracını saxladı. Onların taxıl  ixracını saxlaması nəticədə Hindistanın da ixracı saxlamasına gətirib çıxartdı. Hindistanın taxıl ixracını saxlaması isə daha  böyük ajiotaj yaratdı. Sonrakı proseslərdə dünya taxıl istehsalçıları, eyni zamanda istehlakçılar vəziyyətin deyildiyi qədər acınacaqlı olmadığını gördülər. Məsələn, Çin həddindən artıq baha qiymətə böyük həcmdə ərzaqlıq buğda alıb yığmağa başladı,  hətta ABŞ bu məsələdə Çini ittiham etdi. Çin rəsmi cavabında bildirdi ki, 1 milyard insanı aclıq olacağı təqdirdə nə ilə doyuracaqlar. Yəni reallıq onu göstərir ki, iri dövlətlərin rəhbərləri səviyyəsində belə bu məsələdə narahatlıq, qorxu yaşanır. Bu narahatlıq təbii şəkildə insanları daha çox məhsul istehlak etməyə, almağa, saxlamağa, satanları isə satışı məhdudlaşdırmağa vadar edir. Belə olan halda təklif azalır, tələb artır. Bu da qiyməti daha çox artırır.
Ekspertin fikrincə, qiymətlərin yaxın zamanda düşəcəyi və yaxud sıçrayışla qalxacağı gözlənilmir: "Sadəcə olaraq, sahibkarlara müəyyən dəstək göstərilməlidir. Hazırda müəyyən rayonlarda unla bağlı problemlərin olması barədə məlumatlar gəlir. Aidiyyəti dövlət qurumları bu istiqamətdə dəqiq araşdırma apararaq problemlərin  kökünü tapmalıdır". 
Ekspert qeyd edir ki, ölkədə ərzaqlıq buğda var, un problemi yoxdur. O zaman hansısa rayonda unun olmaması ilə bağlı yaranmış vəziyyəti ciddi təhlil etmək və onu aradan qaldırmaq lazımdır. Bu, müəyyən təsərrüfat subyektlərinin gözləmə mövqeyi tutması, unun bahalaşacağı təqdirdə daha baha qiymətə satması və yaxud təchizat zəncirinin müəyyən hissəsindəki qırılmalarla əlaqədardır. Buna görə də dövlətin aktiv tənzimlənməsinə və müdaxiləsinə böyük ehtiyac var. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video