01 Oktyabr 2022 01:58
715
Mədəniyyət
A- A+

Dünya musiqisevərlərinin bayramı

 

Dünya qədər qədimdir. Yaşı bilinmir. Bəlkə də elə təbiətin özü yaradıb musiqini. Torpağa qovuşan yağış damlalarının ahəngdar səsi, yamyaşıl meşələrin əsrarəngiz pıçıltısı, suların həzin zümzüməsi təbiətin musiqi əsərləridir. Bəlkə də elə insanlar bu səslərin sehrinə düşüblər. Musiqi bəstələməyi təbiətdən öyrəniblər...

 

İnsanın qəlbini fəth edən, qeyri-adi qüvvə

 

Tarixin izləri, tədqiqatçıların, musiqişünasların araşdırmaları bəşəriyyətin musiqi ilə tanışlığının çox qədim dövrlərdən başladığını təsdiq edir. Afrika mağaralarında aşkar olunan qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanların təsviri var. Bəşəriyyətin ilk sivilizasiya məskənlərindən biri olan Azərbaycanda da musiqi tarixinin çox qədimlərə gedib çıxdığı məlumdur. Tədqiqatlardan bəllidir ki,  Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Eyni zamanda Qobustan qayalarında qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunub. Araşdırıcılar bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğunu qeyd ediblər.
Qədim yaşayış məskənlərindən biri də Çinin arxeoloqları 2000-ci ildə 2 min illik tarixə malik olan musiqi alətləri muzeyini aşkara çıxarıblar.
Zamanın tufanlarından keçərək bu günümüzə gəlib çatanlar təsdiq edir ki, musiqinin böyük mənəvi gücü, intəhasızlığı hələ qədim zamanlardan insanlara böyük təsir göstərib. O zaman ki, bəşər övladları hələ icma halında yaşayırdılar. Mağaralar evləri, qayalıqlar məskənləri idi. Nə dünyanı dəyişməyə gücü yetən böyük kəşfləri, nə həyatlarına, yaşam tərzlərinə təsir göstərən icadları vardı. Ancaq musiqi dilini yaxşı bilirdilər. Bir-biriləri ilə də, təbiətlə də ən çox bu dildə danışardılar. Zaman keçdikcə musiqi bəşər övladlarının həyatlarının ayrılmaz bir hissəsinə çevrildi. Min illərdir ki, musiqinin bir möcüzə olduğunu, insanın ruhuna, duyğulara, əhvali-ruhiyyəsinə  böyük təsir göstərdiyi etiraf edilir. Qədim yunanlar onu Allahın töhfəsi hesab edirdilər, musiqiyə insanın qəlbini fəth edən, qeyri-adi qüvvə kimi yanaşırdılar. 
Musiqi ruhun qidasıdır, deyirlər. Hətta təbabətdə də ondan istifadə olunur. Hələ qədim zamanlardan təbiblər belə hesab edirdilər ki, musiqi insan orqanizminə, xüsusilə əsəb sisteminə müsbət təsir göstərir. Bu səbəbdən bəzi xəstəliklərin müalicəsində dərmanlarla bərabər, musiqi əsərlərindən istifadə edilməsini gərəkli sayıblar. Bu üsuldan - musiqi ilə müalicədən qədim zamanlardan istifadə etməyə başlayıblar. Qədim Misirdə və Yunanıstanda həkimlərin xəstələri səslərlə müalicə etdikləri məlumdur. Qədim çinlilər isə qeyd edirdilər ki, musiqi ilə bütün xəstəlikləri müalicə etmək mümkündür. Onlar, hətta xəstə üçün "musiqili reseptlər" də yazırdılar.

 

Dünyanın musiqi bayramı

 

Musiqi ömrümüzün ilk günlərindən ruhumuza yol tapır. Körpə ikən beşiyimizin başında analarımızın söylədiyi laylalarla ovunuruq, şirin yuxuya gedirik. Böyüyüb boya-başa çatırıq, dahi bəstəkarların dünyaşöhrətli, ən möhtəşəm əsərlərini sevə-sevə dinləyirik. Ancaq yenə də analarımızın həzin laylalarının yeri ürəyimizin başında olur. 
Ömrümüzdən illər ötür. Musuqi ruhumuzla yol gedir. Bəzən bizimlə arzularımızın, bəzən xəyallarımızın dilində danışır. Duyğularımızla həmsöhbət, sevincimizə də, kədərimizə də şərik olur. Çünki Yer üzündə dilindən, irqindən asılı olmayaraq, bütün insanların eyni dildə danışdıqları yeganə vasitədir musiqi. Doğrudur, dünyada hər bir xalqın özünəməxsus musiqi mədəniyyəti mövcuddur. Ancaq musiqinin dili birdir. Hər kəs onu anlaya bilir. Odur ki, müəlliflərinin hansı xalqın övladları olmasından, dünyanın hansı məkanında, hansı zamanda yaranmasından asılı olmayaraq, yaxşı musiqi əsərləri, əslində, bütün insanlarındır.
Artıq uzun illərdir ki, təqvimdə dilindən və irqindən asılı olmayaraq, bütün insanların ümumi bir musiqi bayramı günü də var. Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis olunub.
Hər il dünyanın hər yerində bu əlamətdar gün - musiqi bayramı istedadlı musiqiçilərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd edilir. Beynəlxalq Musiqi Günündə yalnız bir xalqın, bir ölkənin mənəvi sərvəti deyil, dünya musiqi xəzinəsinin inciləri hesab edilən musiqi əsərləri səsləndirilir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video