11 Dekabr 2019 01:05
2166
Mədəniyyət
A- A+

Dünya mənim sədəfimdir, mən dünyanın gövhəriyəm


Nəsimi bəlkə də yeganə şairdir ki, onun təkcə həyatı, yaradıcılığı deyil, ölümü, mübarizlik istedadı da ədəbiyyatın mövzusu olmuşdur. Onu tarixdən silmək üçün fitva verən cahangirlər əslində dahi söz ustadını daha da əbədiləşdirmiş, sirr və sehrini daha da artırmışdılar.

Nəsiminin Şərq poeziyasında, fəlsəfi düşüncə tarixində, ədəbi-bədii yaddaşda, o cümlədən Azərbaycan ədəbiyyatında bir obrazı var. Öz idealı, inamı, dərk etdiyi həqiqət uğrunda vüqarla şəhid olan filosof-şair obrazı. Onun adının qarşısında işlənən "eşq şəhidi”, "eşq mücahidi”, "həqiqət carçısı”, "dərisi soyulan şair”, "İnsan himninin müəllifi” kimi bədii təyinlər şairin bir qədər əfsanəvi, bir qədər real olan obrazını təqdim edən cəhətlərdir. Nəsiminin adına hələ öz çağdaşı, tələbəsi olmuş türk şairi Rəfiidən başlamış müasir dövrümüzə qədər bir çox İraq, türkmən, özbək şairlərinin əsərlərində rast gəlinir. Azərbaycan ədəbiyyatında isə elə bir söz ustadı tapmaq çətindir ki, onun yaradıcılığında Nəsiminin adına rast gəlinməsin.

Rəfii "Bəşarətnamə” əsərində Nəsimidən, onun türk şairləri arasındakı nüfuzundan, onların yaradıcılığına təsirindən söz açırdı. Osmanlı şairlərindən İntabi Raşid də Sultan Əbdülməcid xana söylədiyi mədhiyyəsində şairin faciəsini təsvir edirdi. Daha sonralar Şah İsmayıl Xətai, Sarı Aşıq, Qul Nəsimi, Məhəmməd Sübhi öz əsərlərində şairin adını ehtiramla xatırlayırlar. Məşhur türkmən şairi Məxtumqulu və müasiri Xivəli Durdu Şeyx öz deyişmələrində Nəsimini dəfələrlə yad edirdilər.

XX əsr Azərbaycan ədəbiyyatında da Nəsiminin istər adı çəkilən, istərsə də bədii obrazı yaradı-lan ədəbi nümunələr çoxdur. Rəsul Rzanın "Son gecə”, Qabilin "Nəsimi”, Nəbi Xəzrinin "Mənim babam baxan dağlar”, Söhrab Tahirin "Karvan gedir” poemaları, Səməd Vurğunun "Azad ilham”, İslam Səfərlinin "Nəsimi”, Fikrət Sadığın "Böyük Nəsimiyə”, Əli Kərimin "Şəhidlik zirvəsi”, Əli Tudənin "Nəsimi”, İsa İsmayılzadənin "Heykəl Nəsiminin monoloqları”, Məmməd İsmayılın "Nəsimi”, Musa Yaqubun "Şirvan alverçisi və Nəsimi”, Cabir Novruzun "Nəsimi” şeirləri, Bəxtiyar Vahabzadənin "Fəryad” mənzum pyesi sözü və fikri cahillər tərəfindən anlaşılmayan mütəfəkkir şair Nəsimiyə həsr olunmuşdur.

Bu ədəbi nümunələri incələyərkən şahidi oluruq ki, Nəsimi mövzusuna müraciət, onun bədii obrazının yaradılması iki səbəbdən doğur. Birinci səbəb Nəsimiyə - həqiqətin və sözün uğrunda mərdanəliklə mücadilə aparan şairə hörmət və ehtiramdan, məhəbbətdən qaynaqlanırsa, ikinci səbəb dahi şairin obrazından istifadə etməklə öz epoxalarının siyasi-ideoloji təqib və təzyiqlərinin yaradıcı insanla-rın, düşüncə və fikir adamlarının duyğularına olan təsirlərini ifadə etmək istəyindən doğurdu. Məsələn, Səməd Vurğun "Azad ilham” şeirində, Bəxtiyar Vahabzadə "Fəryad” pyesində sələflərinin çıxılmaz durumunu əks etdirməklə həm də öz çağlarının azad sözə vurduğu buxovu, qoyduğu yasaqları göstərmək istəmişlər.


İnsan və zaman


Nəsimi haqqında əsər yazmaq Bəxtiyar Vahabzadəyə həm də insan və zaman, şəxsiyyət və dövr, hökmdar və şair, insan və onun idrakı haqqındakı fəlsəfi düşüncələrini ifadə etmək üçün lazım olmuşdur. Əsərdə müəllifin, həmçinin müxtəlif təriqətlər, fəlsəfi cərəyanlar, təlimlər haqqında geniş bilgilərə malik olduğu görünür. Bu, müəllifin qəhrəmanlarının nitqində, ifadə etdikləri fəlsəfi mühakimələrdə, həm də hadisələrin cərəyanında özünü göstərir.

Nəsimidən istər nəzəri-estetik irsində, istərsə də bədii əsərlərində qürurla, iftixarla danışan, onun həyat tərzini, yaşamını, hətta edamı zamanı sərgilədiyi cəsarəti gənc nəsillərə nümunə göstərən Səməd Vurğun "Azad ilham” şeirində yazır:

Nəsimi zahidlə durdu üz-üzə,

Söylədi: haqq adlı bir divan quraq.

Atdı pəncəsini gecə-gündüzə

Boğdu həqiqəti sadə fırıldaq...

Zahidin barmağın kəssəniz əgər,

Tanrı dediyinə arxa döndərər...

Bu miskin aşiqə baxın da bir az,

Diri soyulsa da dözər, ağlamaz.

Şair elə bu əsərində özünün zamanı ilə Nəsiminin yaşadığı dövrü müqayisə edir. İlk görüntü belə mənzərə yaradır ki, şair mənsub olduğu dövrün sözün, düşüncənin azadlığı üçün yaratdığı şəraitdən çox razıdır.

Vurğunşünas alim Aslan Salmansoy isə bu əsər haqqında yazır: "Sovet dövründə şeiri təhlil edən bütün tədqiqatçılar bu məqamı qabartmış, ondan "yeni həyatın, yeni ictimai quruluşun gözəlliklərini vəsf edən əsər” kimi söz açmış, demək olar ki, hər tərənnüm parçasının, misrasının ardınca gələn təəssüf, narahatlıq, nigarançılıq, qorxu bildirən parçalara, misralara məlum səbəbə görə "diqqət” yetirməmişlər”.

Amma "Kaman qaşlarını çatma, günəşim”, "Sən ey kinli baxış, tənəni burax” kimi misraların iç qatına diqqət yetirsək, Səməd Vurğunun da öz sələfi kimi təhlükələrdən uzaq olmadığının şahidi olarıq.

Nəbi Xəzri "Mənim babam baxan dağlar” poemasında Nəsiminin məzarını ziyarət edərkən keçirdiyi kövrək hisslərdən bəhs edir:

Gözümdə şimşəyi çaxdı zülmətin,

Bu günə nə qədər

Yol gəldim, babam.

Vida ayağında sən titrəmədin,

Mənsə görüş vaxtı kövrəldim, babam.


Edamını gözləyən şair: "Son gecə”


Nəsimi haqqında yazılan əsərlər içərisində Rəsul Rzanın "Son gecə” poeması bir çox dəyərlərinə görə seçilən poetik nümunələrdəndir. O, "Son gecə” əsərində edamını gözləyən filosof şairin zindandakı son gecəsini təsvir edir. R.Rza son gecənin qəmli dastanına başlamamışdan əvvəl Nəsiminin uyuduğu məqbərənin təsvirini verir. Şair üçün bu, kiçik məqbərə yaxınlığında ucalan, harın fatehləri, neçə-neçə cahangirləri, qanlı döyüşləri, vahiməli gecələri yola salmış məşhur qaladan daha şöhrətlidir. Bura tarixin səcdə etdiyi məqbərədir, bu məqbərədə bir qərib şair uyuyur. Rəsul Rza bu qərib şairin zindandakı son günlərini təsvir edir. Ölümünü gözləyən şairin gözlərində "ömrü varaqlanır”, xəyalında keçdiyi gülsüz-çiçəksiz səhralar, Şamaxı, Naxçıvan, Təbriz, Bakı, "çətin sınaq günləri”, "ölümdən betər ömür”, "sərt üzlü həyat”, "Ya haqq” deyən müridlər” canlanır və son gecə... Nəsimi həyatının bu məqamında da həmin Nəsimidir. Əqidəsinə, inamına, idealına, dərk etdiyi həqiqətə sadiq, həyatını rahatlıqla ölümə dəyişməyə hazır olan mücahid. R.Rza Nəsiminin daxili yaşantılarını, düşüncələrini, duyğularını təqdim etməklə həm də onun əzəmətini göstərirdi. Şair ondan "tövbə et, günahından keçsinlər” deyə xahiş edən zindan gözətçisinə deyir:

"Qoca!

Böyük həqiqətə,

doğru sözümə tövbə deyimmi?

hər yanda

zülmü, səfaləti

görən gözümə tövbə deyimmi?

Ülvi gözəlliyə - Kəbəmə,

ləkəsiz məhəbbətə,

insan adına bağlı həqiqətə

tövbə deyimmi?

Mən deyirəm Allahın

canlı təcəssümü

sənsən, mənəm

Allahın damlası

İnsan özüdür.

İnsan düşüncəsi,

doğru sözüdür.

Bax, budur Allah...

Qabilin "Nəsimi” poemasında da şairə tövbə etmək təklif olunur. Yenə cavab eynidir:

Mən zəka sahibi, kəlam sahibi,

Ürəyi sövdalı ilham sahibi,

Peyğəmbər övladı, islam sahibi

Bəs sizdən, bəs məndən soruşmaz aləm,

Tövbə edirəmsə, niyə edirəm?

Nəsimi insanın böyüklüyünə qətiyyətlə inanırdı. O insanın ki, özündə zülməti və nuru, əqli və cahilliyi, həm iblis, həm mələk xislətini birləşdirir. Nəsiminin edamına əmr verən, ölüm hökmünü imzalayan da insan idi, onun əvəzinə dar ağacına çıxmaq istəyən də insan idi. Amma Nəsimi o insanın qələbəsinə inanırdı ki, o, ləkəsiz məhəbbəti, ülvi təmənnası ilə Allaha qovuşmuş olsun, özünü Yer üzündə onun bir zərrəsi hesab edə bilsin.


Ölümdən betər ömür


Nəsimi haqqında yazılan bədii nümunələrin ən irihəcmlilərindən biri də Qabilin "Nəsimi” poemasıdır. Poemanı həm həcminə, həm müraciət olunan mövzunun əhatəliliyinə görə epik roman, mənzum roman, dastan, mənzum dastan, hətta Nəsimi haqqında bədii salnamə də adlandırırlar. On il ərzində ərsəyə gələn on iki min misralıq poemanı müəllif xeyli tarixi mənbələrə, ədəbi qaynaqlara, ədəbi-bədii faktlara, Nəsiminin irsinə əsaslanmaqla, Türkiyə, İran, Misir, Suriya və Hələbə səyahətlər etməklə, böyük zəhmət hesabına ərsəyə gətirmişdir.

Poemanın sonunda Nəsiminin Şirvanşah İbrahimə, Şahi-Xəndan türbəsinə, Fəzlullah Nəimiyə, Cəlaləddin Rumiyə, Qaraqoyunlu Qara Yusifə "məktublarından” parçalar verilir. Poetik məktublardan biri Xaqani Şirvaniyə ünvanlanıb. Şair öz sələfinə böyük acıyla yazır:

Sən yanıb qurtardın axıra kimi....

Zorla söndürülür... nakam Nəsimi.

Qeyd edək ki, Qabilin "Nəsimi” poeması 1976-cı ildə Dövlət mükafatına layiq görülmüşdür.

Xəlil Rza "Nəsimi” şeirində mübariz şairin qələmini Azərbaycan bayrağının "ağac qulpu” adlandırır. Azərbaycanın Nəsiminin timsalında hüdudları aşdığını, sərhədlərə sığmadığını vurğulayır, dünyanın sultanlara, cahangirlərə yox, Nəsimiyə qaldığını bəyan edir.

Musa Yaqub "Şirvan alverçisi və Nəsimi” əsərində kövrək və duyğulu bir ovqat yaratmışdır. Nəsimi Hələb bazarında gəzərkən "Şirvan ipəyi, Şirvan ipəyi” deyə səslənən bir qoca görür. Həsrət yükündən əyilmiş qəddini düzəltməyə çalışan şair satıcıya yaxınlaşır, Şirvanı soruşur, Girdimanı, Pirqulunu xəbər alır, qar üçün darıxdığını, Şirvan dağlarında qar qalıb-qalmadığını soruşur. Qoca tacir isə alış-verişini düşünür, ipəyini satmağa çalışır. Vətən həsrətindən köksü köz-köz olan Nəsimi ondan bir arşın Şirvan ipəyi alıb bağrına basır, qoxulayır. Bu bir arşın ipək şair üçün Vətənin bir parçasına çevrilir. O sanki Vətənin çiçək dolu çəmənlərini, bənövşəsini, laləsini, ağaclarını qucaqlayır. Qoca "hələ belə ipək sevən görməmişdim” deyir. Şair isə ipəklə danışır, onu vətəndən gəlmiş "bir əsim külək” , "bir əlçim bulud” , "bir yamac yaşıllıq”, "el səsi” , "bir gözəl nəfəsi” hesab edir. Musa Yaqub ömrünü qürbətdə keçirən şairin yaşantılarını, vətənlə bağlı duyğularını dolğun bədii löhvələrlə ifadə etmişdir.

Səyyarə Məmmədli "Söz” şeirində Nəsiminin timsalında sözün cəzalandığını, sözün şaqqalandığını, sözün "soyulduğunu” deyir. Şairə Nəsimi sözünün soyulduqca altından başqa sözün göründüyünü, sözün dərinliyini, alt qatlaracan keçdiyini və axıb-axıb durulduğunu, əsrlərin qaranlığını aydınlatdığını vurğulayır.

Cabir Novruzun "Nəsimi” şeirinin də mövzusu şairin cəsarəti, vüqarı, mərdanəliyi, ölümün gözünə dik baxması haqqındadır.

Əli Kərim "Şəhidliyin zirvəsi” əsərində yaradıcılığı, idrakı ilə fəth etdiyi zirvəni, mərdliyi, dönməzliyi ilə əbədiləşdirən, sahib olduğu zirvədən bir misra da enməyən, haqqın işığına tapınan Nəsiminin ecazından bəhs edir.


"Məhşər”


Nəsimi haqqında yazılan əsərlərin içərisində İsa Hüseynovun (Muğanna) "Məhşər” romanını xüsusi qeyd etməliyik. Ədəbiyyatşünas alim Akif Hüseynovun "Məhşər haqqında qeydlər” məqaləsində dediyi kimi, yazıçı tarixi həqiqəti təkcə qələmə almamışdır, həm də mənalandırmışdır. Belə ki, bizə tarixi qaynaqlardan və mənbələrdən məlum olan faktlar əsərdə olduğu kimi deyil, yazıçı fantaziyasının tül örpəyində təqdim olunur.

Romanda iki qütb üz-üzədir, bir tərəfdə dünyanı silahla, qılınc-qalxanla, vahimə və hökmlə fəth etmək istəyən Teymurləng, digər tərəfdə bütün bəşəriyyəti özünün inandığı idealın, sevgiyə, barışa söykənən ali mənəvi ruhun ətrafında birləşdirmək istəyən Fəzlullah Nəimi və onun layiqli müridi İma-dəddin Nəsimi. Və maraqlıdır ki, yazıçı bu iki qütbün qarşıdurmasından, mübarizəsindən əziyyət çə-kən, narahat olan, itirənlər timsalında bütün ömrünü fikir və düşüncələr içərisində keçirən, ziddiyyətli qərarlar verməyə məcbur olan Şirvan hökmdarı İbrahim şahı və şirvanlıları vermişdir.

Biz Nəsimi haqqında yazılmış digər əsərlərdə adətən Nəsimini ölüm ayağında, edam zamanı öz yenilməz vüqarı ilə qəhrəman kimi görürük. "Məhşər” əsərində isə yazıçı şairin ölümünü vermir. Oxucu onun vüqar və əzəmətini əsər boyu apardığı mübarizələrdə, öz mühakimələrini elan edəndə görür.

Tanınmış yazıçı Hüseynbala Mirələmovun "Son səfər” povesti İmadəddin Nəsimiyə həsr olun-muş əsərlərdən biridir. Tarixi mövzuda yazdığı bədii əsərlərlə qazandığı təcrübə və dövrün dərindən öyrənilməsi Hüseynbala Mirələmova Nəsimi haqqında yeni bir əsər meydana qoymasına şərait yaratmışdır.

***

Biz Nəsimi haqqında yazılmış bədii əsərləri nəzərdən keçirdikcə şairin həm əfsanəviləşmiş, həm də gerçəkləri ifadə edən bədii obrazını gördük. Bəzi əsərlərdə tarixi mənbələrlə uzlaşmayan məqamlara, sovet ədəbiyyatşünaslığının ictimaiyyətə təqdim etdiyi Nəsimiyə də rast gəlindi. Bu, XX əsrin işıqları altında görünən Nəsimi idi. Ancaq onu da qeyd etməyi lazım bilirik ki, XX əsrin bədii ədəbiyyatındakı Nəsimi elmi ədəbiyyatdakı Nəsimidən bir boy uca göründü. Bəlkə də bədii ədəbiyyatdakı Nəsimi elmi ədəbiyyatdakı Nəsimidən daha real, daha az təhrif olunmuşdur. İndi də - XXI əsrdə də Nəsimi haqqında əsərlər yazılır və ümid edirik ki, şairin bu gün yaradılan bədii obrazına bütün rakurslardan baxanda Nəsimi özü kimi görünəcək.

Aygün BAĞIRLI,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video