O qəfil qapı zəngindən sonra Faiqin gülüşləri, zarafatları ilə dolub-daşan Həsənovların mənzili əbədi olaraq qəm-qüssəyə qərq oldu. Bundan sonra gələn heç bir gün daha əvvəlkitək olmayacaqdı...
Bir ömür yolu da 30 ilin sonunda beləcə sona çatdı... Vətəni canından çox sevən, onun yolunda şəhid olan Faiq şərəflə yaşadı, düşmənə qarşı igidliklə vuruşdu, adını qəhrəman kimi Azərbaycan tarixinə yazdı.
"Dedi mən gedirəm, ana. Bu dəfə də səni çox gözlətməyəcəyəm. Məni möhkəm qucaqlayıb, öpdü və getdi. Müharibəyə getdiyini başa düşmədim. Qapıya yaxınlaşanda geri baxdı, qayıdıb məni bir də bərk-bərk qucaqladı. Və getdi... əmisinin, dayısının başladığı işi bitirməyə getdi...", - deyir anası Yeganə xanım.
Cəbhəyə könüllü yollandı
Xüsusi təyinatlı gizir Faiq Hüseyn oğlu Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində dünyaya gəlib. Səbail rayonundakı 190 saylı orta məktəbi bitirib. Yeniyetməlik yaşlarından idmana həvəslə yanaşıb, fiziki hazırlığına daim diqqət yetirib.
2008-2012-ci illərdə Faiq Mingəçevir Dövlət Universitetində ali təhsil alıb, iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnib. O, 2012-2013-cü illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Həmin vaxtdan etibarən gələcək həyatını iqtisadçı peşəsinə deyil, hərbi xidmətə bağlamaq haqqında fikirlərini doğmaları ilə bölüşüb. 2015-ci ildən Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Döyüş və mənəvi-psixoloji hazırlığında, funksional vəzifələrinin icrasında əzmkarlığı ilə fərqlənib.
Hərbçi peşəsi, xüsusi təyinatlıların xidməti onun qəlbində rəğbət doğururdu. Bu da əbəs deyildi. Birinci Qarabağ müharibəsi zamanı ön cəbhəyə könüllü yollanaraq torpaqlarımızın müdafiəsində şəhid olmuş əmisi Elşən Həsənovun, 1989-1991-ci illərdə Qazax-Ağstafa bölgəsində erməni işğalçılarına qarşı vuruşmuş dayısı qazi Mahir Rzayevin keçdikləri çətin sınaqlar gəncin həyata baxışlarına təsirsiz qalmamış, onun üçün vətənpərvərlik örnəyi olmuşdu.
"Bu yerlərə ilk qədəm basmaq bizə qismət oldu"
Ailənin böyük övladı olan Faiq iki bacısına və qardaşına həm də ata əvəzi idi. 2017-ci ildə atası qəfil dünyasını dəyişəndən sonra böyük övlad kimi ailənin qayğılarını öz üzərinə götürmüşdü. Yeganə xanım deyir ki, atasının yoxluğunu ailəsinə hiss etdirməmək üçün dəridən-qabıqdan çıxırdı: "Bizi hər zaman düşünən, qürurlandıran övlad idi. Heç vaxt məni intizarda qoymaq istəmirdi. Elə sentyabrın sonunda gedəndə də "Ağcabədiyə təlimə gedirəm" dedi. İnandım..."
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Faiq döyüş əməliyyatlarına ilk cəlb olunanların sıralarında idi. O və silahdaşları müharibənin ilk günlərində Cəbrayıl-Füzuli rayonlarının ərazilərində çətin döyüş tapşırıqlarını yerinə yetiriblər. Faiq işğaldan azad edilən torpaqlarımızda irəliləyərkən "bu yerləri görmək və ilk qədəm basmaq bizə qismət oldu" deyib.
Oktyabrın 2-də Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qapalı kəllə-beyin travması alan, eşitmə qabiliyyətini itirən Faiq döyüş bölgəsindən təxliyə olunur. Füzuli rayonunun Əhmədbəyli kəndindəki hərbi hospitala yerləşdirilərək, burada müalicə alan Faiq yaralanması ilə bağlı yalnız dayısı Mahir Rzayevə xəbər verib. Anası narahat olmasın deyə ona bu barədə məlumat verilməsinə razı olmayıb. Hətta anası ilə telefonla danışarkən belə yaralandığını ona hiss etdirməyib. Anası Yeganə xanım oktyabrın 4-nə kimi oğlu ilə mütəmadi danışdığını deyir.
Hospitala gələn dayısı Bakıda müalicəsinin davam etdirilməsinin zəruriliyini, qoyulan diaqnozun ciddiliyini ona nə qədər söyləsə də, bütün təkidlərə baxmayaraq, Faiq döyüşlər başa çatanadək Bakıya getməyəcəyini bildirib. Həkimlər Faiqi hospitalda yalnız bir gün saxlaya biliblər. "Məni buraxın, mənə qulağım lazım deyil. Əlim silah tutur, bəsimdir. Qala bilmərəm, uşaqlar döyüşdədir" deyib.
Dayısı nə qədər təkid etsə də, onu inadından döndərə bilməyib: "Nə etdim, qayıtmadı. Elə hey deyirdi ki, sən o vaxtı şəhid olmadın, morqdan diri çıxdın. Mən şəhid olacam. Gecə qalmaq üçün Ağdama getdim. Səhər qayıdacaqdım. Gecə hospitala yaralı gətiriblər, sürücü qayıdanda ordakılardan soruşub ki, o tərəfə gedən varsa, gəlsin. Faiq də tələsik maşına minib döyüş bölgəsinə gedib".
Elə həmin gecə də silahdaşları ilə birgə Cəbrayıl-Füzuli rayonları istiqamətində ön mövqeyə lazımi təminat çatdırmaq, oradakı yaralıları çıxarmaq üçün gedərkən yolda düşmənin pusqusuna düşüb, şəhidlik zirvəsinə ucalıb.
Mərdliyi ilə seçilən şəhid gizir Faiq Həsənov Bakıda 2-ci Şəhidlər xiyabanında dəfn olunub. İgidlik və şücaət nümayiş etdirdiyinə görə, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.
Qəhrəmanın şəhadətə ucalmasından dörd il ötür. Faiqin ömrü həyatının ən gözəl illərində yarıda qırılsa da, adı vətənin hünər tarixinə əbədi həkk olundu. Vətən üçün yaşanan ömür heç zaman unudulmur, insanların yaddaşında daim qalır. Əgər bu gün torpaqlarımız azadlığa qovuşubsa, bu, Faiq kimi igid oğullarımızın şücaəti sayəsindədir.
Ülkər XASPOLADOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"