26 Iyun 2022 02:33
657
SİYASƏT
A- A+

Dövlətin gücü ordudan başlayır

 

İki il öncə, 2020-ci il sentyabr ayının son günlərində illərdir arsenalını gücləndirən, hazırlıqlar, təlimlər keçən Azərbaycan Ordusu Zəfər yürüşünə başladı. Xalqın ümid və etibar ünvanı olan Silahlı Qüvvələrimizin şəxsi heyətinin ayaq səsləri tezliklə işğal altında olan torpaqlarımızda eşidildi. Düşmənin bağrını yaran bu səs 30 illik həsrətimizə son qoydu və hərb tariximizə şanlı səhifələr yazıldı.

Bu gün, 26 İyun - Silahlı Qüvvələr Günü onların günüdür. 104 il əvvəl əsası qoyulan Milli Ordunun bugünkü şücaətindən hazırda qürur duyuruq.

 

Yeni əsrin savaşında Azərbaycan Ordusunun nümunəsi

 

İkinci Qarabağ müharibəsi XXI əsrin ən müasir texnika və taktikaları ilə həyata keçirilən savaşı idi. Sülhün arzulandığı dünyada müharibə yolverilməz olsa da, bəzən ortaya çıxan situasiyalar qarşısında haqq naminə müharibə aparmaq məcburiyyəti yaranır. Azərbaycan da uzun illərin ardından üzləşdiyi problemi həll etmək, Ermənistanın əməllərinə son qoymaq üçün haqq savaşına başlayıb ordu və millətin dəstəyi ilə dillərə dastan olacaq tarixə imza atdı.

Yeni dövrün müharibəsi PUA-larla aparılan, əzəli müharibə taktikalarının sərhədlərini qıraraq dünyanın marağına səbəb oldu. Dövlətimiz müharibədə bu vasitə ilə Ermənistanın yüzlərlə tankını, döyüş sursatı və zirehli texnikasını məhv etdi. Dünya ölkələrinin tanınmış kütləvi informasiya vasitələrində PUA-ların Azərbaycanın Ermənistan üzərində qələbəsində vacib rol oynadığı, ölkəmizin yeni növ pilotsuz təyyarələrdən uğurla istifadəsi barədə müxtəlif məqalələr dərc edildi. Bununla da şanlı Qələbə ilə yekunlaşan müharibə dünyada müdafiə sənayesi bazarında hərbi məhsullara münasibəti kökündən dəyişdi.

Hərb sənayesində ordumuzun həyata keçirdiyi əməliyyatlar, taktikalar, müharibədəki gedişlər dünya ölkələri tərəfindən öyrənilməyə başlandı. Xüsusilə bu müstəvidə pilotsuz uçuş aparatlarının düşmənin hərbi qüvvələrinin, hərbi obyektlərinin koordinatlarını müəyyənləşdirməsi, zərbələr endirməsi, düşmənin hədəflərinin məhv edilməsinin videogörüntülərini yazması kimi yeniliklər dünyanın daha çox diqqətini çəkdi. Müharibədə PUA-larla çəkilən düşmən texnikasının məhv edildiyini əks etdirən görüntülər isə Azərbaycanın gücünün inkaredilməz olduğunu təsdiqlədi.

 

Müharibədən sonra daha da təkmilləşdirilən ordu

 

Müharibədən sonra da ölkəmizdə ordu quruculuğu sahəsində işlər davam etdirildi, yeniliklərin mənimsənilməsi ilə Silahlı Qüvvələrimizin gücü artırıldı.

Prezident İlham Əliyevin tapşırığı ilə müharibənin nəticələri təhlil edilərək orduda təşkilati tədbirlər həyata keçirildi. Azərbaycan Ordusunda komando hərbi hissəsi yaradıldı. Xüsusi təlim keçmiş hərbi qulluqçulardan ibarət birlik Türkiyənin Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Dağ komando kursu"nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarətdir. Komando birlikləri qısa müddət ərzində hədəfin üzərində kəşfiyyat aparıb, mövcud vəziyyətin qiymətləndirilməsini ortaya qoyaraq bu hədəfi məhv edib tapşırığı tamamlayırlar. Xüsusi ərazilərdə mübarizə apara bilən birlik yüksək fiziki güc və qabiliyyətə sahib olmaqla yanaşı, həm də müasir texnologiyadan istifadə edə bilir.

Komanda hərbi hissələrinin yaradılması müharibədə qazanılmış qələbədən irəli gələn zərurət idi. Yaradılma səbəbi Zəfər olan hərbi hissələr elə qələbədən sonra qaytarılan torpaqlarımızda öz xidmətlərini həyata keçirirlər. Komandolar müasir hərbin ən əsas fiqurlarından biri olduğu üçün ordumuzun qüdrətlənməsində də önəmli rol oynayır.

Böyük uğurlarla hər bir azərbaycanlının qəhrəmanına çevrilən ordumuzun igidləri daim var olduqları müddətdə dövlətin hərbi gücü də bir o qədər  sarsılmaz olacaq. Bu gün əminliklə deyə bilərik ki, qüdrətli Azərbaycan Ordusu qarşısında ölkəmizə qarşı heç bir təhdid ola bilməz.

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video