16 Avqust 2022 16:54
431
SİYASƏT
A- A+

Dövlət sərhədlərinin mühafizəsi yüksək səviyyədədir

 

Son bir ildə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi yaradılıb

 

Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiram, gələcəyinə inam hissi ilə yanaşır, bu günündən qürur duyur. Bu hisslərin təməlində dövlət sərhədlərinin mühafizəsinə ən yüksək səviyyədə verilən önəm durur.

Dünən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov və Aparat rəhbəri, general-mayor Elçin İbrahimov birgə mətbuat konfransı keçirib.

Əvvəlcə Azərbaycan Sərhəd Mühafizəsinin yaranması, o cümlədən Vətən müharibəsindəki DSX-nin şəxsi heyətinin döyüş və xidməti fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.

Videoçarxda xatırladılıb ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin işğaldan azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə son bir ildə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub. “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, eləcə də “Füzuli” Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil olunub. 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada əleyhinə, 1762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə 104 kilometr məsafədə yeni yollar çəkilib, 223,7 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.

Vurğulanıb ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən bir nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib. Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Sahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib.

Diqqətə çatdırılıb ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə əksini tapıb. Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 2 min 594 nəfər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb. Ümumi dəyəri təxminən 76 milyon 443 min 870 manat olan qaçaqmalın, o cümlədən 95 min 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kiloqram 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Son bir ərzində Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib,186 ədəd sərhəd nişanı quraşdırılıb. Onlardan 142 əsas, 44 köməkçidir.

Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğının göstərilməsi, yaralanmış hərbi qulluqçuların DSX Hərbi Hospitalında, respublikamız ixtisaslaşmış tibb müəssisələrində müayinəsi, müalicəsi, reabilitasiyası təmin olunmuş və onlardan ağır yaralanmış (xəsarət almış) hərbi qulluqçuların xarici ölkələrdə müalicəsi təmin edilib.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video