27 Yanvar 2022 00:29
1139
CƏMİYYƏT
A- A+

Dövlət qurumları KİV-lə əlaqələri genişləndirir

 

Bu işdə MEDİA onlara dəstək verir

 

Azərbaycanda jurnalistlərin uzun müddət gileyləndiyi məsələ dövlət qurumlarından məlumat ala bilməmək olub. Dövlət orqanları isə mətbuatdan ən çox jurnalistlərin işıqlandırdıqları sahənin xüsusiyyətlərini bilməmələrindən və verilən məlumatların yanlış olmasından narazılıq ediblər. Bu məsələ barədə tərəflər bir-birini günahlandırıblar.

Son dövrdə bu sahədə ciddi dönüş yaranıb. Xüsusilə Medianın İnkişafı Agentliyinin dövlət qurumları ilə səmərəli əməkdaşlığı əvvəllər mövcud olmuş narazılıqların aradan qaldırılmasına mühüm töhfə verir. Agentlik təkcə Dövlət Gömrük Komitəsi ilə jurnalistlərlə komitə arasında olan əlaqələri gücləndirmək məqsədilə 5 tədbir keçirib. Lənkəranda bu il 24-25 yanvarda “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda keçirilən təlim tədbirinə 40-a yaxın müxtəlif media qurumunun nümayəndəsi dəvət edilmişdi.

Tədbirin açılışında DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirdi ki, komitə kütləvi informasiya vasitələri ilə əlaqəni daha da sıxlaşdıraraq gördükləri işlər barədə ətraflı məlumat vermək niyyətindədir. O, həmçinin vurğuladı ki, Prezident İlham Əliyev tərəfindən idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində aparılan məqsədyönlü islahatlar öz müsbət nəticələrini verir. Bununla bağlı Gömrük Komitəsində də idarəetmədə bir sıra yeniliklər, layihələr reallaşdırılıb. Məqsəd ölkənin milli təhlükəsizliyini qorumaqla iqtisadi inkişafa töhfə vermək və sahibkarlıq fəaliyyətinə geniş imkanlar açmaqdır.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova dövlət tərəfindən medianın fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atıldığını bildirdi. Vurğuladı ki, belə tədbirləri keçirməkdə məqsədləri media nümayəndələri ilə dövlət qurumları arasında əlaqələri genişləndirməkdir. Bununla yanaşı, müxtəlif dövlət qurumlarının fəaliyyət sahələri ilə jurnalistləri tanış etməkdir.

Məlumdur ki, indi dünya mətbuatında ixtisaslaşmaya xüsusi diqqət yetirilir. Hər bir kütləvi informasiya vasitəsinin nümayəndəsi işıqlandıracağı sahə barədə doğru-düzgün bilgi sahibi olduqda oxucuya və ya dinləyiciyə səhih məlumat verə bilər. Müxtəlif dövlət orqanlarının fəaliyyəti ilə jurnalistlərin tanışlığı da bu nöqteyi-nəzərdən vacibdir. Medianın İnkişafı Agentliyinin son dövrlər bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.

Sözügedən tədbir çərçivəsində yanvarın 24-də Gömrük Komitəsinin məsul əməkdaşları çalışdıqları sahələr üzrə məlumat verdilər. Həmin gün KİV nümayəndələri Astara gömrük-keçid məntəqəsində görülən işlərlə yerində tanış oldular.

Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bildirdi ki, 2019-cu il yanvarın 23-də 1 yük maşını, 150 dartıcı, 150 qoşqu, yəni ümumilikdə 301 nəqliyyat vasitəsi, bu il yanvarın 23-də isə 2 yük maşını, 143 dartıcı, 143 qoşqu, yəni ümumilikdə 288 nəqliyyat vasitəsi idxal əməliyyatlarını həyata keçirib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı komitənin son dövrlər qaçaqmalçılıq və narkotiklərlə mübarizə sahəsində böyük uğurlar qazandığını bildirdi. Təkcə ötən il 3 tondan çox narkotik maddənin ölkəyə  girişinin qarşısı alınıb.

Keçən il gömrük qaydaları əleyhinə 16 min 726 inzibati xəta faktları üzrə 1749 hüquqi şəxs (o cümlədən 481 xarici hüquqi şəxs) və 14 min 989 fiziki şəxs (o cümlədən 10 min 453 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 3 milyon 523 min 402 manat cərimə tətbiq olunmaqla, dəyəri 1 milyon 300 min 605 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib.

Tədbirin ikinci günündə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov jurnalistləri komitə rəhbərliyi adından salamlayaraq onlara bu tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirdi.

İsmayıl Hüseynov son dövrlər Medianın İnkişafı Agentliyinin komitə ilə birgə təşkil etdiyi tədbirlərin hər iki tərəf üçün faydalı olduğu vurğuladı. Xüsusilə 44 günlük Vətən müharibəsində milli medianın fəaliyyətinin təqdirəlayiq olduğunu söylədi. Bu əməkdaşlığın davamlı olmasını təqdir etdi.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli belə əməkdaşlığın əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan mətbuatı çətin və şərəfli bir yol keçib. Ölkədə gedən geniş islahatlar media sahəsində də aparılır. Medianın inkişafı ilə bağlı yeni qanun qəbul edilib və Medianın İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd ölkədə medianın inkişafına dəstək verməklə onun fəaliyyətini günün tələbləri səviyyəsinə qaldırmaqdır. Keçirilən bu tədbirin də əsas məqsədi dövlət orqanları ilə medianın əlaqələrini genişləndirmək, həmçinin jurnalistlərin peşəkarlığını artırmaqdır. Hesab edirəm ki, belə münasibətlərin qurulması medianın inkişafına, onun peşəkarlığının artmasına öz töhfəsini verəcəkdir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video