17 May 2022 01:50
708
Səhiyyə
A- A+

Dördüncü dozaya ehtiyac varmı?

 

Bəzi ölkələrdə bu tətbiq olunsa da, Azərbaycan hələ ki lüzum görmür

 

COVID -19 pandemiyasının dünyada yayılma arealı, səbəb olduğu ölüm sayı xeyli azalsa da, tam bitməyib. Düzdür, indi demək olar ki, əksər ölkələr virusa qarşı tətbiq etdikləri mübarizə tədbirlərini yumşaldıb, sərhədlərini açıb, amma koronavirus birdəfəlik yox olmayıb.

Hazırda koronavirusun "Omikron" və onun alt variantı olan BA.2  və bu alt variantın növbəti növü - BA.2.12.1 dünyada dominantlıq edir. Əgər yeni növə yoluxma aprel ayının əvvəlində 7 faiz idisə, mayın əvvəlində 36 faizə qədər yüksəlib. Hətta mütəxəssislər BA.2 alt variantının "Omikron"dan 50 faiz daha çox və sürətli ötürüldüyünü bildiriblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin ötən həftə açıqladığı məlumatda isə Avropada koronavirusdan ölənlərin sayının 2 milyonu, yoluxma hallarının ümumi sayının 218 milyonu ötdüyü bildirilib. Həmçinin bölgədə yeni yoluxma hallarının azaldığı, lakin COVID -19-un peyvənd olunmamış və həssas insanlar üçün ölümcül virus olaraq qaldığı vurğulanıb.

 

Çində vəziyyət normallaşır

 

Dünyada pandemiya ilə bağlı normallaşmanın yaşandığı bu dönəmlərdə isə koronavirusun ilk yarandığı ölkə olan Çində virusa qarşı "sıfır yoluxma" siyasəti adı altında sərt qapanmalara start verilmişdi. Aprel ayından ölkənin 26 milyondan çox əhalisi olan Şanxay şəhərində "Omikron" variantının səbəb olduğu bu vəziyyətin nəzarət altına alınması üçün sərt məhdudiyyətlər həyata keçirilirdi. Artıq şəhərdə iyun ayının əvvəlindən məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır. Bununla əlaqədar Şanxay merinin müavini Zong Ming şəhərin 16 rayonundan 15-nin karantin zonaları xaricində "sıfır yoluxma" hədəfinə çatdığını bildirib.

Lakin paytaxt Pekində qadağalar davam etdirilir. Bu həftəsonu şəhərin cənub-qərbindəki Fınqtay rayonunda 17 yoluxma halı qeydə alındıqdan sonra bütün əyləncə məkanları, idman zalları və fitnes mərkəzləri qapılarını bağlayıblar.

 

Bu doza yaşlıları qoruyur

 

Pandemiya ilə bağlı tibb elminin gəldiyi birmənalı qənaət virusa qarşı peyvəndlərin əvəzolunmaz vasitə olduğu ilə bağlıdır. Pandemiyanın hazırkı vəziyyəti fonunda isə bir çox ölkələrdə 4-cü doza gücləndirici peyvəndlərin zəruriliyi gündəmə gəlib. Bununla bağlı İngiltərədə aparılan sınaqlara görə, dördüncü doza gücləndirici peyvəndlər xüsusilə 70 yaşdan yuxarı insanlarda koronavirusa qarşı müdafiəni artırır. Böyük Britaniya alimləri qeyd ediblər ki, bu gedişlə payızı da gözləniləndən artıq müsbət nəticə ilə qarşılamaq mümkün ola bilər.

 

Ölümlər 78 faiz azalıb

 

İsraildə aparılan yeni araşdırma 4-cü doza peyvəndin 60-100 yaş arası şəxslərdə COVID ilə əlaqəli ölümlərin 78 faiz azaltmasını üzə çıxarıb.  560 mindən çox insanı əhatə edən tədqiqatın müəllifləri bildiriblər ki, onların araşdırmaları peyvəndin 4-cü dozasının həyatların xilas edilməsində kritik əhəmiyyətini ortaya qoyub.

İsraildəki Clalit Sağlamlıq Xidmətləri Kollecinin, Sapir Universiteti və Ben-Qurion Universitetinin rəhbərlik etdiyi araşdırma zamanı tədqiqatçılar peyvəndin 4-cü dozası üçün uyğun olan 560 mindən çox şəxsin məlumatlarını təhlil ediblər. İştirakçıların orta yaşının 73, cinsinin isə 53 faizinin qadın olduğu müəyyən edilib.

Dörd dəfə peyvənd edilən iştirakçılarda qeydə alınan 92 ölüm hadisəsindən beşi 60-69, 22-si 70-79 və 65-i 80-100 yaş arasında baş verib. Peyvəndin üç dozasını alan iştirakçılar arasında isə 60-69 yaşda 32, 70-79 yaşda 51, 80-100 yaşda 149 ölüm qeydə alınıb.

Tədqiqat 4-cü doza peyvənddən qaynaqlanan ölüm nisbətlərindəki 78 faiz azalmanın, üçüncü doza peyvəndin nəticəsi olaraq "Delta" dalğası zamanı yaşlı əhalidə ölüm nisbətindəki 90 faiz azalmadan da aşağı səviyyədə olduğunu göstərib.

Sağlamlıq Xidmətləri Kollecində sağlamlıq nəticələri üzrə tədqiqatçı Ronen Arbel bildirib ki, tədqiqatın məqsədi İsrailin 60 yaşdan yuxarı olan əhalisinin arasında ikinci gücləndirici dozanın qəbulunu artırmaq və digər ölkələri həssas əhali qruplarında əlavə peyvənd istifadəsini təşviq etməkdir.

 

Ölkəmizdə 4-cü dozaya ehtiyac görülmür

 

Qeyd edək ki, Azərbaycanda bu günə qədər yeni növ koronavirusa qarşı vətəndaşlara 13 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5, ikinci mərhələ üzrə 4, üç və daha çox doza vaksinlərin sayı 3 milyondan çoxdur.  Pozitiv nəticədən sonra vurulan "buster" doza vaksinlərinin sayı isə 241 mindən artıqdır.

Bu ilin fevralında səhiyyə naziri Teymur Musayev brifinq zamanı bildirmişdi ki, bəzi ölkələrdə artıq koronavirus əleyhinə 4-cü dozanın vurulmasına qərar verilib, lakin Azərbaycanda bu gün üçün belə qərar yoxdur. İnsanlar "buster" dozanı öz istəyi ilə qəbul edirlər. Hazırda 5-ci və 6-cı dozaların vurulmasının əhəmiyyəti barədə elmi araşdırmalar yoxdur: "Bu baxımdan bir qədər səbirli olmaq lazımdır. Nazirliyin tərkibindəki Tibbi Elmi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir".

Nazir onu da vurğulamışdı ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə 4-cü doza peyvəndin vurulması tövsiyə edilmir.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video