28 Noyabr 2022 17:44
366
SİYASƏT
A- A+

Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında turist axınını pandemiyayaqədərki səviyyəyə çıxarmaq zəruridir

Bu günlərdə Bakıda Rusiya-Azərbaycan əməkdaşlığı üzrə Parlamentlərarası komissiyanın iclası keçirilib. Rusiya nümayəndə heyəti üzvlərindən biri, Dövlət Dumasının deputatı Dmitri Savelyev bu işçi səfərlə bağlı öz təəssüratlarını AZƏRTAC-la bölüşüb.

-Dmitri İvanoviç, Rusiya-Azərbaycan əlaqələri son dövrlərdə ən müxtəlif səviyyələrdə aktivləşib. Bu, nə ilə bağlıdır?

-Ölkələrimiz arasında dövlətlərarası əlaqələr həmişə yüksəkdə olub, lakin cari ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra bu əlaqələr yeni müstəviyə çıxdı və yeni məna ilə zənginləşdi. Azərbaycan infrastrukturu və iqtisadiyyatı Rusiya ilə sıx bağlıdır. İqtisadi inkişaf, vahid mədəniyyət və təhsil məkanının qorunub saxlanması birbaşa bundan asılıdır. İndi Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi fonunda Rusiya-Azərbaycan əlaqələrinin intensivliyində müntəzəm artım müşahidə olunur. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu yaxınlarda Bakıda işgüzar səfərdə olub, parlament nümayəndə heyətinin gəlişi ərəfəsində XI Rusiya-Azərbaycan regionlararası forum keçirilib. Forumun işində Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin iştirak edib. Ölkələrimiz arasında xeyli işçi məsələlər toplanıb ki, onların həllini intensivləşdirmək, o cümlədən ölkələrimizin qanunvericilik orqanları tərəfindən dəstəkləmək lazımdır. Bütün bunlar barədə Parlamentlərarası komissiyanın iclasında söhbət açılıb, həmçinin komissiyanın gələn il üçün iş planı təsdiqlənib.

-Komissiyanın iclasında hansı məsələlər müzakirə olunub?

-Həmkarlar öz çıxışlarında qeyd ediblər ki, 2021-ci ilin yekunlarına əsasən ölkələrimiz arasında əmtəə dövriyyəsi 12 faiz artıb, cari ilin 10 ayı ərzində isə bu göstərici artıq 20 faiz yüksələrək 3 milyard dollara çatıb. Əmtəə dövriyyəsinin artımı bir çox hallarda yüklərin yerdəyişməsinin sərbəstliyindən və onların nəqlinin sürətindən asılıdır. Özü də Rusiya və Azərbaycanın Avrasiya və Xəzər regionunun mərkəzində əlverişli yerləşməsi bizim dövlətlərimizə nəqliyyat və tranzit potensialını fəal inkişaf etdirmək imkanı verir. Bununla əlaqədar, yüklərin sərhəddən keçirilməsini maksimum optimallaşdırmaqdan ötrü sərhəd-keçid məntəqələri ilə bağlı vəziyyət parlament nəzarətinə götürülməlidir.

Mən çıxışımı Azərbaycanın Rusiya regionları ilə turist mübadiləsi və nəqliyyat əlaqələri məsələsinə həsr etmişdim. Ölkələrimiz arasında turist axınını pandemiyayaqədərki səviyyəyə çıxarmaq zəruridir.

O, artıq cari ildə təqribən 80 faiz artıb, lakin bu, heç də son hədd deyil. Pandemiya səbəbindən turizm həddən artıq sıxıntı vəziyyətinə düşdü və hazırda Azərbaycan Rusiyadakı turizm nümayəndəliyində işini artırmağı planlaşdırır. Yeni il tətilləri ərəfəsində artıq rusiyalı turistlərin Azərbaycanın dağ-xizək kurortlarına dəvəti üzrə reklam kampaniyasına start verilib. Hər həftə Rusiya və Azərbaycanın şəhərləri arasında 130-dan çox aviareys həyata keçirilir və bu göstərici getdikcə yalnız artacaq.

-Siz bu yaxınlarda keçirilən XI regionlararası forum nöqteyi-nəzərindən Rusiya-Azərbaycan horizontal iqtisadi əlaqələrinin səviyyəsinin necə dəyərləndirirsiniz?

-Praktik olaraq, Rusiyanın hər bir regionu Azərbaycanla əsas istiqamətlər üzrə əlaqələrin genişlənməsində maraqlıdır, bir çox regionlar üçün isə bu əlaqələr sənaye, nəqliyyat, gəmiqayırma və aqrar sahələri kimi infrastruktur layihələrinin formalaşdırılmasında əsas amilə çevriləcək. Öz növbəsində, 900-dən artıq birgə müəssisənin uğurla işlədiyi Azərbaycan neft-kimya layihələrində və müxtəlif yığma istehsalat sahələrinin yaradılmasında maraqlıdır. Regional səviyyədə ticari-iqtisadi qarşılıqlı fəaliyyət iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın inkişafının təməli olmaqla bərabər, həm də siyasi və mədəni dialoqun qurulması üçün əsasdır. Burada ortaq dil məkanı mühüm rol oynayır, axı Azərbaycan postsovet məkanının az ölkələrindən biridir ki, burada rus dili qorunub saxlanılır və dövlət səviyyəsində inkişaf edir. Bunun ən yaxşı təsdiqi rus dilinin tədris edildiyi yüzlərlə məktəbdir, bu məktəbləri bitirən gənc azərbaycanlıların çoxu artıq Rusiyada ali təhsil alır. Bizim ölkəmizdə 11 min azərbaycanlı tələbə təhsil alır, bu isə eyni dildə danışan insanların iqtisadi əlaqələri daha səmərəli olmasının rəhnidir.

-Səfəriniz zamanı Bakının hansı yerlərində olmusunuz?

-Federasiya Şurasının vitse-spikeri Qalina Karelovanın rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzində olub. Mən görkəmli siyasətçinin şəxsiyyətinin böyüklüyünü və müstəqil Azərbaycanın təşəkkülü üçün onun şəxsiyyətinin mahiyyətini artıq dəfələrlə hiss etmişəm. 2023-cü il respublikada “Heydər Əliyev İli” elan olunub, bizim Dövlət Dumasında Azərbaycanın Ümummilli Liderinin anadan olmasının 100 illiyi ilə əlaqədar sərginin keçirilməsi planlaşdırılır. Ekskursiya zamanı bizim nümayəndə heyəti şəhərin ən yüksək nöqtəsindən Bakının mənzərəsini seyr edib. Fikrimcə, Azərbaycan paytaxtında yaradıcı işlərin vüsəti oradan daha yaxşı nəzərə çarpır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video