12 Iyun 2022 00:34
1403
Mədəniyyət
A- A+

Dirçəliş ünvanı - ŞUŞA

 

Tarixi əzəmətini sürətlə bərpa edən Qarabağın tacı zəfərin və mədəniyyətin ünvanı kimi dünyaya səs salıb

 

Qarabağın 270 illik əzəmətli tarixə malik büllur sarayı Şuşa gündən-günə dirçəlir, Qafqazın möcüzəvi şəhərinə çevrilir. Böyük qəhrəmanlıqla azadlığına qovuşdurulan Vətən qibləmiz indi də adına yaraşan şan-şöhrətini özünə qaytarır, beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edərək mədəniyyətin, barışığın, sülhün ismarıc məkanı zəfərin ünvanı kimi dünyaya səs salır.

 

"Hər gün inkişafla bağlı daha bir addım atılır"

 

Təsadüfi deyil ki, işğaldan azad edilmiş torpaqlar arasında ən genişmiqyaslı bərpa işləri də məhz mədəniyyət paytaxtımızda aparılmağa başlanılıb. Qarabağımızın baş tacında böyük quruculuq və bərpa işləri sürətlə davam edir. Qala şəhərimizdə həyata keçirilən bütün bu kompleks işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir və dövlət başçısı Şuşaya mütəmadi səfərlər edərək görülən işlərin gedişatı ilə şəxsən tanış olur. Ötən il, işğaldan azad edilən torpaqlara 32 dəfə səfər edən Prezident İlham Əliyev, düz 7 dəfə yolunu Şuşa şəhərindən salıb. Cari ildə də bu müstəsna ənənə davam etdirilir və qalib lider İlham Əliyevin hər gəlişi zamanı Şuşanın necə möcüzəvi sürətlə dirçəldiyinin, simasını dəyişdiyinin, ruhunun özünə qaytarıldığının şahidi oluruq...

Bu il mayın 10-da növbəti dəfə Şuşaya səfər edərək həyata keçirilən işlərlə yerindəcə tanış olan Prezident İlham Əliyev mədəniyyət paytaxtımızdan etdiyi müraciətində də bildirdi ki, əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerləyeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala salmışdır: "Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".

 

Tarixlə müasirliyin qovuşduğu məkan

 

Qarabağın incisi Şuşanın baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılır.

Vaxtilə Ulu Öndər Heydər Əliyevin abidələr şəhəri adlandırdığı qədim qalamızda 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları olub. Tarixi irsimizin daş yaddaşını özündə yaşadan Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasının səbəbidir. Mənfur düşmən  Şuşadan milli ruhumuzu silmək üçün buradakı abidələrimizə də qənim kəsilmişdi, onları vandalizmə məruz qoymuşdu.

Amma şanlı Vətən müharibəsi sayəsində Şuşanı azadlığına qovuşduran Azərbaycan Ordusu vandal ermənilərin bu çirkin, alçaq niyyətlərini gözlərində qoydu.

 

Heydər Əliyev Fondunun tarixi missiyası

 

Şuşanın erməni vəhşiliyinə məruz qalan tarixi, mədəni, dini abidələri də bərpa olunur, əvvəlki görkəminə qaytarılır. İşğaldan azad olunan bütün bölgələrdə olduğu kimi, Şuşada da bu istiqamətdə bərpa işlərinin böyük qismi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Fond tərəfindən bərpası həyata keçirilən belə binalardan biri milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa edilir.

Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə Şuşada yaşadığı ev də bərpa olunur. Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir.

O cümlədən də Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Şuşanı işğal altında saxladıqları dövrdə erməni barbarları bu məscidləri də vandalizmə məruz qoyublar. Ötən il Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən bu məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Hazırda bu üç ölkə əhəmiyyətli abidədə yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa-restavrasiya işləri davam etdirilir.

Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu aparır. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir.

Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov yerli mediaya verdiyi məlumatda bildirir ki, Mehmandarovlar malikanə-kompleksində işlər yaxın vaxtlarda yekunlaşacaq.

Göründüyü kimi, mədəniyyət paytaxtımızın tarixi simasının özünə qaytarılması üçün bu qədim yurdumuzda kompleks bərpa işləri həyata keçirilir. Şuşanın əvvəlki şan-şöhrəti özünə qaytarılır, doğma sakinlərinin əziz şəhərlərinə qovuşmaları üçün genişmiqyaslı quruculuq işləri görülür.

 

Yasəmən MUSAYEVA,

 "Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video