10 May 2022 00:17
1585
SİYASƏT
A- A+

Dahi şəxsiyyət

 

Müasir Azərbaycan tarixində ən parlaq dövr, ən güclü inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlayır. Məhz həmin andan böyük rəhbərin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan misilsiz inkişafa doğru yüksəlmiş, özünün əsl tərəqqi, intibah dövrünü yaşamışdır. Ulu Öndər respublikaya rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmiş, fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan görə bilmişdir.

Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və ağlasığmaz uğurlar qazanan dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti, əslində, tarixi faktların etirafıdır. Çünki reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən, onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq həqiqətin meyarı dəyişməz qalır.

 

Mövqe sahibi

 

Lider hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki, belə möhtəşəm keyfiyyətlərə malik şəxsiyyətlərin yetişməsində mühit və hadisələr başlıca rol oynayır. Həmin prosesdə onlar özləri də mövcud şəraitin qarşıya qoyduğu vəzifələrin icrası üçün yeni vasitə, münasibət və yanaşma əxz edirlər.

...1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycanın rəhbəri seçilir. Bu, respublikanın tarixində yeni siyasi mərhələnin başlanğıcı idi.

Ulu Öndər həm birinci, həm də ikinci dəfə Azərbaycanın ən ağır vaxtlarında - ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, cəmiyyətin zehnində dolaşıqlıq və mənəvi dayaqlarında hərc-mərclik yarandığı dövrlərdə rəhbərliyə gəlmiş və respublikanı nəinki düşdüyü vəziyyətdən çıxara bilmiş, hətta qısa vaxtda onun sürətli inkişafına nail olmuşdur. Düz iyirmi bir gün sonra, 1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda Azərbaycan KP MK-nın növbəti plenumu keçirilir. Bu plenum tarixə Heydər Əliyev siyasətinin rəsmi dövlət səviyyəsində ortaya çıxması demək idi. Həmin siyasətin başlıca məramı isə güclü dövlət, güclü iqtisadiyyatla yanaşı, sağlam milli kadrlar yetişdirmək idi.

Plenumda yeni birinci katib yaranmış vəziyyətdən çıxmaq üçün hansı tədbirlərin görülməsinin lazım gəldiyini, respublikada hansı çətinliklərin olduğunu dəqiq şəkildə göstərən böyük bir nitq söylədi. Ulu Öndər çox açıq və sərt şəkildə mövcud problemlərin səbəbləri haqqında danışdı, kadrların seçilməsində ciddi qüsurlara yol verildiyini qeyd etdi, iqtisadiyyatda hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyünü bildirdi, korrupsiyanın artıq ictimai şüura nüfuz etdiyini və cəmiyyətin həyatında adi bir norma kimi özünü göstərən amilə çevrildiyini vurğuladı. Ümummilli Liderin plenumdakı nitqi  kadr seçiminə necə böyük məsuliyyətlə yanaşdığını bir daha təsdiqlədi. Respublika rəhbəri  hər bir sahədə mövcud nöqsanlar barədə fikrini bildirdi və bu, o vaxt çoxlarında təəccüb doğurdu. Birincisi, ona görə ki, Sovet İttifaqı kimi totalitar bir cəmiyyətdə bu qədər açıq şəkildə danışmaq və bilavasitə rejimin özünün mahiyyətindən irəli gələn problemlərdən bəhs etmək kifayət qədər riskli addım idi. Digər tərəfdən, birinci katib təyin olunmasından cəmi iyirmi bir gün keçməsinə baxmayaraq, Heydər Əliyev respublikanın həyatının bütün sahələri barədə dəqiq və dolğun informasiyaya malik idi. Elə bir sahə yox idi ki, bu nitqdə əks olunmasın. Hətta xarici radiostansiyalar, dünyanın mötəbər qəzet və jurnalları Azərbaycanın yeni rəhbərinin o vaxta qədər misli görünməyən cəsarətli, kəskin mövqeyindən, bəzi sovet gerçəkliyinə ciddi, tənqidi münasibətindən söz açırdı.

Ulu Öndərin iş üslubunun bir çox xüsusiyyətləri Kremldəkilərə qeyri-adi görünürdü. Respublika rəhbəri isə müəyyən qaydalar çərçivəsindən kənara çıxmayaraq öz xəttini yeridir, çəkinmədən sözünü deyir, fikirlərini sərbəst açıqlayırdı. Məhz o zaman  Heydər Əliyev yeni tipli siyasi lider kimi təkcə ittifaq deyil, həm də dünya miqyasında tanındı. Ulu Öndər 1981-ci ilin 18 noyabrında "Literaturnaya qazeta"ya verdiyi məşhur "Qoy, ədalət zəfər çalsın!" sərlövhəli müsahibədə həmin dövrün respublika həyatı ilə bağlı ən müxtəlif məsələlərinə toxunmuşdu. Bununla da kadrlara qarşı tələbkarlığın artırılması respublikanın həyatında böyük canlanmaya gətirib çıxardı.

Heydər Əliyev yaxşı başa düşürdü ki, xalqda milli ruhu, milli özünüdərki gücləndirməyin ən mühüm şərti qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi və respublikanın sosial-iqtisadi böhrandan çıxarılması, bütün sahələr üzrə mədəni intibahın təmin olunmasıdır. Plenumdan dərhal sonra iqtisadiyyatda əsaslı canlanma müşahidə edilməyə başladı, korrupsiyaya  qarşı mübarizə elə bir həddə gəlib çatdı ki, artıq bu problem ictimai şüurda ümummilli məsələ kimi qəbul olunurdu, təhsilin, səhiyyənin, elmin inkişafında böyük nailiyyətlər əldə edilirdi. Aparılan islahatlar, dəyişikliklər nəinki respublikada, hətta bütün ittifaqda ciddi rezonans doğurmuşdu. Çünki Ulu Öndər 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətə ilk növbədə ədalət bəxş etmişdi. Haqqın gücünə insanların sönmüş inamını qaytarmışdı.

 

Tarixin dönüş anı

 

Sovet dövrünün sərt qadağaları dövründə belə Heydər Əliyev heç nədən və heç kimdən çəkinmədən Azərbaycanı istər iqtisadi, istər siyasi, istərsə də mədəni-intellektual cəhətdən dirçəltmişdi. Xalqımızı öz torpaqlarının, tarixi irsinin, taleyinin həqiqi sahibinə çevirmək üçün yorulmadan mübarizə aparmışdı.

Ötən əsrin 70-80-ci illəri Sovet Azərbaycanının intibah dövrü kimi yaddaşlarda qalıb. O illər respublika iqtisadiyyatının, xalq təsərrüfatının, elm və təhsilimizin, mədəniyyətimizin inkişafı faktları ilə son dərəcə zəngindir. Qısaca, onu qeyd edək ki, Heydər Əliyev keçmiş ittifaqın inkişaf göstəricilərinə görə ən axırıncı yerlərdə olan aqrar əyalət kimi  sələflərindən təhvil aldığı Azərbaycanı cəmi bir neçə ilin içində ən öncül sənaye respublikalarından birinə çevirdi. Azərbaycanın mərkəzində və regionlarında əsl dirçəliş ab-havası yarandı. İnkişafa əngəl yaradan maneələr ortadan götürüldü. İnsanların sabaha ümidi artdı. Hər kəs Heydər Əliyevin timsalında illərdir arzuladığı rəhbəri, aydın zəkalı, ədalətli, vətəndaşların halını anlayan, xalqın dəyərlərinə önəm verən, cəmiyyət üçün gözəl nümunələr yaradan, ən əsası isə Azərbaycanı canı qədər sevən lideri gördü.

Ulu Öndər xalqın milli-mənəvi dəyərlərinə sahib çıxdı. Respublikanın rəhbəri ilk dəfə olaraq rəsmi tədbirlərdə çıxışlarını Azərbaycan dilində etməyə başladı. Bu, xalqın milli ruhunun ali hakimiyyət kürsüsündə öz ifadəsini tapması idi. Böyük rəhbər ana dilimizə bu münasibəti ilə xalqın tarixi köklərinə qayıdışını, milli-mənəvi dəyərlərimizə bağlılığını bəyan edirdi.

O dövrdə Azərbaycanın bir çox görkəmli alimləri, şair və yazıçıları, mədəniyyət xadimləri ali dövlət mükafatları ilə təltif edildilər. Mütəxəssislərimizin yeni ixtira və kəşfləri nəinki keçmiş SSRİ-də, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərdə öz layiqli qiymətini almağa başladı. Faktlar da göstərir ki, Azərbaycanda dünyaya səs salan ən mühüm elmi kəşflər daha çox ötən əsrin 70-ci illərinə aiddir. Bu, Heydər Əliyevin həmin illərdə yaratdığı inkişaf mühitinin nəticəsi idi.

 

Böyük vətənpərvər

 

O illər Heydər Əliyev Vətənini, sözün bütün mənalarında, yeni inkişaf dövrünə çıxardı. Xalqın milli özünüdərkinin stimullaşdırılmasının əsasını qoydu. Azərbaycanı bütün dünyada tanıtdı. Ulu Öndərin doğma yurdu qarşısındakı xidmətlərinin tarixi və siyasi əhəmiyyətini araşdırarkən, heç şübhəsiz ki, onun Sovet Azərbaycanına rəhbərlik etdiyi 14 ili xüsusi qiymətləndirmək lazımdır. Respublikanın həmin illərdə qazandığı nailiyyətlər məhz böyük rəhbərin həyata keçirdiyi yeni strateji inkişaf konsepsiyasının real nəticəsi idi.

Ulu Öndər 1982-1987-ci illərdə keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Moskvada çalışdığı dövrdə də bu inkişaf konsepsiyasının reallaşması üçün bütün imkanlarını ortaya qoyurdu. Vətəninin yüksəlişinə çalışırdı. Xalqı məkrli düşmənlərdən qoruyurdu. Ümumən, türk-müsəlman xalqlarının hamisi kimi onlara dəstəyini əsirgəmirdi. Təsadüfi deyil ki, ermənilərin və onların havadarlarının, hətta bütün dünya erməniliyinin respublikamıza qarşı qanlı planları məhz 1987-ci ildə, Heydər Əliyevin məqsədli şəkildə yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra başladı. Azərbaycanın başına min bir fəlakətlər açıldı.

Bununla belə, Ulu Öndərin 70-80-ci illərdə formalaşdırdığı milli inkişaf konsepsiyası o qədər güclü idi ki, xalq tarixin ağır sınaqları qarşısına təşkilatlanmış şəkildə çıxmağı bacardı. Bu konsepsiya ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın müstəqilliyi uğrunda siyasi dalğanın başlanmasında çox böyük rol oynadı. Ümummilli Liderin ötən əsrin 70-ci illərində yetişdirdiyi gənclik Azərbaycanın müstəqilliyi uğrunda ayağa qalxdı. Xalqımız 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini rəsmi şəkildə elan edərək tarixi haqqına nail oldu. Amma o taleyüklü anda da yenə xalqın Heydər Əliyev kimi böyük liderə ehtiyacı vardı.

 

Xilaskarlıq missiyası

 

Hər bir cəmiyyətdə olduğu kimi, bu illərdə respublikada mənəvi axtarışlar milli taleyə və tərəqqiyə yol göstərməkdən çox insanların mühüm, ciddi dəyişikliklərə hazırlığı xarakteri daşıyırdı. Əsl yolları isə yenə də tarix və onu yaradan böyük şəxsiyyətlər müəyyənləşdirirdi.

1993-cü ilin ortalarında Azərbaycandakı böhranın səbəblərindən biri də cəmiyyətdəki mənəvi və ideoloji pərakəndəlik idi, milli şüur faktiki olaraq parçalanmış vəziyyətdəydi. Vətəndaş müharibəsi, qardaş qanı axıdılması reallığa çevrilmişdi. Ölkədə başlanan siyasi proseslər nəticəsində digər sahələrlə yanaşı,  elmin, təhsilin problemlərinə də dövlət səviyyəsində laqeydlik və biganəlik baş alıb gedirdi. Belə neqativ proseslər xalqın əsas sərvəti olan kadr potensialına da mənfi təsir göstərirdi, ziyalılar real tənəzzül qarşısında çırpınırdılar. 1988-ci ildə 14 minə yaxın beyin axını Azərbaycandan digər dövlətlərə üz tutmuşdu. Ölkədəki qeyri-sabitlik həqiqi elmin və təhsilin arxa plana keçməsini gücləndirirdi. Bir sıra siyasət adamları güman edirdilər ki, tarixi hadisələri, xalqın taleyini qərarlar və qətnamələr əsasında qurmaq olar. Bu, səhv bir təsəvvür idi. Təcrübə göstərir ki, mücərrəd ideologiyalar millətin birliyini pozur, onun taleyinin istiqamətlərinin həyatda yox, kitab və nəzəriyyələrdə, subyektiv tendensiyalarda axtarılmasına gətirib çıxarır.

1993-cü il hakimiyyət dəyişikliyindən sonra həqiqi Azərbaycan siyasətinin, Azərbaycan milli ideyasının həyata keçirilməsi dövrü başlandı. Bu dövrün də nəzəriyyəçisi və dahi təməlçisi xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev idi. Bu böyük şəxsiyyət, həqiqətən, yeni Azərbaycanın əsl memarı və yaradıcısı oldu.

Ölkə rəhbəri ilk növbədə bütün regionlardan olan sağlam təfəkkürlü insanları öz ətrafına topladı, onları dövlət həyatının ən mühüm nöqtələrində yerləşdirdi. Bu, dağılmaqda olan Azərbaycan dövlətçiliyinin bərpası üçün ilk addım idi. Bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyillərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq inkişaf etdirilməsi üçün əlverişli siyasi-iqtisadi mühit yarandı.

O dövrdə tarix və həyat sanki Azərbaycan elmini də sınağa çəkirdi. Amma bu sınaqdan da elm ictimaiyyətini Heydər Əliyev xilas etdi. Böyük siyasi xadimin hakimiyyətə gəlişi akademik elmin narahatlıqlarına, tərəddüdlərinə son qoydu. Azərbaycanın elmi potensialının tamam dağılmasının qarşısı alındı. Elmlər Akademiyasının nüfuzunun bərpası üçün konkret əməli tədbirlər görüldü. Ümummilli Lider tərəfindən  belə bir konsepsiya, strateji xətt hazırlanıb həyata keçirilməyə başlandı ki, dövlətin, dövlətçiliyin təməl prinsipləri içərisində milli təhsil və bəşəri elm müstəsna yer tutmalıdır. Təhsilə, elmə belə bir münasibət Heydər Əliyev siyasətinin aparıcı istiqaməti, onun daxili ziyalılığının mühüm təzahürü idi.

Elmimizin və təhsilimizin hamisi yeni quruculuq işlərinin varislik prinsipi əsasında, əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməsini qarşıya qoydu. Tezliklə akademiyanın statusu və taleyi ilə bağlı məsələlər birmənalı şəkildə həll edildi. Elm məbədinin nüfuzu yüksəldi. Fundamental tədqiqatların əhəmiyyəti və onların inkişafının təminatı sahəsində bir çox əməli işlər görüldü. 2001-ci ilin mayında Prezidentin fərmanı ilə AMEA-nın dövlət statusu möhkəmləndirildi. Bununla da akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğu bir daha təsdiqləndi.

2001-ci ilin iyun ayında AMEA-nın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirildi. Dövlət başçısının fərmanları ilə elm adamlarının əməkhaqları artırıldı, AMEA-nın Naxçıvan bölməsi yaradıldı. Beyin axınına əks-proseslər nəticəsində minlərlə yüksəkixtisaslı mütəxəssis xaricdən öz doğma vətəninə qayıtdı, elmin müxtəlif sahələri üzrə uğurlu tədqiqat işlərinə başlanıldı. Magistraturaya, aspiranturaya, dissertanturaya gələnlərin sayı çoxaldı. Bir sözlə, tariximizin bu illəri və milli intibahı mahiyyət etibarilə xalqın təhsillənmə səviyyəsinin yüksəlişi, fundamental elmin yaranması, milli mədəniyyətin tərəqqisi ilə sıx bağlı olmuşdur. Təhsil sahəsində islahat proqramının həyata keçirilməsi, bir sıra fərmanların imzalanması, universitetlərə muxtariyyət hüququnun verilməsi, ölkədə müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi milli təhsilimizin gələcək inkişafına yönəldilmiş əməli tədbirlər olmuşdur. Bu siyasət həm xalqın özünün, həm də onun mənafelərinə xidmət edən milli dövlətin siyasəti idi. Ən başlıcası odur ki, xalqımız bu siyasətə və onun dönməz xarakter daşıdığına inanır və Azərbaycanın bu gününə və sabahına ünvanlanmış olduğunu görürdü.

 

Müstəqilliyimiz üçün yaradılmış möhkəm təməllər

 

1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında Qərbin aparıcı neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin təməlinə çevrildi. Hakimiyyət bölgüsü müəyyənləşdi. İnsan hüquq və azadlıqları təmin edildi. Vətəndaş cəmiyyəti institutları formalaşdı. Azad bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi ölkənin gələcək iqtisadi inkişaf yolu kimi müəyyənləşdirildi, bu xətt qısa müddətdə özünü doğrultmağa başladı. Ölkə iqtisadiyyatında özəl sektorun rolu artdı, azad sahibkarlar sinfi formalaşdı.    

Azərbaycanın beynəlxalq mövqeyi gücləndi. Ölkəmizin demokratik inkişaf yoluna dəstək verən dövlətlərin sırası genişləndi. Respublikamız dünyanın nüfuzlu beynəlxalq qurumlarına tamhüquqlu üzv qəbul edildi. Yaradılan ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti bütün dünyada Azərbaycanın etibarlı tərəfdaş imicini formalaşdırdı. Respublikanın iqtisadi həyatının ən müxtəlif sahələrinə sərmayə axını başlandı. Azərbaycanın ideya müəllifliyi və yaxından iştirakı ilə qlobal əhəmiyyətli  enerji-kommunikasiya layihələri reallığa çevrildi.   

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqların başlanması və cəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını aldı. Xarici dövlətlərlə pozulmuş münasibətlər qaydaya salındı. Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, respublikamızın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün məqsədyönlü tədbirlər görüldü.

Azərbaycançılıq məfkurəsini formalaşdıran Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirdi. Ulu Öndər milli-mənəvi dəyərlərimizə, Azərbaycanı dünyada tanıdan mənəvi sərvətlərimizə sahib çıxdı. Onları aşınmağa qoymadı.

Ümummilli Lider hər zaman qeyd edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz."

Bu dəyərlərə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Ulu Öndər hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. Onu təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin vacib amili hesab edirdi.

 

Vətən sevgisinin gücü

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı ən böyük xidməti müəyyənləşdirdiyi strateji inkişaf kursunun ardıcıllığını təmin etməsidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən Ulu Öndər cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə etmişdi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Prezident İlham Əliyev öz tükənməz enerjisi, Vətən sevgisi, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model Azərbaycanın bütün sferalarda inkişafını təmin edir. Dövlət  başçısı qəbul etdiyi fundamental qərarlarla, imzaladığı fərman və sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sübuta yetirir.

Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə ötürəcəyinə and içib. Bu andın fövqündə 30 ildən bəri yaraları qövr edən bir xalqın ülvi arzusu - Qarabağı işğaldan azad etmək, doğma torpaqlarına dönmək kimi qarşısıalınmaz bir istəyə qovuşmaqda möhtəşəm bir dönməzlik var idi. Vaxtilə əlçatmaz, müqəddəs bir arzu dövlətimizin israrla həyata keçirdiyi müdrik siyasətin şərəfli nəticəsinə, böyük zəfərə, qələbəyə çevrildi.

Öz torpaqlarına qovuşandan sonra dünya düzənində böyük hörmət qazanan Azərbaycan möhtəşəm qələbə ilə beynəlxalq birliyə daha sürətlə inteqrasiya istiqamətində böyük imkanlar əldə edir. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqların təşkilatçısıdır. Azərbaycan malik olduğu zəngin mədəniyyətlə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilmək imkanına malikdir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video