19 Yanvar 2023 17:44
359
PARLAMENT
A- A+

Daha 15 məsələ parlamentin plenar iclasına tövsiyə olunub

 

Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 15 məsələ daxil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, birinci məsələ Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat, ikinci məsələ isə komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsidir.

Ötən ilin payız sessiyasında görülən işlər barədə hesabata əsasən, komitənin bu müddətdə 25 iclası keçirilib, 214 məsələyə baxılıb. Komitədə 65 qanun layihəsi üç oxunuşda, 7 qanun layihəsi bir oxunuşda müzakirə edilib.

Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 307 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılıb, müvafiq tədbirlər görülüb. Komitə tərəfindən müxtəlif məzmunlu 194 ərizə, müraciət və sənədə baxılaraq, aidiyyəti təşkilatlara göndərilib.

Cari ilin yaz sessiyası üçün iş planının layihəsinə əsasən, komitədə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinə baxılması nəzərdə tutulub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat qənaətbəxş hesab edilib, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqbul sayılıb.

Sonra iclasda gündəliyə daxil edilən qanun layihələri müzakirə olunub.

Komitə sədri Əli Hüseynli növbəti, 3-cü məsələ - Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə fikirlərini açıqlayaraq, təklif olunan düzəlişlərin əhəmiyyətli olduğunu, sənədin istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edəcəyini bildirib.

Bu qanun layihəsini iclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib. Bildirilib ki, qanun layihəsi mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, bu sahədə borcalanların (istehlak kreditinə münasibətdə isə istehlakçıların) hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qeyd olunub ki, əqd müvafiq tələblərə əməl etməklə elektron informasiya sistemlərinin köməyi ilə bağlanırsa bu halda o yazılı əqd hesab oluna biləcək. Bu isə tərəflərin əqdi elektron resurslardan istifadə etməklə bağlamaq imkanını artırır, habelə bu cür bağlanmış əqdlər üzrə yaranan mübahisələrin daha çevik həllinə, tərəflərin hüquqlarının daha etibarlı qorunmasına imkan yaranır. Əqd, o cümlədən müqavilə ilə bağlı tələblərin, habelə öhdəliyin icrası ilə bağlı bir sıra müddəaların yalnız müqavilə ilə deyil, eyni zamanda, məcəllə, qanun və digər normativ hüquqi aktlarla tənzimlənməsi zərurətini nəzərə alaraq, bununla bağlı müvafiq maddələrə düzəlişlər təklif olunur.

Diqqətə çatdırılıb ki, layihədə Məcəllənin müvafiq maddələrində, həmçinin kredit müqaviləsinin bağlanma qaydası və məzmununa tələblər, kredit müqaviləsi üzrə illik faiz dərəcəsinin hesablanması, öhdəliyin təminatının itirilməsi və yaxud dəyərinin azalmasının hüquqi nəticələri, borc vaxtından əvvəl ödənildikdə borcverənin zərərin əvəzinin ödənilməsi üçün kompensasiya tələb etməsi, ödəniş üsullarından asılı olaraq ödəniş vaxtının hesablanması qaydası, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanma qaydası və sair məsələlər tənzimlənir.

Qanun layihəsində Mülki Məcəllənin müvafiq maddələrinə nəzərdə tutulan digər düzəlişlər barədə də ətraflı məlumat verilib.

Komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Azay Quliyev, Bəhruz Məhərrəmov sənədin vətəndaşların maraqlarının qorunması baxımından əhəmiyyətli olduğunu bildiriblər, bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.

Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra 4-cü məsələ - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Komitə sədri Əli Hüseynli bildirib ki, hazırda “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” icra olunmaqdadır. Strategiyaya əsasən dövlət qulluğu sahəsində bir sıra islahatların aparılması nəzərdə tutulub. Qeyd olunub ki, təqdim edilən layihədə anlayışların dəqiqləşdirilməsi, habelə dövlət qulluqçularının potensialından səmərəli istifadə, onların xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə dövlət qulluqçularının rotasiyasının həyata keçirilməsi ilə bağlı qaydalar öz əksini tapıb.

Komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Azay Quliyev, Tahir Kərimli layihə barədə öz fikirlərini və bəzi qeydlərini açıqlayıblar.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar bir çox qanunlara uyğunlaşdırma xarakterli düzəlişlər nəzərdə tutulub. Komitənin iclasının gündəliyinə daxil edilən növbəti məsələlərdə bununla bağlı müvafiq dəyişikliklər təklif olunur.

O, həmçinin qeyd edib ki, 5-ci məsələ olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsində isə “Media haqqında” Qanuna uyğun olaraq bir sıra məsuliyyət növlərinin dəqiqləşdirilməsi də nəzərdə tutulub.

Sonra parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və gündəliyin 6 – 15-ci məsələləri - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, 2000-ci il 14 aprel tarixli 859-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə”də, 2005-ci il 3 may tarixli 903-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi”ndə və 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin mahiyyəti barədə məlumat verib.

Komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Tahir Kərimli, Azay Quliyev təqdim olunan layihələr barədə öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.

İclasda iştirak edən Medianın İnkişafı Agentliyinin Hüquq Xidmətinin rəhbəri Rəqsanə Kərimova səsləndirilən fikirlərə münasibət bildirib, bəzi məqamlara aydınlıq gətirib.

Müzakirələrin sonunda bu qanun layihələri də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video