28 May 2022 02:12
1012
Mədəniyyət
A- A+

Cümhuriyyət qurucuları

 

İstiqlaliyyət Bəyannaməsini imzalayan səkkiz deputatdan biri - Mustafa Mahmudov

 

O, pedaqoq, maarifçi idi. Ana dilinin qorunması və inkişafı, təhsilin ana dilində tədrisi uğrunda yorulmadan mübarizə aparanların sırasındaydı. Milli mədəniyyəti təbliğ edirdi. Onun bütün fəaliyyətinin, əməllərinin, arzu və niyyətinin mayəsində millətsevərliyi dayanırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Bəyannaməsini imzalayan 8 nəfərdən biri - Mustafa Mahmudovu millətinin istiqbalı uğrunda ölüm-dirim savaşına bu sevgi aparmışdı....

 

Peşəsini çox sevən, qabaqcıl müəllim...

 

O, 1878-ci il yanvarın 31-də Bakı quberniyasının Göyçay qəzasının Kürdəmir kəndində dünyaya gəlib. İbtidai təhsilini Kürdəmir  kənd məktəbində alıb. Göyçay qəza məktəbində oxuyub. Sonra təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirib. 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirib. Təyinatı o zamanlar Yelizavetpol quberniyası Nuxa qəzasının ərazi bölgüsünə daxil edilmiş Vəndam kəndinə verilib. Ancaq Mustafa Mahmudova şəhər məktəbində çalışmaq nəsib olub.

Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsində keçirilən qəbul imtahanlarının aparıcı komissiya üzvlərindən  olan Həsən bəy Məlikov (Zərdabi) və Əlimərdan bəy Topçubaşov Mustafa Mahmudovun elmi və pedaqoji hazırlığını yüksək dəyərləndirib, onun təyinatının Bakıya dəyişdirilməsinə kömək ediblər. Beləliklə, Mustafa Mahmudov 675 manat illik əməkhaqqı ilə Bakıdakı 3-cü rus-tatar məktəbinə müəllim təyin edilib. O, 1904-cü il setyabrın 15-də öz xahişi ilə Sultan Məcid Qəniyevin rəhbərlik etdiyi 2-ci rus-tatar məktəbinə keçərək pedaqoji fəaliyyətini davam etdirib. Bu təhsil ocağında dərs alan Məhəmməd Əmin Rəsulzadə və başqa şagirdlərin savadlı, açıq fikirli gənclər kimi yetişməsində, dünyagörüşlərinin formalaşmasında, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutmalarında məktəbin direktoru Sultan Məcid Qəniyev və Mustafa Mahmudov kimi savadlı, millətpərvər müəllimlərin mühüm rolu olub.

1903-cü ildə onun böyük qardaşı Kürdəmirdə dünyasını dəyişib. Mustafa Mahmudov müəllim məvacibi ilə qardaşının yetim qalmış üç övladını və özü, arvadı, qızı və onlarda qalan bacısı oğlundan ibarət dörd nəfərlik ailəsini dolandırmalı olub.

 

II Dövlət Dumasının ən fəal deputatlarından biri...

 

Öz dövrünə görə mükəmməl təhsil almış M.Mahmudov çox sevdiyi pedaqoji işlə məşğul idi. Bəlkə də həyatı belə davam edəcəkdi. Amma xalqının, vətəninin müqəddəratının həll olunduğu illər idi. Vətənpərvər ziyalıların əksəriyyəti kimi, Mustafa Mahmudov da ictimai-siyasi hadisələrə seyrçi qalmır. O, 1907-ci il fevralın 6-da Dumaya üzv seçilir. Deputatlığı ilə əlaqədar iş yerindən ayrılır. Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtlı, Zeynal Zeynalovla bərabər, II Dövlət Dumasının üzvü kimi Peterburqa gedən 5 azərbaycanlı deputatdan biri olur. 1907-ci ilin 20 fevralında Rusiyada II Dövlət Duması fəaliyyətə başlayıb.

Rus dilində səlis danışan ən fəal  türkdilli deputatlardan biri olan Mustafa Mahmudov II Dövlət Dumasının 9 şöbəsinin, 4 komissiyasının üzvü olub. Onun çıxışlarında irəli sürdüyü məsələlər ciddi müzakirələrlə nəticələnib. Xalq maarifi naziri tərəfindən təqdim olunan qanun layihəsinə Dumanın xalq təhsili üzrə komissiyasının üzvü kimi münasibət bildirən Mustafa Mahmudov müsəlman müəllimlərin problemlərinə diqqət çəkib. Pedaqoji fəaliyyət göstərmiş, vəziyyəti dərindən bilən deputat müsəlman müəllimlərin insan ləyaqətindən, xalq təhsili üzrə bu və ya digər vəzifəni tutmaq hüququndan məhrum edildiyini, xüsusi bir təbəqəyə ayrıldıqlarını, onların ana dilində danışmaq hüququnun olmadığını, buna görə də sıxışdırıldıqlarını nəzərə çatdırıb. O, xalq təhsili nazirini ana dilində təhsilə, müəllimlərin nüfuzunun yüksəldilməsinə qayğı göstərməyə səsləyib.

Mustafa Mahmudov II Dövlət Dumasının 13 mart 1907-ci il tarixli 9-cu iclasında - "Hərbi-səhra məhkəməsinin ləğvi haqqında" qanun layihəsinin müzakirəsində odövrkü bütün böyük Rusiyanı çox milyonlu xəstələri olan lazaretə, yəni kiçik hərbi xəstəxanaya bənzədib.

Mustafa Mahmudov əməkdaşlıq etdiyi "İrşad" qəzetində, Bakıda rus dilində nəşr olunan qəzetlərdə xeyriyyə tədbirləri və II Dövlət Dumasına keçirilən seçkilər barədə maraqlı yazılar dərc etdirib.

Çar II Nikolay 1907-ci il iyunun 3-də II Dövlət Dumasını buraxır. İyulun 14-də Mustafa Mahmudov yenidən 1-ci rus-tatar məktəbindəki işinə - direktor vəzifəsinə geri dönür. 1908-ci ilin sentyabrında o,  bu vəzifədən çıxarılır. Araşdırıcılar bunu Mustafa Mahmudovun II Dövlət Dumasındakı cəsarətli çıxışları ilə əlaqələndirirlər.

Pedaqoji fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra o, müxtəlif yerlərdə çalışır. 1910-cu il  avqustun 4-də yenidən öz sevimli peşəsinə qayıdır.

 

Dövrünün siyasi çağırışlarına səs verən ziyalı

 

1917-ci ildə baş verən inqilabi hərəkat Romanovlar sülaləsinin üç yüz illik hakimiyyətinin süqutu ilə nəticələnir. İmperiyanın müstəmləkəsindən qurtulan ölkələrin qabaqcıl övladları dövlət müstəqilliyini təsdiq etmək, əbədiləşdirmək uğrunda mübarizələrini genişləndirirlər.

Tiflisdə 1918-ci ilin fevralında Zaqafqaziyadan seçilmiş deputatlar Zaqafqaziya Seymini yaradırlar. Azərbaycanı Seymdə 44 deputatdan ibarət dörd müsəlman partiyası - "Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist bloku", "Rusiyada Müsəlmanlıq" ("İttihad"), "Hümmət" (menşevik) partiyaları təmsil edir.

Mustafa Mahmudov 1918-ci il fevralın 9-da Müəllimlər Komissiyasının sədrinə məktubunda Zaqafqaziya Seyminə üzv seçilməsi xəbərini verir. O, Seymin fəaliyyətində iştirak edən ən fəal müsəlman deputatlardan olur.

Zaqafqaziya Seyminin son iclası 26 may 1918-ci ildə keçirilir. Mayın 27-də yaranmış siyasi vəziyyəti müzakirə etmək məqsədilə keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağırılır. İclasda Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarını verirlər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Həsən bəy Ağayevin sədrliyi, Mustafa Mahmudovun katibliyi ilə Azərbaycan Milli Şurasının ilk iclası olub. Tarixi iclasda  Azərbaycanın istiqlalının elanı, Azərbaycan Cümhuriyyətinin yaradılması haqqında qərar qəbul edilir. Səsvermədə iştirak edən 24 nəfərdən 22-si müstəqilliyin lehinə səs verir. Sultan Məcid Qənizadə və Cəfər Axundov bitərəf qalırlar.

İstiqlal Bəyannaməsini Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalayıblar.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Mustafa Mahmudovun illər boyu uğrunda mabarizə apardığı arzuların reallığa çevrilməsi idi. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində üzvü olduğu Müsavat Partiyasını təmsil edib. Parlamentdə fəallığına görə, Azərbaycan Kənd Təsərrüfatı Komissiyasına üzv seçilib. Qərar və qanunların qəbul edilməsində iştirak edib.

Bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradaraq  hakimiyyəti ələ keçirməsi ilə Mustafa Mahmudovun arzuları yarımçıq qalıb. Elə günlər gəlib ki, vətəndə qalmaq da, tərk edib getmək də mənəvi əzaba çevrilib. Mustafa Mahmudov nə qədər ağır olsa da, vətəndə qalmağı seçib.

Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsini imzalayanlardan biri, Müsavat Partiyasının üzvü olmuş Mustafa Mahmudov sovet hakimiyyətinin nəzərində günahkar idi və mütləq cəzalanmalıydı. Odur ki, repressiya siyasətinə qurbanlar seçilərkən o da "unudulmadı". 1937-ci il noyabrın 23-də həbs edildi. Həmin il dekabrın 20-də güllələndi.

Mustafa Mahmudovun yaxın qohumlarının, ailə üzvlərinin çoxu repressiyaya məruz qalıb. Onun üç övladından biri - yeganə oğlu hələ kiçik yaşlarında vəfat edib. Qızları Sara və Səfurə atasız qalıb. Onlar repessiya olunmuş atanın övladları kimi yaşamağın əzab-əziyyətlərinə qatlaşıblar...

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video