28 May 2022 02:17
1353
SİYASƏT
A- A+

Cümhuriyyət ideyalarına sadiqliyin nümunəsi

 

Tariximizin qan yaddaşında, babaların ruhundan, min illik mənəvi varlığımızdan yol alıb gələn Azərbaycan bayrağı! Bu gün daha gözəl, daha əzəmətlisən. Vətənin bütün guşələri sənin rənginə boyanıb. Xalqımızın qəhrəman oğulları rəngindən güc alıb, əlində silah getdilər düşmən üstünə. Güllədən, silahdan çox sənin əzəmətin qorxutdu yağı düşməni… Qəhrəmanlığımızın, birliyimizin, ucalığımızın rəmzi Azərbaycan bayrağı! Sən bu gün bizə bir də ona görə  daha əzizsən ki, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Hadrutda dalğalanırsan. Sən ona görə əzizsən ki, o torpaqlara  həsrətinlə yanan, o torpaqlarda dalğalanman üçün canını bu vətənə fəda etmiş oğulların sinəsində getmisən oralara. Sən bir daha ona görə əzizsən ki, o torpaqlarda səni xalqımızın müzəffər oğlu Ali Baş Komandan İlham Əliyev ucaldıb…

 

Yaddaş

 

Üçrəngli bayraq ideyasını gündəmə ilk dəfə milli  ideoloq Əli bəy Hüseynzadə gətirib. Onun  1907-ci il iyun ayının 10-da "Füyuzat"  jurnalında nəşr etdiyi məqaləsində  "Türk hissiyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə işlətdiyi bu fikri sonralar böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli".

Əli bəy Hüseynzadə tərəfindən səslənən və Ziya Göyalp tərəfindən inkişaf etdirilən bu şüar sonralar Azərbaycan bayrağında öz əksini tapıb.

M.Ə.Rəsulzadə 1915-ci ildə " Açıq söz" qəzetinin ilk sayında "Tutacağımız yol" adlı məqaləsində  əsası vaxtı ilə Əli bəy Hüseynzadə tərəfindən qoyulan məşhur üçlük düsturunu belə təqdim etmişdi: "Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir" Dil, Din və Zaman… Dilcə - biz türküz, türklük milliyyətimizdir… Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir… Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz… Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor - mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq".

Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan Dövlət Neft Şirkətinin binası) Fətəli xan Xoyskinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında onun  milli bayraq haqqında məruzəsi dinlənildikdən sonra rəsmi status alıb. Həmin iclasda milli dövlət bayrağının dəyişdirilməsi haqqında aşağıdakı qərar qəbul edildi: "Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin" (Azərbaycan Respublikası Dövlət Arxivi, fond 894, siyahı 1, iş 25, vərəq 142). Bayraqdakı mavi rəng türkçülüyü, qırmızı müasirliyi, qərb demokratiyasını, yaşıl isə islam ideologiyasını ifadə edir.

1918-ci il dekabırın 7-də parlamentin ilk iclasında çıxış edən  M.Ə.Rəsulzadə  öz çıxışında  "...səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" deyərək ideyalarımızın və bayrağımızın əbədiyaşarlığına əminliyini ifadə etmişdir. Nə yazıq ki, 1920-ci ildə ölkəmizin bolşevik-rus istilasından sonra bayrağımız endirilmişdir. 70 il sovet repressiya maşınının əsarətində qalan bayrağımız ürəklərdə yaşayaraq yenidən ucalacağı, zirvələrə yol alacağı günü gözləmişdir.

Xalqımızın milli-mənəvi dəyərlərinin  yaşadılmasında və qorunub gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev cümhuriyyət irsinin qorunub yaşadılmasının və həyata yenidən vəsiqə almasının ilk təşəbbüskarı və müəllifidir. Məhz onun  təşəbbüsü və rəhbərliyi ilə  1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağı qaldırılmış və Naxçıvan MR-in dövlət bayrağı kimi təsdiq edilmişdir. Bununla kifayətlənməyən Ulu Öndər Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli müqəddəs bayrağımızın  Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət də qaldırmışdır. Məhz bundan sonra  ozamankı ölkə rəhbərliyi məcburiyyət qarşısında qalaraq 1991-ci il fevralın 5-də qürurumuz olan bayrağımızı dövlətin rəsmi bayrağı kimi təsdiq etmişdir. Cümhuriyyət ideyalarına sədaqət, ənənələri yaşatmaq, dəyərləri öz əməlləri ilə qorumaq Ulu Öndərin fəaliyyətinin əsas məzmunu olub. Ümummilli Liderin 2003-cü il 1 fevral tarixli "Azərbaycan  Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında" sərəncamı, əslində, milli mənəvi ruha sədaqətin, sadiqliyin bariz numunəsi idi.

 

Böyük yolun paralelləri

 

2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirildi. III minilliyin müstəqil Azərbaycanının bu ilk seçkisi yeni eranın və yeni əsrin ilk onilliyinin siyasi oriyentirini müəyyən etdi. Cənab İlham Əliyev xalqın iradəsi ilə Prezident seçildi və Ulu Öndər Heydər Əliyevin siyasi kursunu və strateji xəttini davam etdirəcəyini bəyan etdi. Və bu təkcə söz olaraq qalmadı. Əməldə, işdə, bacarıqda, qətiyyətdə təsdiqini tapdı. Ardıcıllıqda  özünü göstərdi. Eyni zamanda bu ardıcıllıq Azərbaycan Xalq Cümhuriyyətinə, onun qurucularına olan münasibətdə də dəyişməz olaraq qaldı.

İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması və 2007-ci ilin 25 mayında abidənin açılışında iştirakı, 2018-ci ilin Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar  ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi, 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş möhtəşəm hərbi parad cümhuriyyət ideyalarına sadiqliyin, ehtiramın ən gözəl nümunəsidir.

2018-ci ildə Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi tədbir təşkil olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin tədbirdə iştirak etdilər. Dövlət başçısı çıxışında Azərbaycan Demokratik Cümhuriyyətinin qısa müddətdə gördüyü işləri yüksək dəyərləndirərkən demişdir: "Bir daha demək istəyirəm ki, biz bu tarixi hadisə ilə haqlı olaraq fəxr edirik. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı təsis edilmişdir, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordumuz yaradılmışdır. Gələn ay biz ordumuzun 100 illiyini qeyd edəcəyik. Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır. Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılmışdır. Gəncənin tarixi adı qaytarılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur. Bakı Dövlət Universiteti yaradılmışdır və bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində idi".

Cümhuriyyət qurucularının arzuları vətəni azad, dövləti qüdrətli görmək, yurdun hər qarışına sahib olmaq,  bütöv görmək idi...

Bayrağı ucaltmaqdan, vətəni gülüstana çevirməkdən, dövləti qüdrətli etməkdən şərəfli, müqqəddəs nəyinsə olduğunu düşünmək absurddur. İllər idi ki, ermənilər tərəfindən işğal olunmuş, xarabazarlığa çevrilmiş Qarabağımıza indi can verilir. Bu gün şəhid qanı ilə suvarılmış o torpaqlarda Azərbaycan bayrağı daha əzəmətlə, daha qürurla dalğalanır. Bu gün illərdir ürəymizin yarası bildiyimiz, iftixarımız, qürur yerimiz Şuşa  dirçəlir. Bu gün həm də ona görə qürurluyuq ki, o müqəddəs torpaqlarda endirilmiş bayrağımızı xalqımızın böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyev qaldırıb.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video