Bu telekanalın Azərbaycanla bağlı irəli sürdüyü iddiaların heç bir əsası yoxdur
CNN telekanalının Azərbaycandan guya İran əleyhinə hərbi və ya kəşfiyyat fəaliyyətlərində istifadə edilməsi, habelə İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı irəlü sürdüyü iddiaların heç bir əsası yoxdur. Rəsmi Bakı da bəyan edib ki, sözügedən iddialar əvvəllər də müxtəlif platformalarda səsləndirilib və hər dəfə rəsmi şəkildə rədd edilib. Məsələ burasındadır ki, Azərbaycanın mövqeyi məqalə dərc olunmazdan əvvəl CNN tərəfinə də təqdim edilib, lakin təəssüf ki, bu mövqe materialda lazımi şəkildə nəzərə alınmayıb. Diqqətçəkən məqam odur ki, məqalədə yer alan əsas ittihamlar anonim mənbələrə istinad edir. Halbuki belə məlumatların ciddi faktlarla və müstəqil təsdiqlərlə dəstəklənməsi vacibdir. Əks halda informasiyanın obyektivliyi və etibarlılığı ilə bağlı suallar yarana bilər.
Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri bütün qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir: "Bu siyasət illərdir ki, ölkənin milli maraqlarının qorunmasına, regional sabitliyin möhkəmlənməsinə və beynəlxalq tərəfdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. İranla münasibətlər də məhz bu strateji yanaşmanın mühüm tərkib hissəsidir. Regionun həssas geosiyasi mərhələdən keçdiyi bir dövrdə bu cür dezinformasiyaların yayılması təsadüfi deyil. Son illərdə Azərbaycanın regional siyasətdə artan rolu, nəqliyyat və enerji layihələrinin genişlənməsi, həmçinin Yaxın Şərq və Cənubi Qafqaz arasında strateji əlaqələrin güclənməsi ölkəni beynəlxalq informasiya mübarizələrinin də hədəfinə çevirib. CNN-in qərəzli məqaləsi məhz bu kontekstdə dezinformasiya xarakteri daşıyır".
Deputat qeyd edib ki, bu gün İran ətrafında yaranmış gərginlik yalnız bir ölkənin problemi deyil, hər hansı genişmiqyaslı hərbi qarşıdurma regionun enerji təhlükəsizliyinə, nəqliyyat marşrutlarına, iqtisadi əlaqələrə, ümumilikdə beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər. Azərbaycan isə məhz sabitlik və təhlükəsizlikdən faydalanan ölkə kimi regionda gərginliyin artmasında deyil, onun qarşısının alınmasında maraqlıdır. Azərbaycanın İrana göstərdiyi humanitar yardım və dəstək rəsmi Tehran tərəfindən də yüksək qiymətləndirilib. "Azərbaycanın bu addımı ölkənin humanitar dəyərlərə sadiqliyini və regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı yardım prinsiplərinə önəm verdiyini nümayiş etdirir. Belə təşəbbüslər xalqlar arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlayışın artmasına və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verir. Qloballaşan informasiya məkanında media artıq yalnız xəbərləri çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına təsir göstərən mühüm aktordur. Bu səbəbdən beynəlxalq media qurumlarının təqdim etdiyi məlumatların yüksək peşəkarlıq standartlarına uyğun hazırlanması xüsusi əhəmiyyət daşıyır. İddiaların dərcindən əvvəl bütün tərəflərin mövqeyinin balanslı şəkildə təqdim olunması jurnalistikanın fundamental prinsiplərindən biridir", - deyə o əlavə edib.
K.Nurullayeva bildirib ki, Azərbaycan heç vaxt öz ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadə edilməsinə imkan verməyib və bundan sonra da verməyəcək. Bu qərəzli mövqe onu göstərir ki, dövlətlərin beynəlxalq imicinə təsir edən məlumatların yayılmasında məsuliyyət, obyektivlik və faktlara söykənmək əsas şərtdir. Bu baxımdan ortaya atılan iddiaların şəffaf araşdırılması və bütün tərəflərin mövqeyinin nəzərə alınması həm media etikası, həm də beynəlxalq etimadın qorunması baxımından vacibdir.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"