25 Mart 2022 10:39
2021
Səhiyyə
A- A+

Çərəzlər və onların faydaları

Çərəzlər - zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral tələbatını, eyni zamanda beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.

Qovurulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi ehtimalı yüksək olduğu üçün onların qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının hazırladığı maarifləndirici məqalədə bəhs olunur.

Qoz - orqanizmin ehtiyacı olan bitki tərkibli Omega - 3 yağ turşusunu təmin edən yeganə çərəz olmaqla, yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink, fosfor, E vitamini və alfa-linolenik turşusu kimi komponentlərlə zəngindir.

Qoz sinir sisteminə müsbət təsir göstərir, damarların kirəcləşməsinin qarşısının alır, xolesterol səviyyəsi və qan şəkərinin stabilləşməsinə kömək edir. Eyni zamanda lif, protein sayəsində Alzheymer xəstəliyi və şəkərli diabetin yaranmasını ləngidir, sümüklərin güclənməsi və dəri hüceyrələrinin cavan qalmasını təmin edir.

Fındığın tərkibində olan yağların 96 faizi orqanizm üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Həmçinin zülal, karbohidrat, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq immun sistemini gücləndirir, sinir sistemi, bağırsaq üçün faydalıdır, diabet riskini azaldır, orqanizmi xərçəngdən, hüceyrələri yaşlanmaqdan qoruyur, beyin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır, əzələləri gücləndirir, , toxluq hissini artırır.

Badam lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla iki növə bölünür. Təzə halda yeyilən şirin badam qənnadı sənayesində geniş istifadə olunur. Son zamanlarda qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünün alternativi kimi istifadə edilir. Ürək-damar xəstəliklərinə qarşı faydalıdır, qan təzyiqini tənzimləyir, beyinin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın acqarına istehlakı tövsiyə olunur.

Tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və proteinlə zəngin olan fıstıq həzm prosesinin yaxşılaşması, qan təzyiqinin tənzimlənməsi, immun sistemin gücləndirilməsi, qanazlığı zamanı faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət təsir etdiyindən uşaqların da istehlak etməsi faydalıdır.

İydə və innab da orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişli sayılan iydə C vitamini ilə zəngindir, soyuqdəymə və tənəffüs yolu infeksiyalarında faydalıdır. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir, sidikqovucu vasitə kimi böyrək, bəlğəm yumşaldıcı kimi isə tənəffüs orqanları xəstəliklərində müsbət təsir göstərir.

Ümumiyyətlə, bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamaq üçün yetərlidir və günün hər saatında istehlak edilə bilər.

Yaxşı çərəz bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmaması və sağlamlıq üçün təhlükəli olmasından xəbər verir.

Qablaşdırılan çərəzlər alınarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Düzgün şəraitdə saxlanmayan çərəzlərdə zəhərli toksin - aflatoksin yaranır. Aflatoksin kiflər məhsulun üzərində pambıq kimi, bəzən də rəngli şəkildə özünü büruzə verir, məhsulun gözlə görünməyən dərin qatlarına qədər nüfuz edə bilir. Həmin kiflərin səbəb olduğu zəhərlənmələr özünü qısa müddətdə göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlakı orqanizmdə sonralar ciddi fəsadlara səbəb olur. İstehlak olunmazdan əvvəl çərəzlərin mütləq yuyulması tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video