07 Avqust 2022 00:41
451
İQTİSADİYYAT
A- A+

Cəlilabadda süfrə üzümünün yığımı sürətlənir

 

Cəlilabadda üzüm tez yetişir. Elə ona görə də bu günlər gərgin əməklə hasilə gələn dadlı-ləzzətli süfrə üzümünü yığmaq üçün səhər gün çıxandan batana kimi yüzlərlə adam bağlarda çalışır.

Kimi yetişmiş salxımları dərir, kimi onu çeşidləyici məntəqəyə daşıyır,  kimi də məhsulu çeşidləyərək taralara yığır. Bax beləcə, indi hər gün Cəlilabadın üzüm bağlarından on tonlarla üzüm yığılıb bazarlara yola salınır. Yığım isə gündən-günə sürətlənir. İndiyədək 90 hektara yaxın bağdan 1030 tondan çox məhsul yığılmışdır. Orta məhsuldarlıq 120 sentnerdir. Texniki sorta gəldikdə, Cəlilabadda onun yığımına avqustun 15-dən başlanılacaq.

Cəlilabad torpağında xarici ölkələrdən gətirilmiş üzüm sortları daha çox səmərə verir. Bir neçə il əvvəl burada olan fransalı mütəxəssislər öz ölkələri ilə müqayisədə süfrə üzümü sortlarının, o cümlədən "Prima", "Atika", "Kardinal"ın Cəlilabadda daha tez, yəni 4-5 il əvəzinə 3 il ərzində bara düşdüyünü və yay aylarında "vətən"inə nisbətən tez yetişdiyini bildirmişlər. Onlar bunun əsas səbəbini havanın günəşli, torpağın münbit olması ilə əlaqələndirmişlər.

Hazırda rayonda üzüm istehsalı ilə üç müəssisə - "Avanqard", "Şərqi KO LTD" və "Vinyad" MMC-lər məşğul olur. Onlardan yalnız birinin Cəlilabadda  emal müəssisəsi var. Bundan başqa, 100-ə yaxın fermer və torpaq mülkiyyətçisi də üzümçülüklə məşğuldur. Ümumilikdə üzüm əməktutumlu sahədir. Payız, qış aylarında belə bağlarda işləmək lazım olur. Məhsul yığılandan sonra isə təmir işləri görülür. Əyilən, yıxılan dirəklər qaldırılır, tənəklərin söykəndiyi cərgəboyu uzanan məftillər ehtiyac olduqda təzələnir. Sonrakı mərhələdə cərgələrin arası yumşaldılır, tənəklər budanır və s.

Amma üzümçülükdə müəyyən problemlər, çətinliklər də var. İstehsalçılar ilk növbədə qiymətdən narazılıq edirlər. İndi nübar üzümün bir kiloqramının qiyməti plantasiyada 40-80 qəpik arasındadır. Ən keyfiyyətli üzüm 80 qəpikdən satılır. Sahibkarlar deyirlər ki, nübar məhsulun qiyməti belədirsə, bir müddət sonra qiymət lap aşağı düşəcək. Belə qiymət yalnız iş adamları üçün sərfəlidir. Onlar "yoğurmadan, yapmadan hazırca kökə" tapırlar. Məlumdur ki, hər şey bahalaşıb. Fermerlər və sahibkarlar deyirlər ki, xəstəliklərə qarşı mübarizə tədbirlərini aparmaq üçün müxtəlif preparatları qanı qiymətinə alırlar. Becərmə xərcləri də ucuz deyil. Texniki üzüm sortlarını satmaq daha çətindir. İstehsalçılar işlərini atıb müştəri axtarırlar.

Bütün bunlar deməyə əsas verir ki, kənd təsərrüfatı sahəsində bəzi məhsulların qiymətində uyğunsuzluq var. Bazar iqtisadiyyatı dediyimiz şəraitdə tələb-təklifin sərhədi bilinmir. Halbuki əkinçi ilin əvvəlində bilməlidir ki, nə qədər məhsul istehsal edəcək və kimə satacaq. Tədarük təşkilatları isə elə etməlidirlər ki, kəndli ziyana düşüb torpaqdan üz döndərməsin.

 

 Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video