24 May 2022 11:43
901
Mədəniyyət
A- A+

Bu gün görkəmli şair Abbas Səhhətin doğum günüdür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhətin anadan olmasının 148-ci ildönümü tamam olur.

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.

İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə xuda

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək,

Vətəni, məncə, unutmaq nə demək ?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu

-deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

Şairin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video