16 Dekabr 2021 02:05
1711
SİYASƏT
A- A+

Brüssel qələbəsi

 

Prezident İlham Əliyev dövlətimizin maraqlarını təmin etdi

 

İkinci Qarabağ müharibəsinin qalib və məğlubu arasında aparılan sülh danışıqları, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlərin vəziyyəti bu dəfə dekabrın 14-15-də Belçikada nəzərdən keçirildi.

Həm Soçi, həm də Brüssel görüşündə məğlub və çarəsiz görünən Nikol Paşinyandan fərqli olaraq, İlham Əliyev qalib və postmüharibə dövründə mövqeyini daha da möhkəmləndirmiş lider kimi görünürdü.

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə keçirilən üçtərəfli görüşdə olduğu kimi, Brüsseldə də şərtləri İlham Əliyev diktə etdi. Azərbaycan Prezidenti dünya birliyinin diqqətinə çatdırdı ki, məğlub ölkə götürdüyü öhdəliyi yerinə yetirməkdən açıq-aşkar boyun qaçırır. Bu da tərəflər arasında sülh sazişinin imzalanmasını gecikdirir.

 

Fəal diplomatiya, xoşniyyətli tərəfdaşlıq

 

Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan dövlətdir. Azərbaycan region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətin yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan həm öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, həm də öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də beynəlxalq təşkilatlarla - NATO, ATƏT, AŞ PA, Avropa İttifaqı, İslam Əməkdalıq Təşkilatı və digər  nüfuzlu qurumlarla fəal əməkdaşlığın həyata keçirilməsidir. Müstəqilliyinin bərpasından sonra beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə möhkəmləndirən respublikamız həm siyasi, həm də iqtisadi dividendlər qazanıb. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.

Bu qurumla Azərbaycan arasındakı son 15 ildə reallığa çevrilən iqtisadi münasibətlərə nəzər yetirsək, əlaqələrin hansı səviyyədə olduğunu aydın şəkildə görə bilərik. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticari əlaqələr təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 30 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycan Avropa İttifaqına üzv olan 9 dövlət ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu isə o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan yalnız enerji sahəsində deyil, ümumiyyətlə, təhlükəsizlik aspektində Avropa üçün çox vacib tərəfdaşa çevrilib.

Əməkdaşlığa gəlincə, respublikamız hələ 1996-cı ildən bu təşkilatla tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalayıb.

2018-ci ilin iyul ayında isə tərəflər arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını bir daha müəyyənləşdirdi.

Dövlətimizin başçısının Brüsselə bu  səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüş və Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirakı isə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına müsbət töhfəsini verdi. Həm də bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri nəzərdən keçirildi.

Ümumiyyətlə, İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində hazırda Aİ ilə demək olar ki, bütün sahələrdə əməkdaşlıq mövcuddur. Bu da onu göstərir ki, Cənubi Qafqazın lider ölkəsi dünyanın güclü təşkilatlarından biri ilə strateji xarakterli əməkdaşlıq istiqamətində ciddi addım atır.

Azərbaycan Prezidentinin Belçika səfərinə ümumi nəzər salsaq görərik ki, onun keçirdiyi görüşlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

 

Ermənistan dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi

 

Prezidentin bu səfərində əsas diqqət   Ermənistanın baş naziri Nikol Paşinyanla keçiriləcək görüşə köklənmişdi. İlham Əliyev Soçi səfərində olduğu kimi, Brüsselə də Qalib Sərkərdə kimi getmişdi. Elə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə də İlham Əliyev həqiqətləri açıqladı.

Prezident müharibədən ötən bir il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü böyük işləri göstərərək dünyaya bəyan etdi ki, Azərbaycan hər zaman olduğu kimi sülh tərəfdarıdır. Öhdəliklərin yerinə yetirilməsi də bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Ancaq görünən odur ki, Ermənistan yenə də hansısa bəhanələr uydurmaqla vaxt uzadır.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi də gündəmə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr isə davam etdiriləcək.

Həm Soçi, həm də Brüssel görüşləri bir daha təsdiq etdi ki, Azərbaycan üçtərəfli Bəyanatın imzalanmasından ötən 12 ay ərzindəki danışıqlar prosesində daim sözünə sadiq, məqsədləri və mövqeyi bəlli olan tərəf kimi çıxış edir. İlham Əliyev Belçikada da konkret olaraq tələb və istəklərini Ermənistan başda olmaqla bölgədə marağı olan bütün aktorların diqqətinə çatdırdı. Bir daha təsdiq olundu ki, Azərbaycan Zəngəzur dəhlizinin tezliklə açılmasında israrlıdır və tezliklə bu, reallığa çevriləcək. Azərbaycan Prezidentinin söylədiyi kimi - Ermənistan istəsə də, istəməsə də...

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video