02 Iyun 2022 01:23
1922
SİYASƏT
A- A+

Böyük zəfər, quruculuq, qayıdış

 

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru dünya miqyaslı dəhlizlərin salındığı, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevirir

 

27 may 2022-ci il Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri kimi salnamələrimizə qızıl hərflərlə həkk olundu. Müstəqillik bayramımızı qeyd etdiyimiz bu əlamətdar günlərdə Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə Ağalı kənd sakinləri də iştirak etdilər və doğma kəndlərinə qovuşacaqlarının sevincini yaşadılar.

Bəli, artıq Zəngilanın Ağalı kəndinin timsalında böyük qayıdışın qürurlu addım səsləri yaxından eşidilməyə başlayıb...

 

Gələcəyi öz əllərimizlə yaradırıq

 

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilir, cəmi il yarım əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır.

Azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.

İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

Buna görədir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır. Mənfur ermənilərin işğal dövrü ərzində divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan səsi ucalır.

 

Zəngilanı Naxçıvanla birləşdirən yol

 

Qarabağ və Şərqi Zəngəzurda yeni həyat üçün görülən qürurverici işləri Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə həmin bölgələrə səfərləri zamanı daha yaxından görürük.

Təkcə ötən il dövlət başçısı azad edilən yurdlarımıza 32 dəfə səfər etmişdi. Həmin səfərlərin hər birində ölkəmizin rəhbəri Qarabağda və Şərqi Zəngəzurda əbədi həyatın var olması üçün öz əlləri ilə möhkəm təməllər, bünövrələr, özüllər  atıb, şəhərlərimizin baş planlarını təsdiq edib. 

Cari ilin ötən 5 ayı ərzində də dövlət başçısı bu müstəsna ənənəni davam etdirib və həmin bölgələrə səfərlər edərək yeni-yeni uğurlu quruculuq işlərinə imza atıb. Bu baxımdan mayın 26-da və 27-də Müstəqillik günümüz ərəfəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də xüsusi əhəmiyyəti ilə diqqət çəkdi.

Dövlət başçısı və birinci xanım ilk öncə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış oldular.

Tikintisinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulan bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

 

Cəbrayılda Soltanlı stansiyasının təməli qoyuldu

 

Səfər zamanı dövlət başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində də iştirak etdilər. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Bu yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.

Təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən, yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Soltanlı stansiyasında sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar da yaradılacaq.

Cəbrayılda "Azərenerji" ASC-nin 330/110 kilovoltluq "Cəbrayıl" enerji qovşağının təməlqoyma mərasimi də həyata keçirildi. Enerji qovşağının təməlini qoyan dövlət başçısına məlumat verildi ki, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, "Xudafərin" və "Qız Qalası" Su-Elektrik stansiyalarının, o cümlədən "bp Cəbrayıl" Günəş-Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq "Cəbrayıl" yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

Diqqətə çatdırıldı ki, "Cəbrayıl" yarımstansiyasının rəqəmsal idarəetmə sistemi də yaradılacaq.

 

Qarabağ mühüm nəqliyyat qovşağına çevrilir

 

İşğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri Laçın rayonu ərazisində inşa olunur, digəri isə Zəngilan hava limanı olacaqdır.

Mayın 26-da Zəngilan rayonuna səfər edən dövlət başçısı və birinci xanım  beynəlxalq hava limanında aparılan tikinti işlərinin gedişi ilə də tanış oldular. Artıq perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam etdirilir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən də ağır yük təyyarələrini qəbul edəcək.

Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

 

Zəngilan məscidi sürətlə tikilir

 

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.

44 günlük Vətən müharibəsi sayəsində işğaldan azad edilən Zəngilandakı tarixi, memarlıq abidələri də erməni vandallığından qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.

Prezident və birinci xanım "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə də tanış oldular.

Zəngilan məscidinin bərpasının təməl daşı dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.

İşğaldan azad edilən rayonlarımızda şanlı Vətən müharibəmizi, o cümlədən barbar ermənilərin vəhşi əməllərini əks etdirən Zəfər və İşğal muzeyləri komplekslərinin yaradılması da özünəməxsus əhəmiyyət kəsb edir.

Elə Zəngilanda da dövlət başçısı tərəfindən İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu. İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq.

 

Gələcəyin şəhəri

 

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura budəfəki səfəri həm də Zəngilan şəhərinin Baş planını təsdiq etməsi ilə əlamətdar oldu.

Dövlət başçısına təqdim olunan Baş plan  bu sahədə böyük təcrübəyə malik olan nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin "sa_partners" şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

Baş planda diqqətçəkən daha bir nüans onun konseptual əsasını "rahat yaşayış", "yaşıl və təmiz", "mütərəqqi innovasiyalar" kimi şəhər yanaşmalarını təşkil etməsidir. Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasına imkan yaradacaq. Burada "ağıllı şəhər" yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

"Sa_partners" şirkətinin nümayəndələri ilə söhbət zamanı Prezident İlham Əliyev də xüsusilə vurğuladı ki, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik: "Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır".

 

Müasir mütərəqqi texnologiyalara əsaslanmış möhtəşəm məkan

 

Mayın 27-də isə 30 illik intizardan sonra, nəhayət Vətən torpaqlarımıza qayıdışın başlanğıcı qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər və burada yaradılan şəraitlə tanış oldular.

Ağalıda olarkən dövlət başçımız özü də vurğuladı ki, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük.

Həqiqətən də Ağalı kəndi bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ilk "ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkandır.

Eyni zamanda Ağalı bu torpaqlarda əbədi sülhün bərqərar olduğunun əyani təzahür ünvanıdır. 

Təsadüfi deyil ki, Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Böyük rəmzi mənası olan bu fəvvarəni də Qarabağın və Şərqi Zəngəzurun xilaskarı İlham Əliyev işə saldı.

Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi də yaradılıb. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək.

 

"Ağıllı kənd" üçün "ağıllı həllər"

 

Kənd ağıllı idarəetmə mərkəzi (situasiya mərkəzi) ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, "ağıllı kənd" üçün "ağıllı həllər" də nəzərdə tutulub. Məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksək sürətli internetdir. Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyaları, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri də var.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Dövlət başçısı Ağalı kəndində "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldu.

 

Ağalı - bəxtiyar diyar

 

Mayın 27-də Zəngilanın Ağalı kəndində baş tutan daha bir əlamətdar hadisə isə İlham Əliyevlə Ağalı kənd sakinlərinin görüşü oldu.

 Görüş zamanı dövlət başçısı xüsusilə vurğuladı ki, Müstəqillik günü ərəfəsində dirçələn Ağalı kəndində görüşmələrinin çox böyük rəmzi mənası var: "Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan, ümumiyyətlə, görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir".

Bəli, 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm də 30 il idi ki, barbar ermənilər tərəfindən talan edilən, viranəyə çevrilən yurdlarımızı bərpa-quruculuq meydanına çevirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, onlara həyat qayıdır. Onilliklər boyu yurd həsrəti ilə yaşayan vətəndaşlarımızın qısa müddət ərzində öz dədə-baba torpaqlarına qovuşdurulması üçün böyük işlər həyata keçirilir.

Və Zəngilanın "ağıllı kəndi"Ağalı da bu böyük qayıdışın ilk ünvanı, doğma sakinlərinə əbədi qovuşan ilk bəxtiyar diyar oldu.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video