10 May 2022 00:20
510
SİYASƏT

Böyük Qayıdışın təməllərini yaradan lider

 

Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini İlham Əliyev qətiyyət və müvəffəqiyyətlə reallığa çevirir

 

44 günlük şanlı Vətən müharibəsi yüz minlərlə məcburi köçkün vətəndaşımızın da həyatında yeni səhifə açıb. Artıq həmin insanların 30 illik həsrət, nisgil, intizar, vətəndə qəribçilik adlı kədərli, qüssəli, qəmli ömür səhifəsi qapanıb...

İndi bu insanlar tezliklə Vətənə qovuşacaqlarının sevinci içərisindədirlər...

Bu Böyük qayıdışın təməlinin müəllifi Heydər Əliyev, bu müqəddəs missiyanı uğurla həyata keçirən isə İlham Əliyevdir...

 

Qaçqın və məcburi köçkünlərin problemi birnömrəli problem elan edildi

 

"İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,  köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri  bizim üçün və şəxsən mənim üçün birnömrəli problemdir..." Xalqının düçar olduğu qaçqınlıq, məcburi köçkünlük bəlasını birnömrəli problemi hesab edən Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan sözügedən problemin həlli istiqamətində ardıcıl və uğurlu siyasət həyata keçirməyə başladı. Öncə yurd-yuvasından didərgin salınmış soydaşlarımızın mənzil-məişət, sosial problemlərinin yüksək səviyyədə həll olunması istiqamətində əhəmiyyətli işlərə imza atdı.

Ulu Öndərin əsasını qoyduğu uğurlu neft strategiyası sayəsində  əldə edilən ilk vəsait də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, ən əsası isə insanlarımızın acınacaqlı vəziyyətdə yaşamağa məcbur olduğu çadır düşərgələrinin ləğvinə başlanıldı.

Ümummilli Lider çıxışlarının birində bu problemə toxunaraq həmin insanların ağrılarını dərindən duyduğunu ifadə edərək demişdir: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir.” 

 

Həssas yanaşma, yüksək qayğı

 

Məhz Heydər Əliyevin müstəsna diqqəti sayəsində yurd-yuvasından didərgin salınmış soydaşlarımızın qayğı və problemlərinin həlli dövlətimizin prioritet siyasətinə çevrilmişdi. Qaçqın və məcburi köçkünlərin sosial problemləri daim Ulu Öndəri narahat edirdi. Buna görə də dəfələrlə çadır şəhərciklərinə yollanır, orada yaşayan insanların şəraitləri ilə şəxsən tanış olur, problemlərin həlli istiqamətində mümkün olan bütün işləri görürdü. Həmin dövrdə qaçqın və məcburi köçkünlər beynəlxalq humanitar yardım alır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilirdi.

Həmçinin 7 sentyabr 2001-ci ildə Ulu Öndərin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 13 may 2002-ci il "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.

 

Böyük dayaq

 

Heydər Əliyev əlamətdar günlərdə, bayramlarda məcburi köçkünlərin yanında olur, onlara mənəvi dəstəyini  göstərirdi. 1999-cu ildə Novruz bayramı ərəfəsində Biləsuvardakı çadır düşərgəsində cəbrayıllı məcburi köçkün gənclərin toyunda Ulu Öndərin iştirak etməsi, gənc ailə ilə birgə qol götürüb oynaması xoş xatirə kimi yaddaşlarda silinməz izlər buraxıb.  

Ümumiyyətlə, Ulu Öndərin çadır şəhərciklərinə gəlməsi, məcburi köçkünlərlə görüşməsi həmin insanlara böyük sevinc bəxş edir, ən ümdəsi Vətənə qayıdış inamlarını sönməyə qoymurdu. Böyük lider Heydər Əliyev bütün nitqlərində, çıxışlarında, məcburi köçkünlərlə olan söhbətlərində hər zaman bu məsələ ilə bağlı danışır, bir gün mütləq işğal altındakı torpaqlarımızın azad olunacağına və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əminliyini, inamını bildirirdi. 

1998-ci ilin 20 martında Mərdəkandakı "Abşeron" Sanatoriyasında Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində Ulu Öndər nitqində bu böyük inamı belə dilə gətirmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

 

Cəmi 4 il ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olundu

 

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini Prezident İlham Əliyev də fəaliyyətinin ilk günündən ən başlıca vəzifələrindən biri kimi müəyyən etmişdi.  Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində İlham Əliyevin proqramının tərkib hissəsi məhz bu məsələ idi. İlham Əliyev söz vermişdi ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və cəmi 4 il ərzində, 2007-ci ildə bu böyük hədəfə nail olundu. Həmin vaxta qədər ölkənin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, həmçinin uzun illər vaqonlarda, vaqonların altında yaşayırdılar. 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı.

Ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olundu, həmçinin məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapdı.

2020-ci ilin 28 mayında isə Prezident İlham Əliyev məcburi köçkünlərə 111-ci hədiyyələrini etdi. Bakının Qaradağ rayonunda 1336 məcburi köçkün ailəsi üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışındakı çıxışında isə İlham Əliyev xüsusilə bir məsələyə diqqət çəkdi. Dövlət başçısı vurğuladı ki, bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq...

 

Gün o böyük gün oldu

 

Həmin çıxışın üzərindən cəmi bir neçə ay ötdükdən sonra isə xalq olaraq arzularımızın, xəyallarımızın gerçəkləşdiyi günlər yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev doğma Qarabağımıza güclə yiyələnmək istəyən faşist xislətli işğalçıları cəmi 44 gün ərzində "Dəmir yumruğ"unun zərbəsi ilə qarşısında diz çökdürdü. Azərbaycana Zəfər sevinci yaşatdı, doğma yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən həsrətinə son qoydu.

Bəli, vaxtilə Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini onun layiqli davamçısı Müzəffər Komandan İlham Əliyev qətiyyət və müvəffəqiyyətlə reallığa çevirir. İndi dövlət başçısı İlham Əliyevin birbaşa diqqəti və nəzarəti altında əzəli yurdlarımızda genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Başdan-başa quruculuq meydanına çevrilən Qarabağ, Şərqi Zəngəzur tezliklə doğma övladlarına qucaq açacaq, bu yerlərdə həyat əbədi axarına düşəcək.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video